Məhkəmə qərarları › İş №8(106)-79/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-79/2025

30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-79/2025 30.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi ilə, X3 və X1 ibarət məhkəmə tərkibində, Ağcabədi Rayon Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli 2(017)-2096/2015 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə ərizəçi Tələbkar ərizəsi üzrə Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(017)-20/2025 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Ərizəçi Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli, 2(017)-2096/2015 nömrəli qətnaməsi əsasında 31 oktyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş aliment miqdarının bu günə olan minimum əmək haqqı miqdarına indeksasiya edilərək minimum əmək haqqının 0,75 misli miqdarında təyin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli 2(017)-2096/2015 nömrəli qətnaməsi əsasında 31 oktyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 75 manat sabit pul məbləğində alimentin ərizəçinin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamənin qəbul edilməsindən hazırkı tarixədək 9 il müddət keçmişdir. Həmin müddət ərzində ölkə üzrə yaşayış minimumu, qida məhsullarının qiyməti, geyim məhsullarının qiyməti və s. artsa da, Borclu uşağın saxlanması üçün alimentdən başqa heç bir maddi dəstək göstərməmişdir. Hazırda ərizəçi uşağın maddi təminatını təyin olunan aliment məbləği ilə ödəməkdə çətinlik çəkir. Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(017)-20/2025 nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli 2(017)-2096/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, 31 oktyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Borclu şikayət verərək Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərardadının dəyişdirilməsini, alimentin indeksasiya olunmaqla, 31 oktyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilir ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə tərkibi iş materiallarını və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi yekun hüquqi nəticəyə gələrkən qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir və məhkəmənin gəldiyi hazırkı nəticə ilə razılaşır. Beləliklə, məhkəmə tərkibi yekun olaraq hesab edir ki, şikayət əsassız olmaqla qərardadın ləğv edilməsinə əsas ola bilməz və ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə tərkibi tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, hazırkı qərarın mövcudluğu onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(017)-20/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar