Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-8/2024 02.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 8(036)294/2023 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, icra sənədi üzrə icraatın davam etdirilməsi üçün icra sənədinin icra və probasiya şöbəsinə qaytarılmasını xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, o, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı icra sənədinə əsasən “İmişli Rayon Mərkəzi Xəstəxanası”nın TTTY şöbəsinin sürücü vəzifəsinə bərpa olunmalı və bərpa olunan günədək əvvəlki vəzifə ilə qanunsuz keçirilən vəzifə arasındakı əmək haqqı fərqi ödənilməlidir. İcra tədbirəri nəticəsində o işinə bərpa edilmiş və əmək haqqı fərqi qismən ödənilmişdir. Bundan sonra İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Halbuki, əvvəlki işində ona avtomobil təhkim olunmuş və o, sürücü kimi gündüz və gecə növbəsində işə çıxmış, zəruri hallarda isə rayondan kənara ezam olunmuşdur. Buna görə də ona əlavə əmək haqqı hesablanmışdır. Lakin, xx.xx.2023cü il tarixdə onun iştirakı olmadan ona təhkim olunmuş avtomobil başqa şəxsə təhkim olunmuşdur. Sürücü kimi işinə bərpa olunduğu vaxtdan hazırkı vaxtadək vəzifəsi formal olaraq sürücü kimi qalmış, özü isə sürücü kimi işləməmiş, heç bir işə buraxılmamışdır. Ona görə də hesab edir ki, İmişli rayon icra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilməlidir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında borclu “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X6 izahat verərək göstərdi ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 09 fevral 2023-cü il tarixli əmri ilə X7 əvvəlki işinə bərpa olunmuş və əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi ona tam şəkildə ödənilmişdir. Belə ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən sürücülərin növbətçilik cədvəlləri tərtib olunmuş və cədvəl əsasında onlara, o cümlədən X5 ay ərzində 5-6 dəfə şəhərdaxili yol vərəqəsi verilir. X1 dəfə 13 aprel 2023-cü il tarixdə şəhərdaxili yol vərəqəsi verilmişdir. X4 əmək müqaviləsində ona hər hansı nəqliyyat vasitəsinin təhkim olunması nəzərdə tutulmamışdır. Sürücülərə nəqliyyat vasitəsinin təhkim olunması xəstəxana rəhbərliyinin səlahiyyətləri daxilindədir. Xəstəxana rəhbərliyi xəstəxananın balansında olan hər hansı bir nəqliyyat vasitəsini istənilən sürücüyə təhkim edə və ondan ala bilər. Əmək haqqı fərqinə gəldikdə isə X7 məzuniyyətdə olduğu dövrlərin pulunu əvvəlcədən aldığından, əmək haqqı fərqi ödənilərkən ona məzuniyyətdə olduğu dövrlərin əmək haqqı ödənilməmişdir. Bu barədə müvafiq sənədlər İmişli rayon icra və probasiya şöbəsinə təqdim edilmiş və bundan sonra İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də, şikayət əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X10 izahat verərək göstərdi ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər Kazımovun 09 fevral 2023-cü il tarixli əmri ilə X7 əvvəlki işinə bərpa olunmuş və əvvəlki vəzifəsi ilə hazırkı vəzifəsi arasındakı əmək haqqı fərqi ona tam şəkildə ödənilmişdir. Ona görə də o, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Hesab edir ki, qəbul etdiyi qərar qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. İmişli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 8(036)294/2023 saylı (Hakim: Telman Quliyev) qərardadı ilə, X2nun İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Qərardaddan narazı qalan X2 tərəfindən şikayət verilmişdir. İmişli Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 8(036)294/2023 saylı (Hakim: Telman Quliyev) qərardadı ilə, İmişli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 8(036)294/2023 saylı qərardadından X2 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar MPM ilə tənzimlənmədiyindən, Prosessaul Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, kollegiya qərardaddan verilmiş şikayətin prosessual əsaslarını MPM-in 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İmişli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 8(036)294/2023 saylı qərardadından X2 tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 396-cı maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir. Məhkəmə kollegiyası verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, X7 tərəfindən verilmiş şikayət imza edilsə də, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu maddənin tələblərinə əməl edilməməsi Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması üçün əsasdır. Kollegiya qeyd edir ki, şikayət verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. X3 tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil məhz kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmalıdır. Çünki qanunun bu tələbinə əməl edilməməsi şikayətin geri qaytarılması üçün əsasdır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən verilmiş şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, qərardaddan verilmiş şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya onu da qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə qərardadlardan verilmiş şikayətə yazılı icraat qaydasında baxıldığından və həmin şikayətlər üzrə qəbul edilmiş qərardadlardan şikayət verilmədiyindən hazırkı qərardaddan da şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İmişli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 8(036)294/2023 saylı qərardadından X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialı şikayətinin yuxarıda qeyd olunan prosessual məcəllənin tələblərinə uyğun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-8/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-8/2024
02.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver