Məhkəmə qərarları › İş №8(106)-80/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-80/2023

23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-80/2023 23.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 8(049)186/2023 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 348/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə borclu xx.xx.1992-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küç., ev 18A-da qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 8(049)186/2023 saylı qərardadı ilə, təqdimatın təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə, xx.xx.1992-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küç., ev 18A-da qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermişdir. Lənkəran Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 8(049)186/2023 saylı qərardadı ilə, Borclu tərəfindən verilmiş şikayət təmin edilməsi, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(049)-186/2023 saylı qərardadı ləğv edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə xx.xx.1992-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küç., ev 18A-da qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimatın təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Tələbkar şikayət vermişdir. Lənkəran Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 8(049)186/2023 saylı qərardadı ilə, Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(049)-186/2023 saylı qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 8(049)-186/2023 saylı qərardadından icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 267-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)- 348/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 3750 manat borc pul, mənəvi ziyana görə 1500 manat məbləğində pul, dövlət rüsumu kimi ödənilmiş 59 manat pul alınaraq iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-348/2023 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin Borclu ünvanladığı 05 may 2023-cü il tarixli bildirişin surətindən görünür ki, borcluya tələbi könüllü icrası üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan şikayətə əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, Borclu tərəfindən müvafiq icra sənədi üzrə Tələbkar xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixində 425.50 manat, xx.xx.2023-cü il tarixində 1500 manat olmaqla, ümumilikdə 3425.50 manat ödəniş etmişdir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə kollegiyası hazırkı işin hallarını nəzərə alaraq bildirir ki, 06 may 2023-cü il tarixdə icraatına başlanılmış icra vərəqəsi üzrə borclu cari ilin iyun, iyul və avqust aylarında tələbkarın hesabına müvafiq ödənişlər etməklə icra sənədində göstərilən məbləğin əhəmiyyətli hissəsinin ödənilməsini təmin etmişdir. Bu da öz növbəsində borclunun məhkəmə qətnaməsinin icrasından boyun qaçırmadığını göstərir. Belə olan halda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra vərəqəsinin icrasına xidmət edən icra tədbiri kimi çıxış etmir, əksinə, borclunun hərəkət azadlığı hüququnu məhdudlaşdırır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və ədalətli olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə ümumi dəyərləndirmə apararaq yekun olaraq hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan Lənkəran Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 8(049)186/2023 saylı qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 8(049)186/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar