Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-88/2025 07.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət məhkəmə tərkibində, Laçın Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli 8(047)-11/2025 saylı qərardadından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar Borclu qarşı «ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qətnaməsi ilə Borclu sabit pul məbləğində tutulan alimentin məbləğinin indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadına əsasən Laçın Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qətnaməsi üzrə «ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsinə» dair Tələbkar ərizəsinin təmin edilməsi, qətnamə üzrə 20 noyabr 2023-cü il tarixdən başlayaraq Borclu xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində tutulan alimentin miqdarı indeksasiya edilməklə xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində alimentin tutulması kimi müəyyən edilməsi qərara alınmışdır. Tələbkar şikayət ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadının ləğv edilməsini və alimentin 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının indeksasiyasına uyğun olaraq qanunamüvafiq formada alimentin müəyyən edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 04 iyun 2025-cü il tarixli qərardadı ilə Laçın Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, həmin qərardadın dəyişdirilmədən saxlanılması, şikayətin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan: Laçın Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, 20 noyabr 2023-cü il tarixdən başlayaraq Borclu xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulub Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. MPM-in 110.1.-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-2-ci yarımbəndə qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Ərizəçi Tələbkar şikayətində qeyd etmişdir ki, qərarla razılaşmır. Ona görə ki, minimum əmək haqqı məbləğinin 0.49 misli çox az məbləğdir. Halbuki, ölkə üzrə minimum məbləğ 246 manatdır. O, övladına təkbaşına baxır. Borclu 170 manat məbləğdə puldan başqa övladına bir manat da olsa, əlavə maddi yardım göstərmir. Ata kimi tək vəzifəsi 170 manat məbləğində müəyyən olunmuş aliment pulunu ödəməkdir. Onun imkanı yaxşıdır və istəsə əgər övladına yüksək məbləğlə aliment pulu ödəyə bilər. Məhkəmə tərkibi iş materiallarını və təqdim olunan dəlilləri təhlil edərək müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Laçın Rayon Məhkəməsinin 2(047)- 88/2024 saylı, 29 may 2024-cü saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya məsələsinə baxmış, alimentin miqdarının dəyişdirilməsi ilə bağlı mübahisəni araşdırmamışdır. Qanunvericiliyə əsasən aliment məbləğinin indeksasiyası onun miqdarına yenidən baxılması ilə eyni hüquqi mahiyyət daşımır və müvafiq prosessual çərçivədə həll edilməlidir. Belə ki, indeksasiya aliment məbləğinin artırılması və ya azaldılması məsələsindən fərqli olaraq, yalnız məhkəmə qərarında nəzərdə tutulmuş mexanizmə uyğun olaraq həyata keçirilir və ayrıca iddia predmeti kimi qiymətləndirilə bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsinin ərizəni təmin etməsi hüquqi cəhətdən əsaslı və qanunauyğun hesab edilir. Məhkəmə tərkibi onu da qeyd edir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Bu baxımdan, Tələbkar alimentin artırılması ilə bağlı ümumi qaydada məhkəməyə müraicət etmək hüququ istisna olunmur. Məhkəmə tərkibi iş materiallarını və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi yekun hüquqi nəticəyə gələrkən qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir və məhkəmənin gəldiyi hazırkı nəticə ilə razılaşır. Bununla yanaşı, tərkib dispozitivlik prinsipini əsas tutaraq diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin qərardadını şikayətin dəlilləri üzrə yoxlayarkən onun ləğvi üçün əsaslar müəyyən etmir. Buna görə də, ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli 8(047)-11/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-88/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-88/2025
07.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver