Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-90/2023 13.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(073)-264/2023 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(073)-358/2023 saylı qətnaməsində göstərilən borcun ödənilməsi üçün ona 6 ay müddətində möhlət hüququnun verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(073)-358/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 10000 manat borcun və 126 manat dövlət rüsumunun alınıb iddiaçı X8 ödənilməsi qət edilmişdir. Qətnamə 21 iyun 2023-cü il tarixində çıxsa da, ona 09 avqust 2023-cü il tarixində təqdim olunmuşdur. Lakin icraata başlamaq haqqında qərar 07 avqust 2023-cü il tarixdə çıxarılmışdır. Onun qətnaməni aldığı vaxtdan bir ay ərzində həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ var. Həmin müddət başa çatdıqdan sonra, əgər qətnamədən apellyasiya şikayəti daxil olmamışdırsa, həmin qətnamə icraya yönəldilməlidir. Borclu Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Onun qətnamənin çıxarılmasından xəbəri olmamış və məhkəmə prosesində iştirak etməmişdir. İcra şöbəsindən ona bildiriş gəldikdən sonra onun həmin qətnamədən məlumatı olmuşdur. O, kənd təsərrüfatı ilə məşğul olduğundan ancaq hər məhsul yığımından sonra onun əlində pul olur. Borclu məhkəmə qətnaməsi ilə 10000 manat borcunu öyrəndikdən dərhal sonra yay mövsümündə götürdüyü məhsulu sataraq həmin 10000 manat borcdan 3000 manatını ödəmişdir. Yəni, o, icra şöbəsindən bildirişi alan kimi əlində olan məbləğin hamısını gətirib ödəniş etmişdir. Hal-hazırda o, məhsul əkmiş və yaz məhsulunu gözləyir. Həmin məhsulu götürən kimi tələbkar Taleh Həsənova qalan 7000 manat borcunu tam şəkildə ödəyəcək. Borclu heç bir yerdə işləmir və hazırda ailədə yeganə qazanc gətirən şəxsdir. Təsərrüfatdan başqa gəlir yeri yoxdur. Ona görə də həmin borcun tam şəkildə ödənilməsi üçün 6 aylıq möhlət hüququnun verilməsinə dair qərardad çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(073)-264/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) X4 Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(073)-358/2023 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan X1 şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(073)-264/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətini ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə heç bir əsas olmadan onun ərizəsini əsaslı hesab etməyərək təmin etməmişdir. Bu baxımdan hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı əsassızdır. Cəlilabad Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 8(073)-264/2023 saylı qərardadı ilə X4 Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(073)- 264/2023 saylı qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(073)-264/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(073)- 358/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, cavabdeh X3 borca görə 10000 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manatın alınıb iddiaçı X8 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə surəti olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 07 avqust 2023-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, həmin qərarla Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-358/2023 saylı, 21 iyun 2023-cü il tarixli icra sənədi ilə bağlı iş üzrə icraata başlanılmışdır. İşdəki Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən X1na ünvanlanmış 07 avqust 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 07 avqust 2023-cü il tarixli qərarla icraatına başlanılan Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 358/2023 saylı, 21 iyun 2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün ona 10 gün müddətində vaxt verilmişdir. Bildirişdə aparılmış qeydə görə, o, 23 avqust 2023-cü il tarixində borclu tərəfindən qəbul edilmişdir. İşdəki X2nun Cəlilabad rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 03 oktyabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, o bildirmişdir ki, bu vaxta qədər borclu ona 3000 manat ümumi borcdan qaytarmışdır. Lakin qalan 7000 manatı qərəzli olaraq qaytarmaq istəmir. O, borclunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(073)-264/2023 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında X1 və X2 çıxış etmişlər. X13 həmin məhkəmə iclasında öz ərizəsinin məzmununa uyğun izahat vermişdir. X2 isə öz izahatında bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2023cü il tarixli, 2(073)-358/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Cəlilabad rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlanılmış, borcluya 10 gün könüllü müddət təklif edilmiş, lakin borclu icra vərəqəsini tam icra etməmişdir. Borcluya dəfələrlə məhkəmə qətnaməsindən əvvəlki dövrdə və qətnamə çıxarıldıqdan sonrakı dövrdə vaxt verməsinə baxmayaraq, o, borclu olduğu pulu qaytarmaqdan qəsdən yayınmışdır. Borclu hər dəfə onu aldadıb, payız məhsulunda, yaz məhsulunda borcu qaytaracağını deyərək, hər dəfə yalan vədlər verərək, pulunu verməmişdir. Borclu özü dediyi kimi əkin əkir, iş görür, ondan aldığı pulla özünə xeyli mal-qara almışdır. Lakin tələbkar özü pulu ala bilmədiyindən dolanışığı üçün heç bir iş görə bilmir. Borclu icra vərəqəsini qəsdən icra etmir. Ona görə də ərizənin təmin edilməməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Qeyd edilənlərə uyğun olaraq, məhkəmə kollegiyası belə hesab edir ki, borclunun şikayətinin dəlilləri məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi üçün müstəsna hallar kimi dəyərləndirilə bilməz. Belə ki, borclu məhsul əkdiyini, yaz məhsulunu gözlədiyini, qətnamə üzrə qaytarılması qət olunmuş borc məbləğindən 7000 manat pulu növbəti məhsul biçimi zamanı ödəyəcəyini bildirmiş olsa da, hazırda həqiqətən də məhsul əkməsinə və həmin məhsuldan təxminən hansı məbləğdə gəlir götürəcəyinə dair hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, borclu öz ərizəsində əvvəlki yığım zamanı əldə etdiyi məhsulu 3000 manata sataraq həmin pulu 10000 manat borcundan ödədiyini bildirmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, qətnamə üzrə borcun ödənilməmiş qalan məbləği 7000 manat təşkil edir və bu səbəbdən də məhkəmə kollegiyası bildirir ki, borclunun yalnız bir məhsul yığımı nəticəsində qalan 7000 manat məbləğində borcunu ödəyə biləcəyi iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa, birinci instansiya məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli iclasında iştirak edən tələbkar öz izahatında borclunun ona qətnamə qəbul edilməzdən əvvəl və sonra hər dəfə növbəti məhsulu gözlədiyini bildirərək yalan vədlər verdiyini və onu aldatdığını qeyd etmişdir. Həmçinin, tələbkar icra şöbəsinə yazdığı ərizəsində borclunun qətnamənin icrasından qəsdən yayındığını qeyd edərək onun barəsində tədbir görülməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, borclunun ərizəsi təmin edilərək ona qətnamənin icrası üçün 6 aylıq möhlətin verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadacaqdır. Bu baxımdan, məhkəmə kollegiyası şikayəti əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən hüquq normalarına düzgün riayət edilmişdir. Bu baxımdan borclu tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(073)-264/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(073)-264/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-90/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-90/2023
13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver