Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-91/2023 18.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(053)-13/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3999/2008 saylı, 10 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Borclu 12000 ABŞ dollarının manatla məzənnəsi tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 19 may 2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlanılmışdır. Həmin icra sənədinin icrası ilə bağlı Borclu bildiriş göndərilmiş və onun izahatı alınmışdır. İcra sənədinin icrası ilə bağlı Borclu əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədi ilə sorğular edilmiş, lakin onun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmamışdır. Şöbə tərəfindən görülmüş icra tədbirləri nəticəsində Borclu Tələbkar halhazıradək ümumilikdə 5340 manat pul ödəmişdir. Lakin Borclu dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, hal-hazıradək qalan borcunu ödəməmişdir. Borclu Azərbaycan Respublikası ərazisini tərk etməməsi üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul olunması xahiş edilmişdir. Neftçala Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(053)-13/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Samir Quliyev) təqdimat təmin edilmiş, 01 avqust 1963cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(103)-3999/2008 nömrəli icra sənədi üzrə borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(053)-13/2023 saylı qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, onun qeydiyyat ünvanının Neftçala şəhəri, Məhəllə 6, ev 16 olmasına baxmayaraq, təqdimatda borclunun faktiki ünvan 2 ünvanında yaşadığı qeyd edilmişdir. Nəticədə məhkəmədən 2 gün sonra ona məhkəmə bildirişi gəlmişdir. Borclu dəfələrlə icra məmurunun yanında olmuş və icra məmuru onun Neftçalada yaşadığını bilir, lakin qəsdən qızının ünvanını qeyd etmişdir. Təqdimatın məhkəməyə verilməsindən 3 gün öncə də borclu icra məmurunun yanında olmuş, lakin o, bu zaman təqdimat verdiyini və 14 avqust 2023-cü il tarixində məhkəmə olacağını deməmişdir. Bununla da borclunun müdafiə hüququ pozulmuşdur. Qərardadda qeyd edilmişdir ki, borclu Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(103)- 3999/2008 saylı icra sənədi üzrə cəmi 5340 manat pul ödəmişdir. Borclu icra sənədi üzrə ümumilikdə 10500 manat pul ödəmişdir. Geri qalanını da ödəməyə davam edir. Belə ki, tələbkar ilə aralarında razılıq olmuş və nəticədə Tələbkar xx.xx.2021-ci il tarixli ərizə təqdim edərək, aylıq 200 manat ödəyəcəyini bildirmişdir. Göründüyü kimi, borclu tələbkar ilə olan razılaşmanın əsasında davamlı ödənişlər edir, lakin buna baxmayaraq, onun barəsində təqdimat təmin edilir. Şikayətə əlavə olunan epikrizlərdən də göründüyü kimi, borclunun qızı və nəvəsi ağır xəstədir. Borclu yalnız onların müalicəsi üçün ölkəni tərk edə bilər. Ona görə xaricə çıxışının məhdudlaşdırılması insan həyatı bahasına ola bilər. Şikayətə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 8(053)-13/2023 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 8(053)-13/2023 nömrəli iş üzrə 14 avqust 2023-cü il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpasına dair Borclu münasibətdə bərpa edilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(053)-13/2023 saylı qərardadı ilə şikayət rədd edilmiş, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 14 avqust 2023-cü il tarixli qərardadı qüvvəsində saxlanılmış, qərardadın surətinin 8(053)-13/2023 nömrəli işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(053)-13/2023 saylı qərardadı ləğv edilməli, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixində verilmiş 2(103)-3999/2008 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu əsas borc 12000 ABŞ dollarının manatla məzənnəsi tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan Neftçala rayon İcra və Probasiya şöbəsinin 19 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(103)-3999/2008 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Neftçala rayon İcra və Probasiya şöbəsinin Borclu ünvanladığı 19 may 2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3999/2008 saylı, 10 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən 12000 ABŞ dollarını Tələbkar könüllü ödəməsi üçün Borclu 10 gün müddət verilmişdir. İş materiallarında olan Neftçala rayon İcra və Probasiya şöbəsinin Borclu ünvanladığı 27 fevral 2023-cü il tarixli, 14 aprel 2023-cü il tarixli və 30 may 2023-cü il tarixli məktublardan görünür ki, borcluya borcunun 10 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarının 65-ci vərəqində olan Tələbkar tərəfindən Neftçala rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış və 13 dekabr 2021-ci il tarixində şöbəyə daxil olmuş ərizənin surətindən görünür ki, hal-hazırda Borclu Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli icra sənədi üzrə borcundan 3600 manat qaytarmışdır. Qalan məbləği öz aralarında razılığa gələrək hər ay 200 manat olmaqla tələbkara qaytaracaqdır. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması "İnzibati icraat haqqında" Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Məsələyə dair Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir (Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə 20 sentyabr 2016-cı il tarixli Qərar, § 32). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun, o cümlədən mütəmadi icra edilməli olan öhdəliklər üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır. Həmin Qərarda qeyd edilir ki, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Həmin Qərarda göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Əks halda, tələbkar və borclunun hüquq və qanuni maraqları əsassız məhdudlaşdırıla, onlar arasında tələb olunan ədalətli balans pozula bilər. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri sayır ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun əsaslandırılmış təqdimatı əsasında həyata keçirilə bilər. Lakin hazırkı iş üzrə Neftçala rayon İcra və Probasiya şöbəsinin təqdimatından göründüyü kimi, təqdimatda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması növündə icra tədbirinin tətbiq edilməsinin zəruriliyi və icra sənədi üzrə borcun ödənilməsinə hansı şəkildə xidmət edəcəyi ilə bağlı əsaslandırma aparılmamışdır. İcra sənədi üzrə ödənilməli olan borcun bir hissəsinin ödənilməmiş qalması isə özlüyündə bu cür tədbirin tətbiq edilməsi üçün mütləq əsas ola bilməz. Məhkəmə kollegiyası hazırkı işin hallarını və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq bildirir ki, borclunun şikayəti əsaslıdır. İş materiallarından göründüyü kimi, hazırda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra vərəqəsinin icrasına xidmət edən icra tədbiri kimi çıxış etmir, əksinə, borclunu əsassız yerə konstitusion hüququndan da məhrum edir. Bu zaman nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbirin borclunun cəzalandırılması vasitəsi kimi istifadə edilməsi də ədalətli deyil. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Neftçala Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(053)-13/2023 saylı qərardadını Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən 26 may 2017-ci il tarixli Qərarına uyğun olaraq nəzərdən keçirən məhkəmə kollegiyası belə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi və bu tədbirin tətbiq edilməsinin icra sənədinin icrasına hansı əsasla xidmət edəcəyi və onun tətbiq edilməməsinin gələcəkdə məhkəmə qətnaməsinin icrasına çətinlik yarada biləcəyi əsaslandırılmamış, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ona münasibətdə cəzalandırma vasitəsi kimi çıxış etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Neftçala Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(053)-13/2023 saylı qərardadı ilə Borclu ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulmasını əsaslı hesab etmir. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(053)-13/2023 saylı qərardadı ləğv edilməli, təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(053)-13/2023 saylı qərardadı ləğv edilsin. Neftçala rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-91/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-91/2023
18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver