Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-91/2025 09.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-104/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-432/2016 saylı icra vərəqəsinə əsasən Borclu 5500 ABŞ dolları məbləğində pul alınaraq X2 ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması, tələbin göstərilən nəqliyyat vasitəsinə yönəldilməsi və üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Borclu 5500 ABŞ dolları məbləğində pul alınaraq X2 ödənilməlidir. Belə ki, borclu hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğini tam ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədilə Elektron İcra İnformasiya Sisteminə sorğular edilmiş və Borclu mülkiyyətində ** GG *** dövlət qeydiyyat nişanlı “Audi Q7” minik markalı nəqliyyat vasitəsinin qeydiyyata alındığı aşkar edilmişdir. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilə Borclu adına qeydiyyata alınmış və onun mülkiyyətində olan ** GG *** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı nəqliyyat vasitəsi üzərinə həbs qoyulması, tələbin göstərilən nəqliyyat vasitəsinə yönəldilməsi və üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-104/2025 saylı qərardadı ilə (hakim C.Mustafayev) Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatı qismən təmin edilmiş, Borclu məxsus “Audi Q7” minik markalı, ** GG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi və qərarın icrasının Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-104/2025 saylı qərardadından Borclu şikayət verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tam (və ya qismən) ləğv olunmasını, işə apellyasiya instansiyası məhkəməsində mahiyyəti üzrə yenidən baxılmasını, tərəflər arasında mövcud hüquqi münasibətlərin obyektiv və tam araşdırılması üçün yeni təqdim edilmiş sübutların qəbul olunmasını, borclu tərəfindən təqdim olunan avtomobilin “İcra haqqında” Qanunun 66.1-ci maddəsinə əsasən zəruri əmlak kimi tanınıb icra tədbirlərindən çıxarılmasını və alacaqlının əmlakdan faktiki istifadəsinin borca əvəz olaraq qiymətləndirilməsi və ümumi borc məbləğinin bank yoluyla ödənilmiş məbləğlər hesablanaraq çıxıldıqdan sonra yenidən hesablanmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 49.1.1-ci maddəsinə əsasən borclunun ailə üzvlərinin həyat və fəaliyyətini təmin etmək üçün zəruri olan əmlak siyahısına daxil olan vasitələr üzərinə həbs qoyula bilməz. Ona məxsus “Audi Q7” avtomobili onun və ailəsinin gündəlik həyatı və iş fəaliyyəti üçün zəruri olan yeganə nəqliyyat vasitəsidir. Həmçinin ona heç bir məhkəmə bildirişi rəsmi şəkildə təqdim edilməmiş, iclas haqqında öncədən xəbərdar edilməmişdir, (ölkə xaricində olmuşdur). Borcla bağlı əsas məbləğin ziddiyyətli göstərilməsi Qərardadın müxtəlif hissələrində borc məbləği 5500 ABŞ dolları və 5000 ABŞ dolları kimi fərqli göstərilmişdir. Bu isə MPM-nin 9.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının aydın və əsaslı olması prinsipinə ziddir. Vəsaitin təkrar-təkrar ödənilməsinə baxmayaraq avtomobilə həbs qoyulması onun tərəfindən icra sənədində nəzərdə tutulmuş borcun bir neçə dəfə qismən və ya tam şəkildə ödənilməsi barədə ödəniş sənədləri təqdim olunmuşdur. Lakin buna baxmayaraq, ona məxsus “Audi Q7” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilin üzərinə həbs qoyulmuşdur. Bu isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin 1-ci bəndinə əsasən borclunun könüllü icra imkanları tükənmədən və əsaslı araşdırma aparılmadan əmlaka yönəlmiş həbsin qoyulmasının qanunsuz olduğunu göstərir. Bundan əlavə, həmin Qanunun 50.1 və 50.2-ci maddələrinə əsasən, əmlaka həbs qoyulması yalnız əsaslandırılmış zərurət olduqda və alternativ tədbirlər mümkün olmadıqda tətbiq edilməlidir. Onun avtomobilinə yönəldilən bu həbs proposional deyil və şəxsi həyatı və fəaliyyəti üçün zəruri olan yeganə nəqliyyat vasitəsidir. Həbsin tətbiqi konstitusion mülkiyyət hüquqlarının pozulmasıdır Məhkəmə qərarında dollar məzənnəsinin qeyri-qanuni hesablanması onunla alacaqlı arasında baş vermiş ticarət əməliyyatı əsasında öhdəlik 1 ABŞ dolları = 0.78 AZN məzənnəsi ilə bağlanmış və real ödənişlər də həmin kursla həyata keçirilmişdir. Lakin icra mərhələsində 1 ABŞ dolları = 1.70 AZN kursu tətbiq edilmiş və bu, əsassız şəkildə borcun artırılmasına və əlavə maliyyə yükünün yaradılmasına səbəb olmuşdur. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən müqavilə şərtlərinin birtərəfli dəyişdirilməsinin yolverilməzliyi prinsipinə ziddir. Eyni zamanda, Mülki Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi yerinə yetirilərkən borclu ödənişi müqavilədə nəzərdə tutulmuş valyuta və kursla həyata keçirməlidir. Hesablama zamanı dəyişdirilmiş və süni şəkildə şişirdilmiş dollar məzənnəsi hüquqi cəhətdən əsassızdır və bu, qanunla qorunan tərəf müqabili hüquqlarına ziddir. Belə bir yanaşma məhkəmənin obyektivlik prinsipini pozmaqla yanaşı, onun maddi vəziyyətinə ağır zərbə vurur və hüquqi ədalət anlayışı ilə uzlaşmır. Alacaqlı tərəfindən avtomobilin uzunmüddətli istifadə edilməsi faktının nəzərə alınmaması onun alacaqlıya etibarnamə ilə satdığı “Opel Astra” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alacaqlı X3 tərəfindən 1 (bir) il müddətində etibarnamə əsasında istifadə edildiyini nəzərə almamışdır. Alacaqlı bir tərəfdən avtomobili uzun müddət şəxsi məqsədlərlə istifadə edir, digər tərəfdən həmin avtomobilə həbs qoydurmaqla maddi zərbə vurur – bu isə qanunvericilikdə nəzərdə tutulan dürüstlük və ədalət prinsiplərinə tam ziddir. Mülki Məcəllənin 1090-cı maddəsinə əsasən etibarnamə bir şəxsin digər şəxsə müəyyən hüquqları həyata keçirmək üçün verdiyi yazılı səlahiyyətdir. Alacaqlı, bu etibarnamə əsasında nəqliyyat vasitəsindən tam mülkiyyətçi kimi istifadə etmişdir. Bu istifadə müddəti ərzində avtomobilin istismar olunması qarşı tərəfə real istifadə faydası (faktiki dəyər) təmin etmiş, bu isə hesablamada tələb edilən kompensasiya məbləğinin azaldılması üçün hüquqi əsas yaradır. AR Mülki Məcəlləsinin 7.1 və 7.2-ci maddələrinə əsasən, mülki hüquq münasibətləri iştirakçıları öz hüquqlarını həyata keçirərkən digər tərəfin qanuni maraqlarını pozmamalıdır. Bu halda alacaqlı həm istifadə etdiyi əmlakdan faydalanmış, həm də sonradan bu əmlaka həbs qoydurmaqla ikili üstünlük əldə etmişdir. AR Mülki Prosessual Məcəlləsinin 10-cu maddəsinə əsasən məhkəmə işi obyektiv, hərtərəfli və tam araşdırmalıdır. Lakin birinci instansiya məhkəməsi bu faktları nəzərə almamış və hüquqi qiymət verməmişdir, bu isə prosessual pozuntu olmaqla yanaşı, qərarın qərəzli və natamam qəbul edildiyini göstərir. Məhkəmənin birbaşa tələbin əmlaka yönəldilməsi barədə qərar qəbul etməsi prosedur qaydalarına ziddir. Məhkəmə qətnaməsində iddianın əsaslı olduğu nəticəsinə gəlinməsi – lakin borcun sübut edilməməsi Məhkəmə qətnaməsində iddianın əsaslı olduğu, borcun mövcudluğu və məbləğinin dəqiq müəyyən edildiyi göstərilmişdir. Lakin borcun faktiki olaraq necə yarandığına, hansı müqavilə və öhdəliklər əsasında hesablandığına dair əsaslı sübutlar təqdim edilməmiş və məhkəmə bu sübutları tələb etməmişdir. Bu, iddianın faktiki əsaslarının olmamasına baxmayaraq qərar verildiyini göstərir. Avtomobilin kimə məxsus olması və onun zəruri əmlak statusu nəzərə alınmamışdır Məhkəmə avtomobilin borclunun yeganə nəqliyyat vasitəsi olduğunu və zəruri əmlak hesab edildiyini nəzərə almadan, avtomobilin icraya yönəldilməsinin qanuni olduğuna dair nəticə çıxarmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğvi və işin yenidən baxılması tələb edilməlidir. Şirvan Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 8(032)-104/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-104/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci mаddəsinə əsаsən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci mаddəsinə əsаsən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İşin faktiki hallarından görünür ki, Borclu mülkiyyətində “Audi Q7” minik markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Bu səbəbdəndə icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Audi Q7” minik markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İcra tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Borclu mülkiyyətində “Audi Q7” minik markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi məcburi icra tədbirləri tətbiq oluna bilər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. İşin hallarından görünür ki, borclu könüllü qaydada icra tələblərini yerinə yetirmədikdə, icra məmuru tələbi borclunun əmlakına yönəldə bilər. Bu halda, şəxsin borcunu ödəmək üçün yetərli miqdarda əmlakı varsa, bu əmlak üzərinə həbs qoyulması qanunvericiliyin tələbinə tam uyğundur. Borclunun avtomobili –“Audi Q7” markalı nəqliyyat vasitəsi gündəlik zəruri nəqliyyat vasitəsi deyil və “zəruri əmlak” anlayışına daxil edilə bilməz. “Zəruri əmlak” müdafiəsi bu işdə tətbiq oluna bilməz Belə ki, “zəruri əmlak” anlayışı, əsasən borclunun həyati ehtiyaclarını – sadə məişət avadanlıqları, minimum yaşayış şəraitini təmin edən vasitələri əhatə edir. Bundan başqa Borclu hal-hazırda həmin borcun mövcudluğun, həcmin mübahisələndirsə də, xx.xx.2016-cı il tarixli, 2(032)-432/2016 saylı qətnamə qanuni qüvvəyə mindikdən sonra əsasında icra vərəqəsi verilmiş və icra icraatı başlanılmışdır. Bu qətnamə hal-hazırda mübahisələndirilə bilməz, çünki apellyasiya və kassasiya instansiyası üçün nəzərdə tutulan müddətlər çoxdan keçmiş, borclu qətnamənin qüvvəyə mindiyi vaxtdan sonra hər hansı bir şikayət təqdim etməmiş, bu müddət ərzində icra icraatını qəbul etmiş, yalnız əmlakına həbs qoyulandan sonra onu mübahisələndirməyə cəhd etmişdir. Bu, hüquqla sui-istifadə deməkdir. Belə ki, qətnamənin icra olunması onu mübahisələndirmə hüququnu istisna edir. Çünki qanuni qüvvəyə minmiş məhkəmə aktları icra üçün məcburidir və onların mübahisələndirilməsi mümkün deyil ( əgər xüsusi qaydada əlavə əsaslar (yeni halların aşkar edilməsi və s.) mövcud deyilsə). Borclunun avtomobilinə həbs qoyulması – icra mərhələsidir, bu mərhələdə əsas qətnaməyə dair mübahisə açmaq prosessual olaraq yolverilməzdir. Borclu bu illər ərzində qətnaməyə əməl etməmiş, borcu ödəməmiş, yalnız əmlakına həbs qoyulduqdan sonra qətnaməni "mübahisələndirmək" istəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-104/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-104/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-104/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.