Məhkəmə qərarları › İş №8(106)-93/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-93/2022

22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-93/2022 22.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-55/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinin təmin edilməməsi barədə Şirvan Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 8(032)-83/2022 saylı qərardadından borclu X6 tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-55/2022 saylı qətnaməsinə əsasən cavabdeh X3 «Nissan Pathfinder» markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin dəyəri olan 11500 manat alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İcra sənədi üzrə borclu X6 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-55/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-55/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 1 ədəd qazan dəstinin, divanın künc hissəsi, 24 nəfərlik yemək dəstindən 12 ədəd, 1 ədəd stol, 2 ədəd stulun və 11500 manat pulun X3 alınaraq iddiaçı X2 ödənlməsi qət edilmişdir. İcra sənədini «1 ədəd qazan dəstinin, divanın künc hissəsi, 24 nəfərlik yemək dəstindən 12 ədəd, 1 ədəd stol, 2 ədəd stulun» iddiaçıya qaytarılması hissəsini tam icra edəcək. Lakin icra sənədinin 11500 manat məbləğində pulun iddiaçıya ödənilməsi hissəsində icra sənədini tam icra edə bilmir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-96/2021 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikahın pozulması, birgə nikahlarından xx.xx.2006-cı il tarixdə anadan olmuş X7 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 onun himayəsində qalması qət edilmişdir. Hal-hazırda övladları onunla birlikdə yaşayır. Heç bir yerdə işləmir və Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyatdadır. Onun icra sənədində nəzərdə tutulmuş 11500 manatı tam şəkildə deyil, hər ay 150 manat olmaqla hissə-hissə ödəməyə maddi imkanı çatır. O, həmin məbləği ödəməkdən imtina etmir, lakin hissə-hissə ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, borclu X6 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. «İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli, 1 saylı qərarında göstərilmişdir ki, -məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, -məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı vəziyyətdə qətnamənin hissə-hissə icra edilməsi məsələsinə baxılarkən tələbkarların qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Belə ki, qətnamənin icra edilməsi zamanı istər müddət, istərsə də icra olunacaq hissələrin məbləği və ya miqdarı məhkəmə tərəfindən müəyyən olunarkən ağlabatanlılıq və ədalət prinsipi rəhbər tutulmalı, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyi və səmərəliliyinə xələl gəlməsin. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-55/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinin təmin edilməsi həm Azərbaycan Respublikası MPM-in bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna təminat verən 4-cü maddəsinin, həm də MPM-nin hamının qanun və məhkəmə qarşısında bərabərlik prinsipini müəyyən edən 8-ci maddəsinin tələblərinə uyğun olmamaqla ədalət mühakiməsinin səmərəliliyinə xeyrinə qətnamə qəbul olunmuş tələbkarların inamının azalmasına səbəb olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133,135, 263, 264, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 Şirvan Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 8(032)-83/2022 saylı qərardadından verilmiş şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 8(032)-83/2022 saylı qərardadı dəyişdirilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar