Məhkəmə qərarları › İş №8(107)-102/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-102/2020

12.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-102/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(046)-58/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Göyçay rayonu İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 məhkəməyə təqdimatla müraciət edərək Borclu adına aşkar edilmiş «VAZ-21074» markalı **-XR-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(046)-58/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-1294/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına qeydə alınmış «VAZ-21074» markalı **-XR-*** dövlət nömrə nişanlı avtomaşın üzərinə həbs qoyulması və qərardadın icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax RQİ və TBŞ-nə həvalə edilməsi qərara alınmışdır. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 8(046)- 58/2020 saylı xx.xx.2020-cu il tarixli qərardadı ləğv edilərək, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(046)-58/2020 saylı qərardadı ilə Borclu şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(046)-58/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə Göyçay rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə borclu olduğu 3640 ABŞ dollarının pulu Tələbkar ASC-nin xeyrinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətinə könüllü şəkildə ödəməsi təklif edilmişdir. Lakin Borclu 10 gün müddətində şöbəyə gəlməmiş və borclu olduğu pulu Tələbkar ASC-ninxeyrinə könüllü şəkildə ödəməmişdir. Aparılmış icra hərəkətləri nəticəsində müəyyən edilmişdir ki, Borclu adına «VAZ-21074» markalı **-XR-*** dövlət nömrə nişanlı avtomaşın qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6. maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(046)-58/2020 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(046)-58/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(046)-58/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar