Məhkəmə qərarları › İş №8(107)-103/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-103/2021

27.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-103/2021 27.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 8(046)-50/2021 saylı qərardadından borclular Borclu1 və Borclu2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 02.09.2021-ci il tarixdə qəbul edilmiş icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 22 oktyabr 2021-ci il tarixli 8(046)- 50/2021 saylı qərardadı ilə Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 02.09.2021-ci il tarixdə qəbul edilmiş icra sənədi üzrə icraatın dayandırılması barədə qərar ləğv edilmiş, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-98/2020 saylı 08.06.2020-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. Borclular Borclu1 və Borclu2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 8(046)-50/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclular Borclu1 və Borclu2 şikayət ərizəsini belə əsaslandırmışlar ki, Göyçay Rayon Məhkəməsinə eləcə də Şəki İnzibati Məhkəməsinə müraciət etdikləri iddiaların predmeti - qeyd edilən fərdi yaşayış evinin Taleh Rəfıyevə satılması barədə əqdin etibarsız sayılması barədə müraciət etmişlər. Hər iki iddia ərizəsində faktiki əsasları arasında ev satılarkən Lətafət Hiiseynovanın razılığının alınmaması olmuşdur. Hər iki iddia ərizəsində obyekt ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Taleh Rəfiyevin də məhkəmədə irəli sürdüyü qarşılıqlı iddiada obyekt həmin fərdi yaşayış evi, faktiki əsas - yuxarıda qeyd edilən alqı-satqı müqaviləsi, predmet isə - həmin müqaviləyə əsasən qeyd edilən fərdi yaşayış evinə köçürülmə olmuşdur. Mülki icraatda olan məhkəmə proseslərinin sonunda iddiaçılar Lətafət və Borclu2ların iddiaları rədd edildi, lakin həmin tələblər üzrə icraata xitam verilmədi. Qarşılıqlı iddia isə təmin edildi. Bu isə o deməkdir ki. mülki icraatda olan iş icraya yönələrkən Taleh Rəfiyevin evə köçürülmə tələbi icra edilməli olarkən, alqısatqı müqaviləsinin etibarsız sayılması tələbi də icra edilməməli göstərişi ilə icraya yönəlmişdir. İddiaçılar İnzibati Məhkəməyə çıxarışın etibarsız sayılması tələbi və bunun nəticəsi kimi də alqı-satqı müqaviləsinin etibarsız sayılması gözləntiləri ilə faktiki olaraq alqı-satqı müqaviləsinin icra edilməməsini İnzibati Məhkəmə qaydasında da mübahisələndirmişdir. Buradan da aydın şəkildə görünür ki, onlar Mülki və İnzibati məhkəmə icraatlarında eyni komponentləri olan, lakin müxtəlif cür ifadə olunan iddia tələbini irəli sürmüşdülər. Bu isə o deməkdir ki, onların Şəki İnzibati Məhkəməsinə müraciət etmələri ilə 02.09.2021-ci il tarixli icraatın dayandırılması barədə qərar İcra Haqqında Qanunun 17.1.4-cü maddəsinin təsir dairəsi altına düşmüş olur. Buna görə də şikayətin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 8(046)-41/2021 saylı 04.10.2021- ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 8(046)-50/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki işin və icra işinin materialları ilə birlikdə əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, icra məmuru X5 Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-98/2020 saylı 08.06.2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edərkən, borclular Borclu1 və Borclu2 (**********31- 10301) reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verildiyi andan etibarsızlığının tanınması tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etməsinə və hüquqi əsas kimi isə İcra Haqqında Azərbaycan Respublikası qanunun 17.1.4 və 21.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, İcra Haqqında Azərbaycan Respublikası qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Maddənin mahiyyətindən və mənasından göründüyü kimi icra məmuru tərəfindən yalnız icra sənədinin verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Hazırki işi hallarından görünür ki, borclular İnzibati Məhkəməyə icra sənədinin verilməsinə əsas olan tələb üzrə müraciət etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icraatın məcburi dayandırılması barədə əsassız olaraq qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 ərizəsi təmin edilməli, Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 02.09.2021-ci il tarixdə qəbul edilmiş icra sənədi üzrə icraatın dayandırılması barədə qərarı ləğv edilməli və Göyçay rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-98/2020 saylı 08.06.2020-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən göründüyü kim icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci icra üzrə icraatın dayandırılmasının məcburu olduğu hallar (İHQ-n 17-ci maddəsi), ikincisi icraatın dayandırılmasının mümkün olduğu hallar (İHQ-n 18-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun; 17.1. 4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 21.1-ci maddəsinin tələbinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinin tələbinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3-cü maddəsinin tələbinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.5. İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.6. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. 21.7. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Maddənin mahiyyətindən və mənasından göründüyü kimi icra məmuru tərəfindən yalnız icra sənədinin verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Hazırki işi hallarından görünür ki, borclular İnzibati Məhkəməyə icra sənədinin verilməsinə əsas olan tələb üzrə müraciət etməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək icra məmuru tərəfindən icraatın məcburi dayandırılması barədə əsassız olaraq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 8(046)-50/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclular Borclu1 və Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 8(046)-50/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar