Məhkəmə qərarları › İş №8(107)-110/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-110/2020

18.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-110/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Qax RayonMəhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-95/2019 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinin təmin edilməməsi barədə olan Qax RayonMəhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-119/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(024)-119/2020 nömrəli qərаrdаdı ilə və Qax Rayon Məhkəməsinin 2(024)-95/2019 nömrəli mülki işinin materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-95/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh Borclu xx xxxxx 2017-ci il tarixli, 89 saylı avans müqaviləsi üzrə yaranmış 7204.01 (yeddi min iki yüz dörd manat 01 qəpik) manat məbləğində pulun, həmin müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməməsi nəticəsində Cəmiyyətə dəymiş 360.20 (üç yüz altmış manat iyirmi qəpik) manat məbləğində zərərin, cəmi 7564.21 (yeddi min beş yüz altmış dörd manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Qax rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Borclu ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-95/2019 saylı icra sənədinə əsasən Borclu 7564.21 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. O bildirmişdir ki, həmin borcu tam ödəmək üçün heç bir maddi imkanı yoxdur. Heç bir yerdə işləmir, adına heç bir əmlak yoxdur. Təqaüd almır. Lakin o “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə olan borcun ödənilməsindən boyun qaçırmır və həmin borcu hissə-hissə ödəməyə qadirdir. Odur ki, göstərilənlərə əsasən, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-95/2019 saylı qətnamənin icrasını dəyişdirərək borcunun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini, yalnız qeyd olunan borc məbləğindən Borclu ilkin olaraq 1000 manat ödənildikdən sonra qalan borcun hissə-hissə 12 ay müddətinə ödənilməsinə etiraz etmədikləri bildirilmişdir. Birinci instansiya məhkəməsi işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. (Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsi) Birinci instansiya məhkəməsinin iclasında Borclu etibarnamə üzrə nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək tələb olunan borc məbləğindən hər ay 100 manat ödəyə biləcəyini göstərərək məhkəmədən borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-119/2020 nömrəli qərardadı ilə Qax şəhəri, Vaqif küçəsi, döngə 1, ev 10-da yaşayan Borclu barəsində Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)- 95/2019 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan Borclu şikayət vermis və şikayətini əsaslandıraraq göstərmişdir ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-95/2019 saylı icra sənədinə əsasən ondan 7564.21 (yeddi min beş yüz altmış dörd manat 21 qəpik) manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. Həmin borcu tam ödəmək üçün heç bir maddi imkanı yoxdur. Heç bir yerdə işləmir, adına heç bir əmlak yoxdur. Təqaüd almır. Lakin o “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə olan borcun ödənilməsindən boyun qaçırmır və həmin borcu hissə-hissə ödəməyə maddi imkanı çatar. İmkanının nəzərə alıb hər ay 100 (bir yüz) manat ödəyə bilər. Ona görə də, hissə-hissə ödəməklə bağlı Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-119/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(024)-119/2020 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 8(024)-119/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının qüvvədə saxlanılması, Borclu Qax Rayon Məhkəməsinin 8(024)-119/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, Borclu, borclunun nümayəndəsi Vəkil və tələbkar Ərzaq məhsulları tədarükü və təchizatı ASC lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-119/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Borclu Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-95/2019 qətnaməsinə əsasən tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ümumilikdə 7594.21 manat pul vəsaiti ödəməlidir. Hazırda borclu tələbkara olan borcundan heç bir ödəniş etməmişdir. Yuxarıdakı maddələrin məzmunundan da göründüyü kimi, borclu qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında tələbkar icra sənədinin hissə-hissə icra edilməsinə razılıq verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Borclu borcunu hissə-hissə ödəməsi, borcun uzun müddətə başa çatması deməkdir. Bu isə tələbkarın mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-119/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-119/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(024)-119/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar