Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-119/2020 15.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(063)-21/2020 nömrəli qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icra sənədinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-198/2020 nömrəli qətnaməsinə əsasən iddiaçının ona qarşı borc pul tələbi barədə iddiası qismən təmin edilmiş, ondan borca görə 2400 manat, gecikdirilmiş vaxt üçün faizə görə 120 manat, hüquqi yardım göstərilməsinə görə 250 manat, notariat qaydasında çəkilmiş xərcə görə 69.50 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2869.50 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda qazancı və gəliri yoxdur, əvvəllər şadlıq sarayında inzibatçı işləmişdir, lakin pandemiya ilə bağlı hazırda əmək haqqı almır. Odur ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcu bir dəfəyə ödəyə bilmir, borcu hər ay 200 manat olmaqla hissə-hissə ödəyə bilər. Əgər yaxın vaxtlarda şadlıq sarayının fəaliyyətinə icazə verilərsə 2020-ci ilin noyabr ayının sonuna qədər borcunu tam ödəyə bilər. “İcra haqqında" Qanunun 15-ei-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallan nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(063)-21/2020 nömrəli (hakim H.xəlilov) qərardadı ilə Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət verərək Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(063)-21/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədə ondan 2869,50 manat məbləğində pulun bir dəfəyə tutularaq iddiaçıya ödənilməsi göstərilmişdir. O, həmin qərardan narazı olduğu üçün yenidən Ucar Rayon Məhkəməsinə müraciət etmişdir ki, həmin məbləğin hissə-hissə ödənilməsi barədə qərar verilsin, lakin Ucar Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə onun etdiyi müraciət rədd edilmişdir. Hal-hazırda işsiz olduğuna görə həmin qətnamədə olan 2869,50 qəpik məbləğində olan borcu ödəmək iqtidarında deyildir. xx xxxxxxxx 2020-ci il tarixdə borclu olduğu şəxsə 100 manat, xx xxxxxxx 2020-ci ildə tarixdə 50 manat ödəmişdir, Adına da heç bir əmlak yoxdur ki, satıb ödəsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(063)-21/2020 nömrəli (hakim X.İmanov) qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(063)-21/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(063)-21/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-119/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-119/2020
15.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver