Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-122/2020 18.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin x xxxxxxxx 2019-cu il tarixli, 2(016)-560/2019 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinin təmin edilməməsi barədə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(016)-191/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Ağsu Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(016)-191/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-560/2019 saylı qətnaməsinin hissə-hissə hər ay 200 (iki yüz) manat ödəniş aparılmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Ağsu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-560/2019 saylı icra sənədinə əsasən borclu olaraq ondan 9665,40 manat məbləğində pul vəsaitinin alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi ilə bağlı qeyd edir ki, ona hazırda məhkəmə qətnaməsini könüllü icra edilmə üçün müddət verilmişdir. Lakin onun maddi vəziyyəti ağırdır, icra sənədinin icrasını birdəfəlik həyata keçirməyi mümkünsüzdür. Belə ki, onun Ağsu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(016)- 291/2012 saylı qətnaməsinə əsasən aliment öhdəliyi mövcuddur və övladı Nicat Quliyevin yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 60 manat məbləğində aliment ödəyəcəkdir. Hazırda Ağsu Rayon Məhkəməsinin icraatında BOKT 'xxxx" MMC-nin ümumi 2978,80 manat məbləğində pulun ödənilməsi tələbinə dair iddia tələbi üzrə 2(016)- 719/2020 saylı mülki iş vardır. İddianın əsası həmin MMC ilə bağlanılmış kredit müqaviləsi və onun əsasında alınmış 2918 manat məbləğində kredit təşkil edir. Həmin məbləği maddi vəziyyətinin ağır olması səbəbindən ödəyə bilmir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatdan keçmdir. Üstəlik hazırda ölkəmizdə və dünyada mövcud olan pandemiya şəraitində gəlir əldə etmək demək olar ki, tamamilə mümkünsüz hala çevrilmişdir. Əlavə olaraq qeyd edir ki, onun adına dövlət reyestrində xüsusi mülkiyyəti hüququ ilə daşınar və daşınmaz əmlak qeydiyyatdan keçməmişdir, belə əmlakları mövcud deyildir. Buna görə də ərizənin təmin edilməsini xahiş edir. Ağsu rayon İcra və Probasiya Şöbəsi, borclu və tələbkar ərizəyə baxılması üçün təyin edilmiş birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və bu məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(016)-191/2020 nömrəli qərardadı ilə Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, Məhkəmə sözügedən qərardadı qəbul edərkən, cəmi bir əsas göstərmişdir, borclunun əmlak vəziyyəti müəyyən edilmədiyindən, borclunun ərizəsinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Göründüyü kimi, Ali Məhkəmə məhkəmə qətnaməsi barədə ümumi mövqe formalaşdırarkən mühüm olan xüsusatlardan biri kimi qanunla qorunan mənafelərin real bərpasının təmin edilməsini göstərmişdir. Məhz qəbul edilmiş məhkəmə qətnaməsinin real icrasının da təmin edilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən sözügedən qətnamənin hissə-hissə icra edilməsini xahiş etmişdir, qətnamənin birbaşa və birdəfə icrasının mümsüzküyü əsaslarını isə ərizəsində sadalamış və həmin əsasları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə, xx.xx.2020-ci il tarixli qərardadını qəbul edərkən bu xüsusatlara qiymət verməmiş və münasibət bildirməmişdir. Eyni zamanda qeyd edir ki, məhkəmə sözügedən qərardadla bağlı məhkəmə prosesinin keçirilməsi barədə onu rəsmi qaydada xəbərdar etməli olduğu halda, bunu etməmiş, ərizəsində göstərilən xüsusatları bir daha məhkəmə prosesində onun özündən eşidərək, həmin əsasların qanuniliyi və həqiqiliyini bir daha məhkəmənin diqqətinə çatdırmağına şərait yaratmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(016)- 191/2020 nömrəli qərardadının ləğv edilməsi və Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)- 560/2019 saylı qətnaməsinin hissə-hissə hər ay 200 (iki yüz) manat ödəniş aparılmaqla icra edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Ağsu Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(016)-191/2020 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş, Borclu Ağsu Rayon Məhkəməsinin 8(016)-191/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Ağsu rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, tələbkar BOKT “xxxx” MMC (nümayəndəsi) və Borclu lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(016)-191/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qətnamənin hissə-hissə icra edilməsi qanunla borclu şəxslərin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, borclu isə buna dair sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, borclunun ərizəsinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(016)-191/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(016)-191/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(016)-191/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-122/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-122/2020
18.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver