Məhkəmə qərarları › İş №8(107)-128/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-128/2025

06.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-128/2025 06.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatı üzrə Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(014)-424/2025 saylı qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Ağdaş Rayon Notariat Kontoru tərəfindən verilmiş 8i-7036 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Notariat Kontoru tərəfindən verilmiş 8i-7036 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Borclu müqavilə üzrə ödənilməmiş 8276 manat 57 qəpik tutulmalıdır. Bundan əlavə borcludan ödənilmiş 25 manat məbləğində rüsum olmaqla cəmi 8301 manat 57 qəpik pul tutulmalıdır. Həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya Şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu təqdim edilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən olunmuşdur. Həmin tarixdən ötən müddət ərzində icra sənədinin icrası təmin olunmamışdır. Buna görə də Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Sonda icra məmuru təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Fidan Ələkbərova) 28 noyabr 2025-ci il tarixli, 8(014)-424/2025 saylı qərardadı ilə təqdimat rədd edilmişdir. Tələbkar Açıq Səhmdar Cəmiyyəti Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(014)-424/2025 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-7036 saylı icra qeydinə əsasən cavabdeh Borclu Tələbkar ASC-nin xeyrinə ümumilikdə 8276,57 manat məbləğində kredit borcunun və 25 manat məbləğində dövlət rüsumunun tutulması qeyd edilmiş və icra sənədi icra olunması üçün Ağdaş rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq qərar cavabdeh tərəfindən icra edilməmiş, sonuncu dəfə təxminən 9 ay öncə xx.xx.2025-ci il tarixdə kredit borcu üzrə ödəniş edilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması bərədə Ağdaş Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(014)-424/2025 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(014)-424/2025 saylı qərardadı ilə icra məmurunun təqdimatının təmin edilməməsi icra sənədinin icra edilməsinə maneə olmuş, nəticədə qərar icrasız qalmış, gələcəkdə də qərarın icrası çətinləşmişdir. Qərarda göstərilmiş məbləğin uzun müddət ərzində tələbkara qaytarılmaması konstitusion prinsiplər baxımından da tələbkarın hüquqlarının pozulmasına gətirib çıxarır. Məhkəmə təqdimatın təmin edilmədiyi qərardadında cavabdeh Borclu kifayət qədər müddət verilməməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli 2-N nömrəli qərarı ilə təsdq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında təlimat”ın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlərin görülməməsinə istinad etdiyindən qeyd etmək istərdik ki, sadalanan hallar icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi reallığını dəyişmir. İcra məmuru tərəfindən “Elektron məhkəmə sistemi”nə yeləşdirilmiş təqdimat və digər sənədlərdən görünür ki, tələbin könüllü icrası barədə xx.xx.2025-ci il tarixli bildirişə borclu öz xətti ilə “bildirişi aldım” yazmış, qeyd edilən təlimata uyğun bütün addımlar atılmışdır. Sonuncu dəfə təxminən 9 ay öncə kredit borcu üzrə ödəniş etməsi, bank əməkdaşları tərəfindən aparılmış danışıqlara, yenidən qrafik verilməsi, müqavilənin yenilənməsi və digər təkliflərə məhəl qoymaması, könüllü olaraq deyil, məhkəmə tərəfindən məcburi gətirilmə barədə təmin edilmiş təqdimatın icrası olaraq məcburi qaydada Ağdaş rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi, izahatı verdiyi tarixdən sonrakı təxminən bir ayda hələ də hər hansı ödəniş etməməsi borclunun ödəniş etməkdən yayınmağa davam etdiyini göstərir. Odur ki, sadalanan məqamlar icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(014)-424/2025 saylı qərardadı ləğv edilməli və icra məmuru Ramin Abbasov tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması bərədə təqdimatı təmin edilməlidir. Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 8(014)-424/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(014)-424/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icra məmuru öz təqdimatında qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, həmin hərəkətlərlə bağlı zəruri sənədləri nə təqdimata əlavə etmiş, nə də birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etmişdir. Eyni zamanda borclunun icra sənədini üzürsüz səbəbdən icra edilməməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməməklə məhz bu tədbirin görülməsinin zəruriliyinin nədə ifadə olunduğunu təqdimatda ümumiyyətlə əsaslandırılmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, Borclu xx.xx.2025-ci il tarixldə izahatı alınmaqla, həmin tarixdə icra ilə bağlı sonuncuya məlumat verilməsinə baxmayaraq, heç bir müddət gözlənilmədən cəmi 1 gün sonra xx.xx.2025-ci il tarixdə onun barəsində təqdimatla birinci instansiya məhkəməsinə müraciət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi, qanunvericilik icra icraatı zamanı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borcluya icra üçün kifayət qədər vaxt vermədən, izahatı alındıqdan 1 gün sonra icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması üçün təqdimatla müraciət etməsi vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat»ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, icra məmuru tərəfindən qeyd edilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmiş, tələbin könüllü icrası barədə bildirişin borcluya çatması vaxtı dəqiqləşdirilmədən, onun icra sənədi ilə bağlı izahatı alındıqdan cəmi 1 gün sonra barəsində ölkədən getməsinə məhdudiyyət qoyulması üçün təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(014)-424/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(014)-424/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar