Məhkəmə qərarları › İş №8(107)-129/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-129/2025

25.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-129/2025 25.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 və X7 nümayəndəsi və vəkili Vəkil “Maraqlı şəxs1 icra məmuru X19 hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə ərizəsi üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X22 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, X2 və X7 nümayəndəsi və vəkili Vəkil “Maraqlı şəxs1 icra məmuru X19 hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə ərizəsi üzrə İsmayıllı Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 8(037)-68/2025 nömrəli qərardadından X2 və X7 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası müəyyənetdi: X2 və X7 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-102/2024- 045 nömrəli icra sənədi üzrə icra hərəkətlərindən kənara çıxılmaqla icra sənədini tam və düzgün icra etməmiş Maraqlı şəxs1 icra məmuru X19 hərəkətlərinin X5 və X12 münasibətdə qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu,Zeyvə kəndi (hazırda Basqal bələdiyyəsinin ərazisi) ünvanda yerləşən 0.12 hektar torpaq sahəsi (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü: həyətyanı) X5 xüsusi mülkiyyətindədir. Bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH № 0001304, qeydiyyat nömrəsi 190601301, qeydiyyat tarixi xx.xx.2006 olan Çıxarış verilmişdir. İsmayıllı rayonu, Zeyvə kəndi (hazırda Basqal bələdiyyəsinin ərazisi) ünvanda yerləşən 0.12 hektar torpaq sahəsi (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü: həyətyanı) X7 xüsusi mülkiyyətindədir. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH №0001390, qeydiyyat nömrəsi 190601296, qeydiyyat tarixi xx.xx.2006 olan Çıxarış verilmişdir. İsmayıllı rayonu, Basqal qəsəbəsi ünvanda yerləşən 0.12 hektar torpaq sahəsi (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları) X8 xüsusi mülkiyyətindədir. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan Çıxarış verilmişdir. Torpaq sahəsinin plan-sxemindən də göründüyü kimi, X18 və X12 məxsus torpaq sahələri X13 məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. İddiaçı Maraqlı şəxs2 ilə cavabdeh X20 arasında məhkəmə mübahisəsi olmuş və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-3271/2024 saylı qərarı ilə qüvvədə saxlanmış Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (107)- 102/2024 saylı qətnaməsi ilə qət edilmişdir ki, 22 avqust 2005-ci il tarixli JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh X20 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) cavabdeh X8 mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi X8 öz hesabına sökülərək götürülsün. İcra məmuru X24 və digər şəxslərin iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilmişdir ki, "icra sənədində göstərilən tələb tərəflərindən təmin olundu". İcra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli "icraata xitam verilməsi haqqında” Qərar ilə müəyyən edilmişdir ki, "İcra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur” və qərara alınmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-102/2024-045 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilsin. Həmin qərar Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli,№ 878325/2024-45-10 saylı müşayiət məktubu ilə məlumat üçün Şəki Apellyasiya Məhkəməsinə və icra işi üzrə tərəflərə göndərilmişdir. Qeyd edilməlidir ki, icra məmuru icra hərəkətlərini icra sənədində göstərilən qaydada həyata keçirməmişdir. Belə ki, icra sənədinə əsasən, yalnız İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh X20 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) cavabdeh X8 mülkiyyətində olan 0.12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi sökülməli olduğu halda, icra məmurunun qanunsuz hərəkətləri nəticəsində X9 məxsus torpaq sahəsinin hasar (metal tor setka) və darvazası X12 məxsus torpaq sahəsinin hasarı (metal tor setka), həmçinin digər şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin darvazası sökülmüş və mülkiyyətçilərə maddi ziyan dəymişdir. Həmçinin icra hərəkətləri həyata keçirilən zaman X18 və X12 heç bir məlumat verilməmişdir. Şikayətə əlavə edilmiş Torpaq sahəsinin plan-sxemindən də göründüyü kimi icra hərəkətləri yalnız 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində edilməli olduğu halda, B nömrəli konturda göstərilən X5 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hasar (metal tor setka) və darvazası, C nömrəli konturda göstərilən X7 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hasarı (metal tor setka) da sökülmüşdür. Halbuki, qeyd edilən məhkəmə işi üzrə X18 və X21 deyil, X20 cavabdeh tərəf olmuşdur. Bir sözlə, X18 və X7 həmin məhkəmə işinə ümumiyyətlə aidiyyəti olmamışdır. Həmin məhkəmə işi üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/9473 №-li ekspert rəyinin nəticə hissəsində (Qərardadın 17-ci sualı üzrə) müəyyən edilmişdir ki, "Mübahisələndirilən dəmir darvaza X8 mülkiyyətində olan İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsindən kənarda, Basqal bələdiyyəsinin mülkiyyətinə aiddir.” İsmayıllı rayonu Zeyvə bələdiyyəsi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli, M02 saylı Arayışdan da göründüyü kimi, həqiqətən də X18 alğı-satqı əsasında 2004-cü ildə bələdiyyədən 0.12 hektar həyətyanı torpaq sahəsi almış və xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmaqla ona reyestrdən Çıxarış verilmişdir. Həmin həyətyanı torpaq sahəsi X28 torpaq sahələri ilə həmsərhəddir və mülkiyyətçi müntəzəm olaraq hər il torpaq vergisini ödəmişdir.Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2 (107)-102/2024 saylı qərardadında (səhvə 5, 10-cu abzas) məhkəmə tərəfindən işin müəyyən edilmiş halı kimi qeyd edilmişdir ki, "Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(107)-102/2024 nömrəli qətnaməsində 22 avqust 2005-ci il tarixli JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə girişçıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh X20 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın X8 öz hesabına sökülərək götürülməsinə dair aydın bir fikir ifadə edilmişdir. Yəni digər şəxslərə məxsus darvazaların götürülməsi məsələsi mübahisələndirilməmiş və digər şəxslərə qarşı darvazanın götürülməsinə dair iddia tələbi irəli sürülməmişdir. Göründüyü kimi X18 və X21 onlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqlarını həyata keçirməklə torpaq sahələrində çəkdikləri hasar (metal tor setka), darvaza icra məmurunun icra hərəkətlərindən kənar və qanunsuz hərəkətləri nəticəsində sökülmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (107)- 102/2024-045 nömrəli icra sənədi üzrə icra hərəkətİərindən kənara çıxmaqla icra sənədini tam və düzgün icra etməmiş Maraqlı şəxs1 icra məmuru X19 hərəkətlərinin X5 və X12 münasibətdə qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 8(037)-68/2025 nömrəli qərardadı ilə, X2 və X7 nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilməmişdir. X2 və X7 nümayəndəsi və vəkili Vəkil İsmayıllı Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 8(037)-68/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 8(037)-68/2025 nömrəli qərardadı ilə, X2 və X7 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi, İcra Haqqında Qanunun 3.1, 7.1, 8.1, 8.2, 9.1, 20.1.5, 20.2, 20.3. 20.4, 20.5, 20.7-ci maddələrinə stinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(037)-68/2025 saylı qərardadı ilə Maraqlı şəxs1 icra məmuru X19 qanunsuz hərəkətlərindən verdiyi şikayət ərizəsi təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 noyabr 2025ci il tarixli, 3-21-3- 42/2-5463/2025 saylı mütəxəssis rəyində kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, X5 və X7 xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (planölçü) olmadığına görə X8 mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə qonşu həmsərhəd olmasını təyin etmək mümkün deyildir. X5 və X7 xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığına görə X28 torpaq sahələri ilə hansı nöqtələrdə həmsərhəd olmasının təyin etmək mümkün deyildir. X6 X10 (TEKUİS) əsasən X8 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsi şimal tərəfdən Dövlət meşə fondu torpaq sahələri ilə həmsərhəddir. Ərazidə quraşdırılmış 3 dəmir darvaza İsmayıllı rayonu Basqal bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir. X8 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsi qərb tərəfdən daş hasar, digər tərəflərdən metal tor ilə hasarlanmışdır. Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədov tərəfindən icra sənədi üzrə sökülmüş ərazi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)- 102/2024 saylı qətnaməsində qeyd edilən JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində X20 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) X8 mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi X6 X10 (TEKUİS) əsasən İsmayıllı rayonu, Basqal bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Məhkəmə o halı da xüsusilə vurğulayır ki, Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədovun xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Bu qərar qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsindən ötrü verilmiş icra vərəqəsi əsasında qəbul olunmuş və “İcra haqqında” Azərbaycan Respublikasının 7-ci, 8- civə 9-cu maddələrinin tələbləri əsasında qəbul edilmişdir və şikayətdə göstərilən xüsusatlar qərarın ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Eyni zamanda hərəkətlərindən şikayət verilmiş Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədovun hərəkətlərində hər hansı qanunsuz hallara yolverilməsi aşkar edilməmişdir.” Aşağıda qeyd edilənlərlə həmin Qərardadın qanunsuz və əsasız olduğu sübuta yetirilir, bu səbəbdən Qərardad ləğv edilməli və şikayət ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edilməlidir. Hazırkı işdə məhkəmə, şikayətin təmin olunmasından imtinanı belə “əsaslandırmışdır” ki: “Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədovun xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-102/2024-045 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir.” Məhkəmənin bu mövqeyi və gəldiyi nəticə iş materialları ilə tam təkzib olunduğundan tamamilə əsassız və qanunsuzdur. Sübut etməyə ehtiyac yoxdur ki, icraata xitam verilməsinin əsaslarından biri kimi icra sənədinin “tam icra olunması” halını nəzərdə tutan fakt digər şəxslərin maraqlarına və qanunla qorunan hüquqlarına xələl gətirmədən yalnız icra sənədi üzrə “borclu” şəxsə münasibətdə icra sənədində göstərilən həddə icranın könüllü icrası və ya məcburi icra hərəkətləri nəticəsində görülmüş tədbirləri nəzərdə tutur. Əks yanaşma, “İcra haqqında” Qanunun 1-1-ci maddəsinin, “İcra məmurları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin pozulmasına rəvac vermiş olar. Belə ki, “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən, “İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır.” “İcra məmurları haqqında” Qanunun 7-ci maddəsinə əsasən,İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: - icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; Bu prinsiplərdən istənilən formada kənarlaşma yolverilməzdir. Hazırkı işdə məhkəmə, “X11” MMC-nin 10 oktyabr 2025-ci il tarixli, 310 nömrəli mütəxəssis rəyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 noyabr 2025-ci il tarixli, 3-21-3-42/2-5463/2025 saylı mütəxəssis rəyinə formal istinad etməklə və qanunvericiliyin bir sıra normalarını sadalamaqla kifayətlənmiş, barəsində şikayət verilən icra məmurunun qərarının yuxarıda istinad edilən qanun normalarının tələblərinin kobud surətdə pozulması, icra sənədi üzrə “borclu” olmayan və barələrində hər hansı icra tədbiri tətbiq edilə bilməyən şəxslərin hüquqlarının açıq-aşkar şəkildə pozulması ilə qəbul edildiyinin fərqinə varmamışdır. Belə ki, “İcra haqqında” Qanunun 28-ci maddəsinə əsasən: 28.2. İcraatda tərəflər tələbkar və borcludur. 28.3. Xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. 28.4. İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməletməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Hazırkı işdə ərizəçilər “borclu” deyillər və bu, işin mübahisələndirilməyən halıdır. Həmçinin işin mübahisləndirilməyən halı budur ki, icra sənədinə əsasən, aşağıdakılar icra edilməlidir: “22 avqust 2005-ci il tarixli JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə girişçıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh X20 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) cavabdeh X8 mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi X8 öz hesabına sökülərək götürülsün.” Lakin icra məmurunun qanunsuz hərəkətləri nəticəsində X2na məxsus torpaq sahəsinin hasar (metal torsetka) və darvazası, X12 məxsus torpaq sahəsinin hasarı (metal tor setka), həmçinin digər şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin darvazası sökülmüş və mülkiyyətçilərə maddi ziyan dəymişdir. İcraatına xitam verilmiş icra sənədinin icra edilməsi zamanı icra məmuru tərəfindən yol verilmiş açıq-aşkar pozuntulara da məhkəmə tərəfindən qiymət verilməmişdir. Belə ki, şikayət verilən Qərardaddan görünür ki, məhkəmə faktiki olaraq şikayət ərizəsi üzrə tam və hərtərəfli araşdırma aparmamış, şikayətdə göstərilən məlumatları təhlil etməmiş, məhkəmə gedişində yaranmış fərqli rəylər arasında olan ziddiyyətləri aradan qaldırmağa qətiyyən səy göstərməmişdir. Nəticədə məhkəmədə şikayətin mahiyyəti üzrə yanlış mövqe formalaşaraq, hüquq və mənafeləri pozulmuş ərizəçilərin şikayəti üzrə düzgün olmayan, qanuna zidd nəticəyə gəlmişdir. Belə ki: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərini yerinə yetirmək üçün İcra məmuru cavabdeh (borclu) tərəfə heç bir rəsmi məlumat verməmiş, yəni icranın hansı gün həyata keçiriləcəyini bildirməmişdir. İcra sənədi üzrə borclu şəxsin Bakı şəhərində yaşamasını,Basqal qəsəbəsindəki yaşayış evindən mövsümi istifadə etməsini nəzərə almamış və onun məlumatı olmadan, hasarı olmayan həyətyanı sahəsinə daxil olaraq icra sənədindən kənara çıxaraq, ərazinin X28 torpaq sahələri ilə həmsərhəd olması səbəbindən meşədən əraziyə vəhşi heyvanların daxil olmasının məhdudlaşdıran metal tor çəpərləri yararsız hala salmaqla söküb dağıtmışdır. İcra hərəkətlərinin nəticəsi barədə də borcluya məlumat verilməmişdir. İcra işi ilə bağlı bir neçə gündən sonra qonşuların telefon rabitəsi ilə məlumat alan borclu, Basqal Bələdiyyəsi ilə əlaqə saxlamış və bələdiyyənin köməyi sayəsində xx.xx.2025-ci il tarixində icra şöbəsinin xx.xx.2025-ci il tarixli aktını əldə edə bilmişdir. Borclu dərhal Basqal qəsəbəsinə gələ bilməmiş, dəymiş zərərin müəyyən edilməsi barədə “Caspian Valuation” qiymətləndirici təşkilatına müraciət etmişdir. Mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılmış və tərtib edilmiş 21 avqust 2025-ci il tarixli hesabat borcluya təqdim edilmişdir. Hesabatda müəyyən olunmuşdur ki: “1 ədəd 5.30 metr uzunluğunda dəmir hasar qovşaq hissədən qoparılıb, yenidən bərpa olunub; 1 ədəd 9.60 metr uzunluğunda dəmir hasarın bir hissəsi yerindən çıxarılıb, birləşdirici metal boru kəsilib, hasarın digər hissəsi zərər görməyib; 1 ədəd dəmir tor çəpər (uzunluq-9,20 sm, h=1,70 sm, dəmirin qalınlığı 5sm) 5 hissədən qoparılıb, qaynaq işlərinə ehtiyac var, 136 sm uzunluğunda dəmir hissəsi yararsız haldadır. 1 ədəd dəmir tor çəpər (uzunluq-5,30 sm, h=1,76 sm, dəmirin qalınlığı 5 sm) 3 hissədən qoparılıb, qaynaq işlərinə ehtiyac var, 1 ədəd profil dəmir boru (176 sm uzunluğunda, 10 sm diametrində) yararsızdır. 3 ədəd 75 sm diametrində mozaik dəmir başlığın qaynaq işlərinə ehtiyac var. Təqdim olunmuş xx.xx.2025-ci il tarixli aktda darvazanın 5 (beş) metr enində olan hissəsi sökülməsi qeyd edilir. Halbuki vizual baxış zamanı bu həcmin daha çox olduğu – 2 ədəd darvazanın, 2 ədəd də dəmir tor çəpərin sökülməsi müşahidə olunmuşdur. Hal-hazırda sökülmüş hissə aktda göstərilən ölçülərə uyğun təşkil etmir. Beləliklə aparılmış təhlil və müşahidələrə əsasən 3-cü sual üzrə İsmayıllı rayonu Zeyvə kəndi (hal-hazırda Basqal) ərazisində yerləşən X12 və X9 məxsus xüsusi mülkiyyətli torpaq sahələrində dəmir darvaza və hasarların sökülməsi nəticəsində dəymiş zərərin ümumi həcmi (ölçüləri), İsmayıllı rayonu İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli №e378325/2024-45-10 saylı icra aktında göstərilən ölçülərlə eynilik təşkil etmir. Faktiki olaraq çoxdur, həcm və dəyərlər cədvəl 1-də qeyd edilmişdir.” Məhkəmə icra məmurunun, icrada iştirak etmiş reyestr xidmətinin əməkdaşının, habelə Basqal bələdiyyəsi nümayəndəsinin məhkəməyə dəvət edilməsinə təşəbbüs belə göstərməmiş və onların dindirilməsini təmin etməmişdir. Ümumiyyətlə, məhkəmə iş üzrə ifadə vermələri zəruri olan şəxslərin məhkəmədə dindirilmələrini lüzum bilməmişdir. - Ərazi İdarəsinin 18 dekabr 2023-cu il tarixli 3-21-3- 42/2-6642/2023 №-li mütəxəssis rəyində göstərilir: ““Basqal” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DVG) JN 851F, kod ********* nömrəli Şəhadətnamə barədə məlumat mövcud deyildir”. 9 saylı Qəbələ Ərazi İdarəsinin 30 iyun 2025-ci il tarixli 3-21-3-42/2-2778/2025 nömrəli məktubunda göstərilir ki: “JN-851F saylı Şəhadətnamədə göstərilən 0.12 hektar torpaq sahəsi şimal, şərq və cənub tərəfdən X30 aid torpaq sahələri ilə, qərb tərəfdən xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə həmsərhəddir”. Beləliklə müəyyən edilmişdir ki, Şəhadətnamədə göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə sərhədi yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/9473 №-li rəyində göstərilir: “JN-851F saylı Şəhadətnamənin verilməsinə əsas olmuş JN-647F №-li Şəhadətnamənin sxemində göstərilən 0.12 ha torpaq sahəsinə sənəd üzrə ayrıca yol sahəsi nəzərdə tutulmamışdır”. Bu səbəbdən də iddia ərizəsində yol tələbi irəli sürülməmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti xx.xx.2024-cü il tarixli, 3-14- 27/2-/3-336-3/2024 №-li məktubunda göstərilir ki: “1999-cu ildə tərtib olunmuş Kompleks yerquruluşu sxeminə əsasən DVJ faylında qeyd olunan JN647F/0,12 ha torpaq sahəsi sxemə görə X30 aiddir. Meşə Fondunun özgəninkiləşdirilməsinə səbəb olan hallara yol verilmir.” İsmayıllı Rayonu İcra Hakimiyyəti Başçısının 07 iyul 2004-cü il tarixli 48 saylı Sərəncamı əsasında Kərimova Arifə 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmənin rəy verilməsi barəsində müraciətini yerinə yetirməmişdir. Belə ki, müvafiq rəy verilməsi üçün öncə rəsmi olaraq vəsaitin ödənilməsini tələb etmişdir. Şikayətçi tərəfindən dərhal dövlət rüsumu ödənilmişdir. Buna baxmayaraq mütəxəssislər əraziyə gəlməkdən imtina etmişlər və yerində GPS vasitəsi ilə ölçü işləri aparmamışlar. Sorğuya cavab tərzində məhkəməyə bildirmişlər ki, ərazinin plan ölçüsü olmadığına görə suallara cavab vermək mümkün deyil. Darvazaların isə bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşməsi qeyd olunmuşdur. Məhkəmə tələbkarlıq göstərməmiş, mütəxəssislərin əraziyə gəlib yerində plan-ölçü işlərinin aparılmasını təmin etməmişdir. Məhkəməyə lazım gəlirdi ki, bu halda Şəhadətnamələri vermiş İqtisadiyyat Nazirliyinin Kadastr Yerquruluşu Layihə Tədqiqat Mərkəzindən ixtisaslı mütəxəssis tələb etsin və “X11”nin rəyi ilə olan uyğunsuzluğu aradan qaldırsın. Zərurət olarsa tərəflərin məhkəmədə dindirilməsi məsələsini müzakirə etsin. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə oldu ki: “X1 xüsusi mülkiyyətində olan torpaq sahəsində yaşayış evi və həyətyanı tikililər inşasına icazə verilmişdir. Məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Nəzərə alınmalıdır ki, Dövlət Qeydiyyatına alınmış həyətyanı torpaq sahələrinin plan-ölçülərini tərtib etmək mülkiyyətçinin deyil, qeydiyyatı aparmış orqanın vəzifəsidir. 1 və 2 №-li darvazalar heç vaxt bələdiyyə mülkiyyətində olmamış və hazırda da bələdiyyə mülkiyyətində deyil. Həmin ərazilər (167 A, 168 F, 879 BB, 880 BB) Respublikada bələdiyyələr mövcud olmamışdan əvvəl Hüseyn və X14 xüsusi mülkiyyətində olmuş və ərazidə iki mərtəbəli yaşayış evi inşa olunmuşdur. Sonralar həmin ərazilər qonşuya satılmış və yeni mülkiyyətçinin adına qeydiyyata alınmışdır. Həmin ərazilərin koordinatları X4 rəyində və əlavə olunmuş planölçüsündə aydın şəkildə öz əksini tapmışdır. Kərimova Arifənin və Abbasova Yeganənin 2004-cü ildə dəyəri tam ödənilməklə bələdiyyədən alqı-satqı yolu ilə aldıqları həyətyanı torpaq sahələri məhz Kərimov İkramın 1998-ci ildən xüsusi mülkiyyətində olan yaşayış evi və torpaq sahəsinin bilavasitə qonşuluğunda yerləşdiyi üçün əldə edilmiş və xüsusi mülkiyyəti dövlət qeydiyyatına alınmışdır. 2005-ci ildə “Torpaq islahatı haqqında" Qanunun 3 və 12-ci maddələrində sadalanan subyekt olmayan şəxsin adına özündə saysız saxtakarlıqları ehtiva edən, dövlət qeydiyyatına alınmasından imtina olunan Şəhadətnaməyə istinad etməklə Kərimova Arifə və Abbasova Yeganənin xüsusi mülkiyyətində olan torpaq sahələrinə müdaxilə etmək, məhkəmə qərarında göstərilməyən çəpərlərin özbaşına sökülməsi qanuna ziddir. Bu həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 07 mart tarixli 818 nömrəli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməməsinin nəticəsidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən: Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 12 noyabr 2025-ci il tarixli çıxışında da torpaqların zəbt edilməsinin və kateqoriyalarının dəyişdirilməsinin yolverilməz olduğu bir daha təsbit edilmişdir. Şikayət verilən məhkəmə qərardadı isə dövlətin mülkiyyətində olan və özəlləşdirilməsi qanunla qadağan edilən meşə fondu torpaqlarının qanunsuz zəbt edilməsinə rəvac verir. Şərh olunanlara əsasən, İsmayıllı Rayon Məhkəməsinin 8(037)- 68/2025 №-li iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, şikayət ərizəsi üzrə tam və hərtərəfli məhkəmə araşdırılması aparılmalı, qanunun aliliyinə riayət edilməklə ədalətli qərar qəbul edilməlidir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(037)-68/2025 saylı qərardadının ləğv edilərək, Maraqlı şəxs1 icra məmuru X19 qanunsuz hərəkətlərindən verilmiş şikayət ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 8.1 İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlandığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməlidir. Maddə 20.1.5. İcra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Maddə 20.4 İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Maddə 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Maddə 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Maddə 26 İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(037)-68/2025 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. Ona görə də, kollegiya İsmayıllı Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli 8(037)-68/2025 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İş materiallarıdan müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 04 iyun 2024-cü il tarixli, 2(107)-102/2024 saylı qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi ləğv edilərək 22 avqust 2005-ci il tarixli JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0.12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə girişçıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində İkram Kərimov tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) İkram Kərimovun mülkiyyətində olan 0.12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsinin İkram Kərimovun öz hesabına sökülərək götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 noyabr 2025-ci il tarixli, 3-21-3-42/2-5463/2025 saylı mütəxəssis rəyinə əsasən Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədov tərəfindən icra sənədi üzrə sökülmüş mübahisəli ərazi JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində İkram Kərimov tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) İkram Kərimovun mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsinin X6 X10 (TEKUİS) əsasən İsmayıllı rayonu, Basqal bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Maraqlı şəxs1 icra məmuru Aqil Məmmədovun xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 102/2024-045 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru ona izah edilmiş icra qaydasına uyğun icra sənədinin icrası istiqamətində tədbirləri həyata keçirmiş və icra hərəkətlərinin başa çatması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, icra sənədi tam icra edilmişdir.Bu halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələbindən də göründüyü kimi icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilməlidir. Həmçinin Maraqlı şəxs1 icra məmuru X24 icra sənədi üzrə vəzifələrini yerinə yetirərəkən hərəkətlərinin qanunsuz olması faktı da müəyyən edilə bilməmişdir. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də şikayət təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 8(037)-68/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 və X7 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 8(037)-68/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar