Məhkəmə qərarları › İş №8(107)-14/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-14/2022

23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-14/2022 23.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Borclu və ailə üzvlərinin adlarına olan Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən 0,758 ha hissəsinin üzərinə həbsin qoyulmasına tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak üzərinə həbsin qoyulması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 8(014)-78/2022 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin 06.04.2017-ci il tarixli, 2(051)-878/2017 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 06.04.2017ci il tarixli, 2(051)-878/2017 saylı icra sənədinə əsasən Borclu 29.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Göstərilən tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə borcluya bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 20.12.2021-ci il tarixli məktubuna əsasən Borclu və ailə üzvlərinin adlarına Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Borclu və ailə üzvlərinin adlarına olan Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən 0,758 ha hissəsinin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu və ailə üzvlərinin adlarına olan Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən 0,758 ha hissəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. Tələbkar tərəfindən Ağdaş Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 8(014)- 78/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 06.04.2017-ci il tarixli, 2(051)-878/2017 saylı icra sənədinə əsasən Borclu 29.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu və ailə üzvlərinin adlarına olan Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən 0,758 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2, 45.1 və 50.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin həmin qərardadından narazıdır. Qəraradad maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən hesab edir ki, ləğv edilməlidir. Lakin bütün bunlara baxmayaraq işə baxan Ağdaş Rayon Məhkəməsi yalnız “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2, 45.1 və 50.2-ci maddələrinə istinad etməklə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinin pozmaqla və düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Bildirir ki, işə baxan məhkəmə tərəfindən işin məhkəmə iclasında baxılması barədə məhkəmə bildirişini almış və məhkəmə iclasında iştirak etmiş, onunla bərabər iş üzrə borclu və icra məmuru da iclasda iştirak etmişdir. Lakin işə baxan hakim qərardadında göstərmişdir ki, “məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.” Göründüyü kimi işə baxan məhkəmə qərardadı qəbul edərkən qeyd edilən prosessula nüquq normasının tələblərini pozaraq həmin normanı düzgün tətbiq etməmişdir. Mülki Prosessual Məcəlləsinin 263.6-cı maddəsinin tələbinə görə məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Bildirir ki, o məhkəmə iclasında təqdimata etrazını bildirmiş və verdiyi izahatında Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş Siyahı”ya uyğun olaraq Borclu və ailə üzvlərinə məxsus 4.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.758 hektar hissəsinə yox, 3.55 hektarı üzərinə həbsin qoyulmalı olduğunu bildirərək torpaq sahəsinin 3.55 hektarının üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu tərəf buna qəti etirazını bildirmiş, işdə iştirak edən icra məmuru isə təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında bütün tərəflərin iştirak etdiyi, çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi halda, yəni işə bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə baxıldığı halda işə baxan məhkəmə qərardadında tərəflərin məhkəmə iclasında iştirak etməməsini qeyd etməklə yuxarıda göstərdiyi prosessual hüquq normasını pozmuş və ümumiyyətlə tətbiq etməmişdir. Qeyd edilənlərə əsasən Ağdaş Rayon İcravə Probasiya şöbəsinin icra məmurunun Mingəçevir Şəhər Məhkəməsinin 06.04.2017-ci il tarixli, 2(051)-878/2017 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat üzrə Ağdaş Rayon Məhkəməsinin 8(014)-78/2022 saylı 14 mart 2022-ci qərardadının ləğv edilməsini və və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetrilməsini, əks təqdirdə şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 398.0.2-ci maddəyə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 8(014)-78/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 8(014)- 78/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. İş materiallarından görünür ki, Borclu və ailə üzvlərinin adlarına olan Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Məhkəmə kollegiyası tələbkarın şikayətinə münasibət bildirərək qeyd edir ki, həmin torpaq sahəsinin üzərinə həbs qoyulması Borclu ailə üzvlərinin mənafeyinə ziddir və onun mülkiyyət hüquqlarını pozur. Bundan əlavə Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Normanının məzmunundan göründüyü kimi kreditorun borclunun ümumi mülkiyyətdəki payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququ olsa da, borclunun ümumi mülkiyyətdəki payının üzərinə həbs qoyulmasını tələb etmək hüququ öz əksini tapmamışdır. AR NK-in 05.06.2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) və əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə yol verilmir. Göründüyü kimi birinci instansiya məhkəməsi sözügedən Qərarın da göstərişlərinə tam əməl etməmiş, borclunun əsas məşğuliyyətinin kənd təsərrüfatı olub-olmaması, eləcə də digər əmlak vəziyyəti tam yoxlanılmamışdır. Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 8(014)-78/2022 nömrəli qərardadı tam, bununla bağlı 21.04.2022-ci il tarixli qərardadı isə qismən ”şikayətin təmin edilməməsi” hissəsində ləğv olunmalı və sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı: Cavabdeh Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 8(014)-78/2022 nömrəli qərardadı tam, 21.04.2022-ci il tarixli qərardadı isə qismən ”şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin, təqdimat və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar