Məhkəmə qərarları › İş №8(107)-15/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-15/2022

19.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-15/2022 19.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Ağdaş Rayon Məhkəməsinin 8(014)-90/2022 saylı, 07 aprel 2022-ci il tаrixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X6 ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 26/2020 saylı 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edildiyini, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində 08 noyabr 2010-ci il tarixdə qeydiyyata alınmış RX 14008800 nömrəli çıxarışa əsasən Ağdaş rayonunun Şəmsəbad kəndində yerləşən tam mülkiyyət hüququ ilə Tələbkar məxsus olan 0.24 hektar həyətyanı torpaq sahəsindən məcburi çıxarılması, həmin torpaq sahəsindən istifadəyə ona qadağan edilməsi və həmin torpaq sahəsində özbaşına tikilmiş tikili - yaşayış evinin onun hesabına sökülməsinin qət edildiyini, qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icrası üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərildiyini, işi ilə əlaqədar faktiki olaraq Bakı şəhərində yaşadığını və tam orta məktəbdə müəllimə işlədiyini, mübahisəli yaşayış evinin sökülməsinin müəyyən vaxt tələb etdiyini, Bakı şəhərində müəllimə işlədiyinə görə hazırda həmin evin sökülməsini həyata keçirə bilmədiyini, yalnız məktəblilərin yay tətilində buna imkanının olacağını bildirərək qətnamənin icrasına 2022-ci ilin iyul ayının sonuna qədər möhlət verilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-90/2022 saylı, 07 aprel 2022-ci il tаrixli qərardadı ilə ərizənin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı 09.07.2020-ci il tarixli qətnaməsinin icrasına 2022-ci ilin iyul ayının sonuna qədər möhlət verilməsi qərara alınmışdır. Həmin qərardaddan Tələbkar şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Arzu İsrəfilova 2018-ci ildən bu yana onun 2004-cü ildən nikahda olduğu, 2010-cu ildə ölmüş ərinə torpaq şəhadətnaməsinə əsasən məxsus olmuş və ona miras qalmış 0,24 hektar torpağı yeganə vərəsə kimi qəbul etdiyinə dair Ağdaş Rayon Məhkəməsinin 04.11.2012-ci il tarixli 2(014)-785/2012 saylı qanuni qüvvəyə minmiş və adına reyestr çıxarışı verilməklə icra olunmuş, Arzuya heç bir aidiyyəti və dəxli olmayan qətnaməsindən məhkəmənin qanunsuz qərardadı ilə 6 il sonra “apellyasiya şikayəti vermə müddətini “bərpa etməklə” əsassız məhkəmələri “davam etdirmiş”, şəxs qanunsuz tikilisini sökməkdən qərəzli olaraq yayınmışdır. Ağdaş Rayon Məhkəməsindəki həmin işlərlə paralel olaraq Arzu İsrəfilova eyni zamanda Şəki İnzibati Məhkəməsində də ona qarşı daha iki iddia işi açmış, 2-1(084)-377/2019 saylı və 2-1(084)- 839/2019 saylı işlər üzrə də “bəxtini sınamış” və tikilini sökməkdən qərəzli yayınmaqda davam etmişdir. Arzu İsrəfılovanın bütün bunlarda yeganə məqsəd və məramı özbaşına tikilini mütləq sökməli olduğunu 100% bildiyi halda yarımçıq, yaşayış üçün hazır olmayan, yalnız taxta, mişar daşı və üst örtüyü kimi üç materialdan ibarət olan “yaşayış evini” sökməkdən yayınmaq və yenə də yayınmaq olmuşdur. A.İsrəfılovanın 2018-ci ildən bu yana uzanan və nəhayət şəxsin barəsində inzibati xəta haqqında iş və cərimə cəzası, icra məmurunun filan qədər bildiriş, xəbərdarlıqları, aktları, axtarış qərarı, icra şöbəsinə gəlməkdən imtina halları və sairə kifayət qədər əsasları olmasına baxmayaraq məhkəmə sədri qanunlar, icra haqqında qanun və məhkəmə adına hörmətsizlik olan “möhlət qərarı” çıxarmışdır. Hazırkı iş üzrə 09.07.2020-ci il tarixdə 2(014)-26/2020 icra vərəqi verilmiş, icraata başlama qərarı qəbul olunmuş, könüllü icra üçün vaxt verilmiş, 21.07.2020-ci il, 29.08.2020-ci il və 15.09.2020-ci il tarixlərinə məcburi icra tədbirləri təyin olunmuş, lakin Arzu icra şöbəsinə gəlməkdən qərəzli olaraq imtina etmiş və sonda yenə də məhkəmə sədri F.Nəsibovun 25.09.2020-ci il tarixli “məktubuna” əsasən işin icrası 02.11.2020-ci il tarixli qərarla dayandırılmışdır. Sonuncu halda iş üzrə 13.01.2022-ci il tarixdə iş üzrə icraat təzələnmiş, könüllü icra barədə şəxsə bildiriş göndərilmiş, 25.01.2022-ci ildə məcburi icra tədbirlərinin 04.02.2022-ci il tarixdə saat 15:00-a təyin olunduğuna dair qərar qəbul edilmiş, Arzu İsrafilova ilə əlaqə saxladıqda Bakı şəhərindəki ünvanını bildirməkdən qəti şəkildə imtina etmiş, icra tədbiri ilə əlaqədar gəlməyəcəyini və tikilini sökməyəcəyini bildirmişdir. İcra tədbiri günü-04.02.2022-ci il tarixdə İ.Arzu icra tədbiri ilə əlaqədar gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı sənəd təqdim etməmiş, tikilini sökməyəcəyini bildirmişdir. Qeyd olunanlar barədə eyni tarixdə icra məmurları və digər şəxslərin iştirakı ilə akt tərtib olunmuşdur. Daha sonra 11.02.2022-ci il tarixdə məcburi icra tədbirinin 23.02.2022-ci il tarixə saat 15:00-a təyin olunduğuna dair şəxsin Şəmsabad kəndindəki ünvanına cavablı bildiriş məktubu göndərilmiş, bildirişi onun tapşırığı ilə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrasından yayınmaqda, bir neçə ildir ki, onun mülkiyyət hüquqlarına və qanunlara hörmətsizlikdə İ.Arzuya “yalançı vədlər verməklə himayədarlıq edən” “nümayəndəsi” Rasulov Ramil adlı bələdiyyə sədri imza edib almışdır. İsrəfılova Arzu dəfələrlə bildirmişdir ki, reyestr çıxarışına əsasən onun mülkiyyətində olan həyətindəki 0,23 hektar zəbt torpaq sahəsini bələdiyyə sədri ona vermişdir. AR Ali Məhkəməsindən keçmiş məhkəmə qərarları, təsərrüfatın tam olaraq ona məxsusluğuna, reyestr çıxarışına, evin onun mülkiyyətindəki torpaqda yerləşdiyinə dair rəylər olmasına baxmayaraq İcra şöbəsində 17.03.2022-ci il tarixdə icra məmuruna şəxsən yazdığı izahatda da İ.Arzu həyətindəki 0,23 ha torpaq sahəsinin onun olduğunu, oranı bələdiyyə sədrinin ona verdiyini, evi də orada tikdiyini iddia etməklə icradan bir daha qərəzli olaraq yayınmaqdadır. Bildirir ki, həyətində heç bir qaz, su, işıq xəttləri, yaşayış üçün heç bir evin və yaşayışın olmadığı halda, İ.Arzu həyətin hətta kommunal xidmətlərinin də onun adına olduğunu iddia etməklə dələduz və yaramaz himayədarlarının “köməyilə” həyətini faktiki olaraq təzyiq, təsir və pulu gücünə işğal edib zəbt etməkdə davamlılıq göstərərək faktiki olaraq tikilisini sökməyəcəyini bildirir. Qanunların qarşısında onu belə “qüdrətli edən” bəzi “vəzifəli şəxslərin” qanun qarşısında yazıq halları onun arxasızlığı, maddi imkansızlığıdır, başlıcası isə qanunsuzluqdur. 23.02.2022-ci il tarixdə də İ.Arzu qərəzli olaraq icra tədbirləri barədə rəsmi, cavablı və şəxsən bildirilməklə məlumatlandırılmasına baxmayaraq icra üçün növbəti dəfə gəlməkdən boyun qaçırmışdır. 24.02.2022-ci il tarixdə borclunun axtarılması haqqında 4/526 saylı qərar qəbul edilmiş və icrası üçün Ağdaş rayon Polis şöbəsinə göndərilmiş, 03.03.2022-ci il tarixdə İ.Arzunun barəsində 220201 saylı axtarış işi açılmış, şəxs 17.03.2022-ci il tarixdə polis orqanı tərəfindən məcburi olaraq icra şöbəsinə gətirilmişdir. Ağdaş Rayon İcra və Probasiya şöbəsində 17.03.2022-ci il tarixdə İ.Arzu barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, Ağdaş Rayon Məhkəməsi inzibati xəta törətmiş X2 barəsində işə baxaraq 17 mart 2022-ci il tarixli 3(14)-137/2022 saylı qərarı ilə X4 AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilib, ona 500 manat məbləğində cərimə təyin edilmişdir. Bütün yuxarıda qeyd etdiyi rəsmi sənədlərin fonunda İ.Arzu iddia etmişdir ki, məcburu icra tədbirlərindən yayınmamışdır, əksinə vaxtı olmadığından tikilini öz istəyilə sökməyəcəkdir. “Möhlət qərarı çıxarmış” məhkəmə sədri adi məntiqi belə nəzərə almamışdır ki, bütün il boyu 5 və 6 günlük iş həftəsində, saat 9:00- dan 18:00-a kimi daimi işləyən bütün borclular onu haçan tamamilə işdən çıxararlar onda, ildə cəmisi bir dəfə məzuniyyəti olanlar yalnız ona məzuniyyət veriləndə, ümumiyyətlə məzuniyyəti olmayan borclular daimi iş üzündən gələ bilmədiklərindən, dənizdə olan sahilə qayıdanda, xaricdə olan ölkəyə qayıdanda, bütün ilboyu yataqda xəstə olan sağalanda əsası ilə qanunda tələb olunduğu vaxtda və qaydada icra orqanına gəlməyə imkanları olmadığını bildirərlərsə, onda icra haqqında qanun kimə və nəyə yarayar, məhkəmələr belə şəxslərin “möhlət istəyini” təmin edərdimi, təbii ki yox! Belə hallarda ilk növbədə mütləq olaraq məhkəmə qərarının icrası ən azı başqa qayda və formada da olsa həllini tapmalıdır. Borclu şəxslərin mütləq olaraq vaxt imkan edəndə, tətil veriləndə, məzuniyyət götürəndə icra orqanına gəlməsi deyilən bir hüquq anlayışı yoxdur! Belə qərar bütün müəllimlərə əsas vermirmi ki, onlar da borclu olduqları işlər üzrə icra tədbirlərini yalnız hər ildə bir dəfə 01 iyul tarixdən başlamaqla 25 avqustda bitən tətil günlərində həyata keçirilməsini icra qurumları və məhkəmələrdən tələb etsinlər, qanunsuz olaraq “vaxt, iş məhdudiyyəti üzündən” möhlət alaraq icra tədbirlərindən yayınsınlar. A.İsrəfılovanın müəllim kimi hər ay 1457,75 və 2-ci dərəcəli əlil kimi 268,61 manat pensiyası olmaqla cəmi 1726,36 manat aylıq rəsmi gəliri vardır. Halbuki şəxs evinin öz hesabına sökülməsinə, Bakı şəhərindən gəlməyə və maddi imkanının olmamasına da iddia edir. Qərarı həqiqətən icra etmək istəyən şəxsin vaxtı yoxdursa, cəmisi 1-2 günlük bu sökmə işini başqa şəxsə tapşıra, icranı şənbə-bazar günlərinə salmağı xahiş edə, öz hesabına məzuniyyət götürə, işdən iki günlük icazə ala, bu işi vəkilə, başqa yaxınına və qohumuna etibar edə bilərdi, icranı martın əvvəllərindəki, Novruzdakı 8 qeyri-iş günü olan həftə ərzində həll etmək olardı, ona görə ki, onsuz da bu iş xanım işi yox, ustaların işidir. Burda 56 günlük iyul-avqust tətilini gözləməyə heç bir lüzum, zərurət yoxdur. Məhkəmə qərarlarını, icra qanununu, icra orqanının qərar və bildirişlərini bu qədər heçə sayan, uzun müddət ərzində icra proseslərindən qəsdən və qərəzli yayınan bir borcluya dur demək əvəzinə ona yenidən yaşıl işiq yandırmaq şəxsi qanunsuz himayə etməkdir. Möhlət verilməsinin heç bir hüquqi əsası yoxdur! Ona görə də Ağdaş Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 8(014)-90/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-90/2022 saylı, 18 aprel 2022-ci il tаrixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 8(014)-90/2022 saylı qərardadından verilmiş şikayət rədd edilmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 8(014)-90/2022 saylı qərardadı ləğv edilməli, X3 qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində 08 noyabr 2010-cu il tarixdə qeydiyyata alınmış RX 14008800 nömrəli çıxarışa əsasən Ağdaş rayonunun Şəmsabad kəndində yerləşən tam mülkiyyət hüququ ilə Tələbkar məxsus olan 0,24 hektar həyətyanı torpaq sahəsindən X6 məcburi qaydada çıxarılmalı, həmin torpaq sahəsindən istifadə X5 qadağan edilməli, həmin torpaq sahəsində özbaşına tikilmiş tikili-yaşayış evi X3 hesabına sökülməlidir. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu X6 qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər.\ Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 8(014)- 90/2022 saylı, 07 aprel 2022-ci il tаrixli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də Tələbkar şikayəti təmin edilməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 8(014)-90/2022 saylı, 07 aprel 2022-ci il tаrixli qərardadı ləğv edilməli, X3 ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Tələbkar tərəfindən verilmiş şikаyət təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 8(014)-90/2022 saylı, 07 aprel 2022-ci il tаrixli qərardadı ləğv edilsin. X1 Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı 09 iyul 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar