Məhkəmə qərarları › İş №8(107)-16/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-16/2022

02.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-16/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 8(033)-31/2022 saylı, 15 aprel 2022-ci il tаrixli qərardadından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(033)-14/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X1 Nərgiz Paşa qızına, X8, X11 və X12 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş-sahəsi 117,0 kv.metr olan yaşayış evi sökülməklə həmin sahədən çıxarılmalı, ilkin iddia ərizəsi üzrə cavabdeh X3 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməli, 100 (bir yüz) manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X7 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4 Zaqatala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(033)-14/2021 nömrəli icra vərəqəsi 06 aprel 2022-ci il tarixdə icra olunması üçün Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsinin 06 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. X2 ərizə ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 2(033)- 14/2021 saylı icra sənədinin icrasının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 8(033)-31/2022 nömrəli nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(033)- 14/2021 saylı icra sənədinin icrası ilə bağlı icra işinin icraatının dayandırılması barədə X2nun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 8(033)-31/2022 saylı qərardadını ləğv edərək həmin məhkəmənin 12 mart 2021-ci il tarixli 2(033)-14/2021 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-31/2022 saylı, 27 aprel 2022-ci il tаrixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 8(033)-31/2022 saylı qərardadından X2nun verdiyi şikayət təmin edilməsin və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 8(033)-31/2022 saylı qərardadı ləğv edilməli və Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 8(033)-31/2022 saylı qərardadından X2nun verdiyi şikayətə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, borclunun hazırki tələbi irəli sürməkdə «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsasları olmamışdır. Bununla yanaşı o da qeyd olunmalıdır ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş icra sənədi üzrə icraatın dayandırıla biləcəyinə əsas olan hallar barədə də borclu hər hansı sübutunu ərizəsinə əlavə etməmiş, məhkəmə iclasında da bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmasının hüquqi əsasları konkret müəyyən olunmuşdur. Bu şərtlərin hər hansı birinin mövcud olması icra məmuru tərəfindən hazırki icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtləri mövcud deyildir. Bu səbəbdən ərizə əsassızdır və təmin edilə bilməz. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin qanunun 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Həmin qanunun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş qanunun mənasından görünür ki, icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması yalnız icra məmurunun səlahiyyətindədir. MPM-in 231-ci maddəsinə əsasən məhkəmə yalnız qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması barədə ərizələrə baxa bilər. Hazırki icra sənədi isə qanunsuz tikilinin sökülməsi və yaşayış evindən çıxarma ilə bağlıdır. Bu səbəbdən X2 icra hərəkətlərinin dayandırılması barədə məhkəməyə deyil, icra şöbəsinə müraciət etməli, onun verdiyi qərarla razılaşmadığı halda məhkəməyə müraciət etməli idi. Hazırkı halda məhkəmə ərizəni geri qaytarmalı olduğu halda bunu etməmiş, ərizəni icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Ona görə də kollegiya hesab edir ki, X2nun şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 8(033)-31/2022 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 8(033)-31/2022 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar