Məhkəmə qərarları › İş №8(107)-18/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-18/2021

16.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-18/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi və X1nun iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8 (075)-23/2021 nömrəli qərardadından X1nun verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, heç bir yerdə işləməməsini, adına avtomobilin, hər hansı bir daşınmaz əmlakın, banklarda pul vəsaitinin və digər qiymətli əşaların olmamasını, ailə və maddi vəziyyətini və borcunu bir dəfədə ödəmək imkanının olmadığını nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 160/2020 saylı qətnaməsinə əsasən tələbkar X3 ödəməli olduğu 10000 manat borcunun hissə-hissə olmaqla, hər ay 300 manat məbləğində ödənilməsi barədə qərardad qəbul ediməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx xxxxxx 2021-ci il tarixli, 8(075)- 23/2021 nömrəli qərardadına əsasən ərizənin təmin edilməməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-23/2021 nömrəli qərardadından narazı qalan X1 şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-23/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu X9 şikayətini müdafiə edərək bildirmişdir ki, o bu gün də tələbkara olan borcunu ödəməkdən yayınmır. O, mövcud borcundan 5000 manat ödəmiş, cəmi 5000 manat borcu qalmışdır. Lakin birdəfəyə ödəniş etməyə maddi imkanı yoxdur. Hazırda hər ay 300 manat civarında ödəniş edə bilər. Ona görə də şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar tərəf məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini borclunun izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, ərizənin məzmunundan və mülki iş materiallarından görünür ki, X1ndan 10000 manat borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2, 300 manat qiymətləndirmə xərci isə “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bir daha qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinin tələbinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi, qətnamənin hissə-hissə icra etdirilməsi, habelə onun icra üsulunun və qaydasının dəyişdirilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Eyni zamanda tələbkarında mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-23/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-23/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar