Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-19/2023 17.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(051)-590/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsi barədə (Açar sözlər: qətnamənin hissə-hissə icra edilməsi rədd edildi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(051)-590/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin olunmaması barədə Mingəşevir Şəhər Məhkəməsinin 6 mart 2023-cü il tarixli 8(051)-18/2023 nömrəli qərardadından borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Mingəçevir şəhər məhkəməsinin 2(051)-590/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müracət etmişdir. Mingəşevir Şəhər Məhkəməsinin 6 mart 2023-cü il tarixli 8(051)-18/2023 nömrəli qərardadı ilə borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Mingəçevir şəhər məhkəməsinin 2(051)-590/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinin hər ay 150(bir yüz əlli) manat olamaqla hissə-hissə icra edilməsi barədə ərizəsi təmin olunmamışdır. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X1 şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)–18/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılıb ərizənin təmin olunmasını, əks təqdirdə şikayətin baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mingəşevir Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli 8(051)-18/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəşevir Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli 8(051)-18/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-590/2022 №-li 19 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar iddia tələbinin təmin edilməsi, əmək haqqının ödənilməmiş hissəsi olan 2953(iki min doqquz yüz əlli üç) manat cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb iddiaçı Tələbkar verilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 6 ay müddət ərzində əmək haqqının ödənilməmiş hissəsi olan 2953 manat cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb iddiaçıya verilməsi təmin edilməklə qətnamə 6(altı) ay müddət başa çatdıqdan sonra icra edilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(51)-590/2022 №-li xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Tələbkar cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə Mingəçevir şəhər məhkəməsinin 2(050)-590/2022 №-li qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi, qətnamənin qət etdi hissəsinin 2-ci abzasında qətnamənin icra qaydasının müəyyən edilməsi ilə bağlı qeyd edilmiş, “başlayaraq 6(altı) ay müddət ərzində əmək haqqının ödənilməmiş hissəsi olan 2953 manat cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb iddiaçı Tələbkar verilməsi təmin edilməklə” ifadəsi “qətnamə qanuni qüvvəyə mindiyi gündən 6(altı) ay müddət başa çatdıqdan sonra icra edilsin” kimi qeyd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, idarənin fəaliyyəti büdcədənkənar maliyyələşdirildiyi və əlavə gəliri olmadığına görə qeyd edilən məbləği tam ödəmək imkanı yoxdur. Həmin məbləğin hissə-hissə icra edilməsi mümkündür. Ona görə də ərizənin təmin olunmasını, qətnamənin hər ay 150 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Tələbkar ərizəni qəbul etməyərək izahatında bildirmişdir ki, o, məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl idarəyə əmək haqqı borcunu hissə-hissə ödənilməsini xahiş etmişdir. Lakin idarə onun əmək haqqı borcunu ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən 2953 (iki min doqquz üz əlli üç) manat pul alınıb ona verilməlidir. Lakin bu vaxta kimi borclu onun əmək haqqından ödəniş etməmişdir. O, hazırda heç bir yerdə işləmir, ailəsini saxlamaqda maddi cəhətdən çətinlik çəkir. «Məhkəmə qətnaməsi haqqında» Аzərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanun normasının məzmununa görə işə baxmış hakim işdə iştirak şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər. Qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icrа edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İcra haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki borcun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə əsaslı şəkildə mənfi təsir etdiyindən məqsədəmüvafiq deyildir. Bundan başqa borclu idarə borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Borclu, qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə tərəfindən verilmiş icra sənədinin icra müddətinin 2 ay olmasına baxmayaraq, borclunun tələbkara olan borcunun hər ay 150 manat olmaqla 1 il 6 aydan çox müddət ərzində ödənilməsi öz əksini tapır ki, bu da tələbkarın mənafeyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcək hallardan biridir. Mingəşevir Şəhər Məhkəməsinin 6 mart 2023-cü il tarixli 8(051)-18/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəşevir Şəhər Məhkəməsinin 6 mart 2023-cü il tarixli 8(051)-18/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəşevir Şəhər Məhkəməsinin 6 mart 2023-cü il tarixli 8(051)-18/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli
Məhkəmə qərarları › İş №8(107)-19/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-19/2023
17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver