Məhkəmə qərarları › İş №8(107)-21/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-21/2025

18.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-21/2025 18.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, X1nın “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsi üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: X1 14 fevral 2025-ci ildə “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(107)-445/2024 nömrəli qətnaməsi ilə ondan tutulması qət edilmiş pul məbləğinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadı ilə X1nın həmin “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsi təmin edilməmişdir (hakim Zərifə Məmmədova). Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadından X1 şikayət verərək, Zaqatala rayon məhkəməsinin 8(033)-22/2025 saylı qərardadının ləğv edilməsi və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-445/2024 saylı qətnaməsinə əsasən ondan tutulması qət edilmiş pul məbləğinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin olunmasına dair yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardaddan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, onun aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, 8(033)-22/2025 nömrəli işin materialları müəyyən olunur ki, Şəki Apelyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(107)-445/2024 nömrəli qətnaməsinə əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-621/2023 saylı qətnaməsi iddianın təmin edilməyən 4000 manata aid hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş və iddia ərizəsi həmin hissədə təmin edilərək 4000 manat pulun cavabdeh X2 alınaraq iddiaçı Tələbkar ödənilməsi, qətnamənin dəyişdirilmədən saxlanılan hissəsində isə cavabdeh X2 4000 manat pul vəsaitinin alınaraq iddiaçı X9 verilməsi qət edilmişdir. X1 14 fevral 2025-ci ildə “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(107)-445/2024 nömrəli qətnaməsi ilə ondan tutulması qət edilmiş pul məbləğinin hissəhissə icra edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş və həmin ərizəsini tələbkara olan borcunu ödəməkdə çətinlik çəkməsi, heç bir yerdə işləməməsi və onkoloji xəstə olması ilə əsaslandıraraq, 4000 manat borcunun hər ay 50 manat olmaqla hissəhissə icra etməsi barədə məhkəmə qərardadının qəbul olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadı ilə X1nın həmin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 8(033)-22/2025 nömrəli qərardadının ləğv edilməsini və “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi X1nın “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsi üzrə qəbul etdiyi 21 fevral 2025-ci il tarixli və 13 mart 2025-ci il tarixli qərardadlarında mövqeyini onunla əsaslandırmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxmışdır. Həmin maddənin tələblərinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu maddənin dispozisiyasına görə qətnamənin hissə-hissə icra olunması və ya icra üsulunun dəyişdirilməsi üçün borclunun əmlak vəziyyəti nəzərə alınmalıdır və qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Ərizəsində X1 maddi imkansızlığını və onkoloji xəstə olmasını bildirsə də, qeyd olunan qətnamə üzrə icra sənədinin bir dəfəyə icra olunmaması üçün maddi vəziyyətinin ağır olmasını sübut edən və eyni zamanda, onkoloji xəstə olmasına dair sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da borclunun ağır əmlak vəziyyəti və qətnamənin icrası üçün çətinlik törədən, yaxud da borclu üçün yaranmış əlverişsiz hallar müəyyən edilməmişdi. İşin faktiki halından da məlum olur ki, X1 hazırkı ərizə ilə məhkəmə qətnaməsini faktiki olaraq icra olunmamış saxlayır. Bu isə dövlətin adından qəbul olunmuş məhkəmə qətnaməsinin uzun müddətə icra olunmasına, başqa sözlə effektiv şəkildə icra olunmamasına şərait yaradır. Halbuki, Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X1 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə, bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir... Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1997-ci il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, qanunvericilikdə qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Bundan əlavə, qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Qeyd olunanlara əsasən də məhkəmə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-445/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş borcun hissə-hissə icra olunması barədə X1nın ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Şəki Apelyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(107)-445/2024 nömrəli qətnaməsi ilə tutulan borcun X1 tərəfindən hissə-hissə icra edilməsinin zəruriliyi və mümkünlüyü müəyyən olunmadığına görə və eləcə də, həmin qətnamə ilə tutulan borcun ərizənin məzmununda qeyd olunduğu kimi, yəni “hər ay 50 manat məbləğində hissə-hissə ödəniş etməklə ödənilməsi” icra işi üzrə tələbkarın mənafeyini pozduğuna görə - Zaqatala Rayon Məhkəməsi 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadla X1nın “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsini təmin etməməkdə və eləcə də, həmin qərardaddan borclunun verdiyi hazırkı şikayəti 13 mart 2025-ci il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayətin dəlilləri əsassızdır və Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "X4 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarında qeyd edir ki, hüquqi müəyyənlik tələbi “res judikata” prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar