Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-22/2022 24.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" ASC-nin “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi”nə dair ərizəsi (Açar sözlər: icra üsulunun və qaydasının dəyişdirilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 8(037)-16/2022 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları : İsmayıllı Rayon Məhkəməsinin 2(037)-306/2013 saylı, 05 avqust 2013-cü il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada əsas kredit borcuna görə 3808 manat, faiz borcuna görə 957 manat, cərimə borcuna görə 100 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4895 manat məbləği tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi, 4895 manat məbləğinin tutulması 01 iyun 2012-ci il tarixli müqavilə üzrə girov qoyulmuş, əyarı 583, çəkisi 18 qram, dəyəri 360 manat olan iki ədəd üzük və əyarı 585, çəkisi 15,1 qram, dəyəri 278 manat olan 1 ədəd qızıl zəncir olan zinət əşyalarına yönəldilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Rabitəbank” ASC ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-306/2013 saylı, 05 avqust 2013-cü il tarixli qətnaməsi üzrə icra üsulunun və qaydasının dəyişdirilməklə, Borclu1 və Borclu2 qalıq qalan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə müvafiq icra tədbirlərinin həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-306/2013 saylı, 05 avqust 2013-cü il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada əsas kredit borcuna görə 3808 manat, faiz borcuna görə 957 manat, cərimə borcuna görə 100 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4895 manat məbləği tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi, 4895 manat məbləğinin tutulması 01 iyun 2012-ci il tarixli müqavilə üzrə girov qoyulmuş, əyarı 583, çəkisi 18 qram, dəyəri 360 manat olan iki ədəd üzük və əyarı 585, çəkisi 15,1 qram, dəyəri 278 manat olan 1 ədəd qızıl zəncir olan zinət əşyalarına yönəldilməsi qət edilmişdir.Həmin qətnamənin icrası ilə əlaqədar sözügedən qızıl-zinət əşyaları cavabdeh tərəfindən könüllü surətdə satılaraq 1800 manat ödəniş edilmiş, qalan borc isə hal-hazırkı vaxtadək ödənilməmişdir. Maraqlı şəxsnə qalıq borcun cavabdehlərin digər əmlaklarına yönəldilməsi ilə bağlı dəfələrlə müraciətlər olunsa da heç bir nəticəsi olmamışdır. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 13 may 2022-ci il tarixli, 8(037)-16/2022 nömrəli qərardadı ilə ərizəçi Rabitəbank” ASC tərəfindən verilmiş “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi "xxxx" ASC şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 8(037)-16/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarına, Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 43.1, 43.1.1, 43.1.2, 43.1.3, 43.1.4, 43.1.5, 44.3, 45.8 və 50.2-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 231.1 və 231.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, onlar birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadla razı deyillər. Belə ki, borclu "xxxx" ASC-yə olan borcunu tam şəkildə ödəyib qutarana kimi İsmayıllı Rayon Məhkəməsinin 2(037)-306/2013 saylı, 05 avqust 2013-cü il tarixli qətnaməsi üzrə icra üsulunun və qaydasının dəyişdirilməklə, Borclu1 və Borclu2 qalıq qalan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə müvafiq icra tədbirləri həyata keçirilməlidir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007ci il tarixli Qərarına əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.3-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1- 43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.8-ci maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 231.1-ci maddəsində isə göstərilir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 398.0.3-ci maddasinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 8(037)-16/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 8(037)-16/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-306/2013 saylı, 05 avqust 2013-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra qanunvericiliyində nəzərdə tutulmuş məcburi icra tədbirlərini həyata keçirərək, 30 sentyabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən şöbə tərəfindən 09 fevral 2014-cü il tarixli 820 nömrəli icraata başlama haqqında qərar qəbul olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən sözügedən qızıl-zinət əşyaları hərraca çıxarılmış, lakin satılmamış, həmin əmlaklar borc əvəzinə tələbkara təklif olunmuş, lakin borclunun özü tərəfindən könüllü olaraq satılmış və borcun müəyyən hissəsi tələbkara ödənilmişdir. Kollegiya iş materiallarını tədqiq edərək bu qənaətə gəlir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 306/2013 saylı, 05 avqust 2013-cü il tarixli qətnaməsinin nəticə hissəsində, “Borclu1 və Borclu2 müştərək qaydada əsas kredit borcuna görə 3808 manat, faiz borcuna görə 957 manat, cərimə borcuna görə 100 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4895 manat məbləği tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi, 4895 manat məbləğin tutulması 01 iyun 2012-ci il tarixli müqavilə üzrə girov qoyulmuş, əyarı 583, çəkisi 18 qram, dəyəri 360 manat olan iki ədəd üzük və əyarı 585, çəkisi 15,1 qram, dəyəri 278 manat olan 1 ədəd qızıl zəncir olan zinət əşyalarına yönəldilməsi” kimi qeyd edildiyindən, eyni zamanda girov qoyulmuş əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, borc cavabdehlərdən ümumi qaydada tutulsun şəklində qeyd edilmədiyindən (qanunvericiliklə müəyyənləşdirilmiş müddət ərzində işin faktiki hallarından asılı olaraq, əlavə qətnamə, yalnışlığın düzəldilməsi, qətnaməyə izah verilməsi və ya apellyasiya şikayəti və s. üçün müraciətlər olmadığından), məhkəmə hesab edir ki, hazırki ərizədə göstərilən əsaslar sözügedən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi üçün yetərli olmamaqla yanaşı, predmetini də təşkil edə bilməz. Əks halda yeni qətnamə çıxarılmış olur ki, bu hal prosessual qanunvericiliyin tələblərinə ziddir. Ona görə də kollegiya hesab edir ki, ərizəçi Rabitəbank” ASC tərəfindən verilmiş “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MPM-in 15.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Göründüyü kimi, qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə qərarların icrasının ciddiliyini və məcburiliyini kifayət qədər aydın şəkildə təsbit etmişdir. Eyni zamanda, qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrası üsulunun və qaydasının dəyişdirilməsini də nəzərdə tutmuşdur. Lakin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının tələbkarın hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə nəzərədə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zərurliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq borclu qətnaməni könüllü yerinə yetirmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Kollegiya qeyd etməyi vacib bilir ki, icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsini barədə ərizə həll olunarkən, bəzi şərtlərə əməl olunması vacibdir. İlk növbədə nəzərə alınmalıdır ki, qətnamənin icra qaydasının və üsulunun dəyişdirilməsi qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: Ərizəçi "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 8(037)-16/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. . Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-22/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-22/2022
24.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver