Məhkəmə qərarları › İş №8(107)-22/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-22/2023

27.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-22/2023 27.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X11 Səhmdar Cəmiyyətinin Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərardaddan verilən şikayətə dair (Açar sözlər: İcra üsulu, pulun ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(033)-12/2023 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat X11 Səhmdar Cəmiyyətinin idarə heyətinin sədr müavini X13 Rayon Məhkəməsinin qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrasını tam təmin etmək məqsədilə icra üsulunu və qaydasını dəyişdirərək, borclu X4 barəsində icra qanunvericiliyinə müvafiq olaraq icra tədbirlərini tətbiq edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı TuranBank ASC-nin cavabdehlər X3 və X7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamə üzrə tələb ipoteka ilə yüklü edilmiş, cavabdeh X7 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 39.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəlmişdir. 2012-ci il may ayının 7-də episentri Zaqatala rayonu ərazisində baş vermiş 7 bal gücündə olan zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Nəticədə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak tam şəkildə məhv edilmişdir. Bununla bağlı aidiyyəti quruma sorğular edilmiş və müvafiq faktəsdiqedici sənəd onlara təqdim edilmişdir. Hazırda icra sənədi üzrə tələb 11495,48 manat təşkil edir. Belə olan təqdirdə qətnamədə müəyyən edilmiş qaydada tələbin icra edilməsi qeyri-mümkündür. Nəticədə icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi zərurəti yaranır. Hesab edirlər ki, icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə borclu X5 barəsində “İcra haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş tədbirlər tətbiq edilməlidir. Məhkəmə icra üsulunun dəyişidirilməsi məsələsinə baxarkən nəzərə almalıdır ki, hazırkı vəziyyət icra qurumu digər qaydada tələbin borclunun əmlakına yönəldilməsi, habelə icra sənədinin təmin edilməsi istiqamətində borclunun üzərinə öhdəlik qoyulması imkanını məhdudlaşdırır. Yuxarıda qeyd olunlara istinad etsək, habelə icra sənədi üzrə borcun kifayət qədər məbləğ təşkil etdiyini nəzərə alsaq, məhkəmə tərəfindən ərizənin təmin edilməsinə dair müvafiq qərardadın qəbul edilməsi labüddür. Məhkəmə nəzərə almalıdır ki, icra sənədi üzrə borcun alınması məqsədilə tələbin borclunun digər əmlakına yönəldilməməsi, habelə borclu barəsində icra icraatı çərçivəsində məcburi icra və məsuliyyət tədbirlərinin görülməməsi, banka mənsub olan lakin borclunun öhdəliklərinin lazımi qaydada icra edilməməsi nəticəsində itirilən maddi nemətlərin gələcəkdə əldə edilməsi imkanından məhrum edir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(033)-12/2023 saylı qərardadı ilə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(033)-32/2013 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi "xxxx" ASC şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(033)-12/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarı, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15, 43.1.2, 45.6-cı maddələri, Azərbaycan Respublikası MPM-nin 231.1, 231.4-cü maddələri, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarın 12-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 8(033)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qəbul və tərtib edilərkən, məhkəmə tərəfindən bir sıra prossesual pozuntulara yol verilmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar düzgün araşdırılmamış, tərəflərin təqdim etdiyi sübütlar düzgün təhlil edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın əsaslandırıcı hissəsi ilə tanışlıq zamanı müəyyən olunur ki, məhkəmə tərəfindən işə baxılmasına səthi yanaşılmışdır. İlk öncə qeyd edirlər ki, qərardadın əsaslandırıcı hissəsində məhkəmənin ifadə etdiyi fikirlər, məhkəmənin gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. Tərəflərindən qərardaddan şikayət verilərkən, qərardadın ləğvinə yönəldilmiş şikayətlərinin əsaslandırma strategiyası hər bir abzasın açıqlanmasından ibarətdir. Belə ki, qərardadın əsaslandırıcı hissəsində “Göründüyü kimi qanunvericliyin tələblərinə əsasən icra sənədi üzrə borcun ödənilməsi borclunun yetərli pul vəsaiti olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilməsi mümkündür, həmin əmlakın mövcüdluğunun aşkar edilməsi və həmin əmlaka yönəldilməsi ilə bağlı müvafiq hərəkətlərin həyata keçiriməsi icra sənədi üzrə tələbin icrasını həyata keçirən orqanın vəzifəsidir” ifadəsi qeyd edilmişdir. Göstərilənlərə münasibət bildirməmişdən əvvəl, icra məmurunun səlahiyyətləri və tətbiq edəcək tədbirlərin dairəsi barədə qısa məzmunlu mülahizələrini təqdim edirlər. Belə ki, icra məmuruna öz vəzifə funksiyalarını yerinə yetirilməsi ilə əlaqədar qanunvericliklə geniş səlahiyyətlərin verilməsinə baxmayaraq, icra sənədində müəyyən edilmiş üsuldan kənar şəkildə hərəkət etmək, habelə öz seçiminə və mülahizəsinə görə davranmaq imkanı tanınmamışdır. Yəni Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli, 2(033)- 32/2013 nömrəli qətnaməsində məhkəmə artıq icra üsulu göstərilmişdir və müəyyən olunmuş çərçivədən kənara çıxmaq, həmçinin müəyyən edilmiş ardıcılığı pozmaq icra məmurunun səlahiyyətləri xaricindədir. Məhkəmənin ilk öncə səthi yanaşdığı hal ondan ibarətdir ki, icra sənədi üzrə tələbin yönəldiyi əmlak sıradan çıxmışdır. Belə olan təqdirdə qətnamə ilə müəyyən edilmiş ardıcıllıq üzrə, yəni tələbin ipoteka premetinə yönəldilməsi ilə bağlı qanunvericliklə görülməli olan bütün tədbirlərin (əmlakın qiymətləndirilməsi, hərracın sifarişi, hərracın keçirilməsi və sair) yekunu icra sənədinin icrasını mükünsüz edir. Nəticədə icra sənədinin icrası mümkün olmamaqla, icra məmuru tərəfindən icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana geri qaytarılacaqdır. Halbuki məhkəmə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarında mənafeyini nəzərə almalıdır. İcra haqqında qanunvericilik tələbkarın prossesual statusuna dair aydınlıq gətirərək, “xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır” ifadəsini işlədir. Lakin cari vəziyyət tələbkar TuranBank ASC üçün əlverişsiz şərait yaradır, maraqlarını və qanuni mənafelərini təmin etdmək imkanından məhrum edir. Beləliklə məhkəmənin də qeyd etdiyi kimi, qətnamənin icra üsulunun dəyişdirilməsi qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmdəiyi halda onu digər icra üsulu ilə dəyişdirilməsini özündə ehtiva edir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-12/2023 saylı, xx.xx.2023-cüil tarixli qərardadında qeyd edilir ki, qətnamə icraya yönəldikdən sonra icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri olmaqla icra məmurunun təqdimatı əsasında həyata keçirilə və həmin əmlaka icra icraatı çərçivəsində tutma yönəldilə bilər. Hesab edirlər ki, hazırki icra sənədi üzrə müəyyən edilmiş icra üsulu üzrə bu qeyri-mümkündür. Çunki qətnamədə müəyyən edilmiş üsul üzrə icra qurumu tərəfindən tam şəkildə icra hərəkətləri yekunlaşmamışdır. Belə olan təqdirdə isə tələbin borclunun digər əmlakına və ya gəlirinə yönəldilməsində söz belə gedə bilməz. Ümumilikdə qeyd edirlər ki, hazırki status-kvo icra sənədinin icrasını məntiqi nəticə ilə yekunlaşmaq şərtilə qeyri-mümkün etməklə yanaşı, icra məmuru tərəfindən tətbiq edilməli olan tədbirlərin dairələrini məhdudlaşdırır. İcra üsulunun və qaydasının dəyişidirlməsində məqsəd icra məmuru tərəfindən tətbiq ediləcək tədbirlərinin siyahısını genişləndirməkdir. Məhkəmə qeyd olunan məsələyə baxılması zamanı tələbkarın mənafeyini nəzərə almamışdır. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Lakin Zaqatala Rayon Məhkəməsinin 8(033)-12/2023 saylı qərardadı bu müddəaları pozmaqla qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad etməli olduğu halda məhkəmə bunu etməmiş və qərardadın qeyri-müəyyən əsaslarnan qəbul etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k i m i istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə borclunun mənafelərini üstün tutaraq, icra sənədinin icrası istiqamətində mövcüd suni maneələrin aradan qaldırılmasına xidmət edən qərardadı qəbul etməmişdir. İcra üsulunun və qaydasının dəyişdirilməsi zərurətinin olmasına baxmayaraq, məhkəmə tərəfindən bu məsələyə dair münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən icra sənədi üzrə tələbin təmin edilməsi istiqamətində yaranmış qeyri-müəyyənlik araşdırılmamış və yaranan məsələnin tam həll edilməsi, yəni tələbkarın tələbinin təmin edilməsi istiqamətində yeni icra üsulunun və qaydasını müəyyən etməmişdir. Məhkəmə qərarı ilə icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizənin təmin edilməməsinin heç bir hüquqi əsası yoxdur, həmçinin məhkəmə tərəfindən işə baxarakən tərəflərindən təqdim edilmiş sübutlar və əsasları nəzərə almaması, sözügedən qərardadın düzgünlüyünə şübhə yaradır. Buna görə də, Zaqatala Rayon Məhkəməsinin 8(033)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş edirlər. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarına əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.3-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1- 43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.8-ci maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 231.1-ci maddəsində isə göstərilir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 8(033)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş edilmişdir. Ona görə də, kollegiya Zaqatala Rayon Məhkəməsinin 8(033)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 2(033)32/2013 saylı mülki işdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)32/2013 saylı, 04 fevral 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 16 dekabr 2010-cu il tarixli BK 420f/10 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 8122 (səkkiz min yüz iyirmi iki) manat əsas kredit borcu, 3323.48 (üç min üç yüz iyirmi üç manat qırx səkkiz qəpik) manat faiz borcu, cəmi 11445.48 (on bir min dörd yüz qırx beş manat qırx səkkiz qəpik) manat kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı “TuranBank’' ASC-ə qaytarılması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X7 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kvm yaşayış, 39,1 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 16000 manat məbləğində müəyyən edilməsi, iddianın 500 manat dəbbə pulunun cavabdeh X2 alınaraq "xxxx" ASC-ə qaytarılması hissəsində rədd edilməsi, qətnamənin icrasının Zaqatala rayonu İcra Qrupuna tapşırılması qət edilmiş, həmin qətnamənin icrasının təmin edilməsi məqsədi ilə 2(033)32/2013 saylı, 04 fevral 2013-cü il tarixli icra sənədi verilmişdir. Eyni zamanda iş materiallarında olan (033)32/2013 saylı, 04 fevral 2013-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərardan məlum olur ki, 16 dekabr 2010-cu il tarixli BK 420f/10 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 8122 (səkkiz min yüz iyirmi iki) manat əsas kredit borcu, 3323.48 (üç min üç yüz iyirmi üç manat qırx səkkiz qəpik) manat faiz borcu, cəmi 11445.48 (on bir min dörd yüz qırx beş manat qırx səkkiz qəpik) manat kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat tutularaq iddiaçı “TuranBank’' ASC-ə qaytarılmalı, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh X7 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kvm yaşayış, 39,1 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 16000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizənin məzmunundan görünür ki, tələbkar "xxxx" ASC ərizəsində Zaqatala Rayon Məhkəməsinin 2(033)-32/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrasının tam təmin edilməsi məqsədilə icra üsulu və qaydasının dəyişdirilməsini xahiş etsə də, icra üsulunun və qaydasının hansı qaydaya dəyişdəyişdirməsini bildirməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin nümayəndəsindən bu halı aydınlaşdırmış, nəticədə müəyyən olunmuşdur ki, tələbkar icra üsulunun dəyişdirilərək məhkəmə qətnaməsi ilə qət edilmiş pul vəsaitinin borcludan tutulmasını xahiş edir. Borclu tərəfindən isə həmin borc ödənilmədikdə digər icra tədbirləri qismində həmin borcun borclunun pensiyasına yönəldilməsi və ya başqa əmlakları varsa ona yönəldilməsi xahiş edilir. Tələbkarın izahatını diqqətə alan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “icra sənədi üzrə borcun” yenidən bir daha cavabdehdən tutulması barədə ərizə qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi anlamına gəlmədiyindən, qətnamənin icra üsulu və qaydası bu şəkildə dəyişdirilə bilməz. Belə ki, tələbkar iş materiallarında olan 2(033)32/2013 saylı, 04 fevral 2013-cü il tarixli icra sənədi və onun əsasında qəbul edilmiş icraata başlamaq haqqında qərarda “16 dekabr 2010-cu il tarixli BK 420f/10 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 8122 (səkkiz min yüz iyirmi iki) manat əsas kredit borcu, 3323.48 (üç min üç yüz iyirmi üç manat qırx səkkiz qəpik) manat faiz borcu, cəmi 11445.48 (on bir min dörd yüz qırx beş manat qırx səkkiz qəpik) manat kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat tutularaq iddiaçı “TuranBank’' ASC-ə qaytarılmalıdır” kimi qeyd edilmiş hissəni nəzərə almadan, “icra sənədi üzrə borcun” təkrarən bir daha cavabdehdən tutulmasını xahiş etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tələbkar "xxxx" ASC-nin nümayəndəsi həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında borclu tərəfindən həmin borc ödənilmədikdə digər icra tədbirləri qismində həmin borcun borclunun pensiyasına yönəldilməsi və ya başqa əmlakları varsa ona yönəldilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda Azərbaycan Respublikası qanunverciliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi borclunun yetərli pul vəsaiti olmadıqda Azərbaycan Respublikası qanunverciliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələbin borcluya məxsus olan digər əmlaka yönəldilməsi mümkündür, həmin əmlakın mövcudluğunun aşkar edilməsi və həmin əmlaka yönəldilməsi ilə bağlı müvafiq hərəkətlərin həyata keçirilməsi icra sənədi üzrə tələbin icrasını həyata keçirən orqanın vəzifəsidir Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MPM-in 15.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Göründüyü kimi, qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə qərarların icrasının ciddiliyini və məcburiliyini kifayət qədər aydın şəkildə təsbit etmişdir. Eyni zamanda, qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrası üsulunun və qaydasının dəyişdirilməsini də nəzərdə tutmuşdur. Lakin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının tələbkarın hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə nəzərədə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zərurliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq borclu qətnaməni könüllü yerinə yetirmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Zaqatala Rayon Məhkəməsinin 2(033)32/2013 saylı, 04 fevral 2013-cü il tarixli qətnaməsinin nəticə hissəsindən, onun icrası üzrə verilmiş icra sənədindən də aydın şəkildə görünür ki, məhkəmə borcludan pulun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini qərara almışdır. İpoteka predmetinə tutmanın yönəldilməsinin mümkünsüzlüyü borcludan icra sənədində göstərilən borcun tutulmasını istisna edən, bunun üçün əlavə olaraq icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsini şərtləndirən hal deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: Ərizəçi "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(033)-12/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar