Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-24/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, qəbul edilmiş qərardad hüquqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi X2 və Borclu iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(051)-185/2020 saylı qərardadından qəbul edilmiş qərardad hüquqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-5424/2016 saylı məhkəmə qətnaməsinə əsasən xx xxxxx 2002-ci il təvəllüdlü Abuzər və xx xxxxxxxx 2020-ci il təvəllüdlü Türkan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin tutulub iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qətnaməni icra edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu könüllü icra müddətində tələbi təmin etmədiyi üçün,bu səbəbdən borcluya məxsus olan, VAZ 21074 minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 8(51)-185/2020 saylı qərardadı ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş və Borclu adına olan VAZ 21074 minik markalı 10BZ-896 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qərardaddan narazı qalan Borclu şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərardadı ilə, Borclu Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(51)-185/2020 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardad qanuni qüvvəyə minmişdir. Bundan sonra qəbul edilmiş qərardad hüquqlarına toxunan şəxs Maraqlı şəxs həmin qərardaddan şikayət verərək, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(51)185/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbul edilmiş qərardad hüquqlarına toxunan Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(51)185/2020 saylı qərardadı ilə onun ərinin adına olan VAZ 21074 minik markalı 10BZ-896 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hesab edir ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, o, Borclula xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir Regional “‘ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində rəsmi nikah bağlayaraq evlənmiş, lakin rəsmi nikahdan əvvəl faktiki ailə quraraq yaşamış, x xxxxxx 2020-ci il tarixdə o, əri Borclu adına avtomobil almaq məqsədilə “xxxx” ASC-dən 24,71 illik faiz dərəcəsi ilə 35 ay müddətinə 3500 manat pul götürmüş və həmin pulun üzərinə Borclu 500 manat da əlavə edərək 6 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə rəsmi nikahı olduqları dövrdə ünvan 1 ünvanında yaşayan X1 alqı-satqı müqaviləsi əsasında hazırda üzərinə həbs qoyulmuş 1993-cü il buraxılışlı, VAZ 21074 minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 4000 manata almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında avtomobil X5 İmtahan və X7 tərəfindən Borclu adına qeydiyyata alınaraq AD Seriyalı 911280 №li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Hesab edir ki, üzərinə həbs qoyulan avtomobil onunla Borclu birgə niakahda olduğu vaxt alındığına görə onun da həmin avtomobil üzərində birgə mülkiyyət hüququ vardır. Hazırda həmin avtomobilin üzərinə həbs qoyulması ilə bağlı qəbul edilmiş qərardad onun mülkiyyət hüququnu pozur. Ona görə də, qeyd olunan qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(051)-185/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən qəbul edilmiş qərardad hüquqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(051)- 185/2020 qərardadı ləğv edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-5424/2016 saylı qətnaməsini icra edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu könüllü icra müddətində tələbi təmin etmədiyi üçün, bu səbəbdən borcluya məxsus olan, VAZ 21074 minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) x xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərardadı ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi, Borclu adına olan VAZ 21074 minik markalı 10- BZ-896 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, qərardadın dərhal icra olunması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərardadı ilə, Borclu Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(51)-185/2020 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 8(051)-185/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş apellyasiya instansiya məhkəməsinin qərarının birinci instansiya məhkəməsində mübahisələndirilməsi yolverilməzdir. İstər Konstitutsiya Məhkəməsinin, istərsə də Avropa Məhkəməsinin mövqeyi də bu cürdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər (Konstitusiya Məhkəməsi Plenumunun M.Həsənovanın şikayəti üzrə 2015-ci il 2 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarda qeyd edilmişdir ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericilik normalarına riayət edilməklə həll olunması mahiyyəti üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. Avropa Məhkəməsi hüquqi müəyyənlik prinsipinin qorunması baxımından artıq qüvvəyə minmiş məhkəmə qərarının mübahisələndirilməməsinə xüsusi önəm verir. Avropa Məhkəməsi bir sıra qərarlarında bildirmişdir ki, hüquq sistemində məhkəmə qərarlarına müddətsiz nəzarət institutunun mövcud olması məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il, Volkova Rusiyaya qarşı iş üzrə 2005-ci il, Kutepov və Anikeyenko Rusiyaya qarşı iş üzrə 2005-ci il tarixli Qərarlar). Qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılması və ləğvi hüquqi müəyyənlik prinsipinin digər vacib ünsürü olan məhkəmə işlərinə “ağlabatan müddət”də baxılması şərtini də poza bilər. Avropa Məhkəməsi Koem və digərləri Belçikaya qarşı iş üzrə 2000-ci il 22 iyun tarixli Qərarında hüquqi müəyyənlik prinsipi baxımından işlərə “ağlabatan müddət”də baxılması şərtinin universal xarakter daşıdığını və hüquq sahələri baxımından istisnalıq təşkil etməməsini bildirmişdir. Bununla yanaşı, işə “ağlabatan müddət”də baxılması sübutların əhəmiyyətini itirməmək, onları düzgün və obyektiv qiymətləndirmək imkanını yaradır. Bununla belə kollegiya qeyd etməyi lazım bilir ki, qəbul edilmiş qərardad hüquqlarına toxunan Məmmədova X3 Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(51)185/2020 saylı qərardadı ilə onun ərinin adına olan VAZ 21074 minik markalı 10BZ-896 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə ərizə ilə müraciət edə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul edilmiş qərardad hüquqlarına toxunan Maraqlı şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(51)185/2020 saylı qərardadından vermiş olduğu şikayəti qaytarmalı olduğu halda qaytarmamış və qanuni qüvvədə olan məhkəmə qərardadına yenidən hüquqi qiymət verməklə yenidən qərardadı dəyişdirilmədən saxlamışdır. Halbuki şikayət qaytarılmaqla qəbul edilmiş qərardad hüquqlarına toxunan Maraqlı şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(51)185/2020 saylı qərardadı ilə onun ərinin adına olan VAZ 21074 minik markalı 10BZ-896 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququ izah edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2021ci il tarixli, 8(051)-185/2020 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(051)-185/2020 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qəbul edilmiş qərardad hüquqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(051)-185/2020 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №8(107)-24/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-24/2021
05.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver