Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-25/2023 15.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdovа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mingəçevir Şəhər Məhkəməsinin 01 mart 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı “Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-39/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi ərizəsinin təmin edilməməsi barədə” qərаrdаdındаn X2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Borclu X1 şəhər məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-39/2021 saylı qətnaməsinin hissəhissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müracət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 01 mart 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadı ilə X2nun Mingəçevir şəhər məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-39/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş bocun hər ay 100-150 manat arası olamaqla hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. Borclu X1 Şəhər Məhkəməsinin 01 mart 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ailə vəziyyətinin çətin olduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsində göstərilən məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Belə ki, özü heç bir yerdə işləmir və başqa yerdən gəliri yoxdur. Həmçinin 2 uşağın yetkinlik yaşına çata kimi saxlanılması üçün hər ay hər uşağa 136 manat olmaqla, cəmi 272 manat aliment ödəyir. Bundan başqa adına qiymətli əşya, avtomobil və sair əmlaklar olmadığından qətnamədə göstərilən məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Borcu hissə-hissə, yəni ayda 100-150 манат olmaqla ödəyə bilər. Ancaq işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış, yalnız tələbkarın xeyrinə yönələn qərardad qəbul etmişdir. Halbu ki, o, borcunu ödəməkdən yayınmır və borcunu hissə-hissə ödəmək istəyir. Hesab edir ki, qətnamənin hissə-hissə icra olunması tələbkarın mənafelərinə mənfi təsir göstərməyəcəkdir. Bundan başqa onu da qeyd edir ki, Tələbkar hazırda alimentin artırılması ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Onun aylıq gəliri 1800 manatdan artıqdır. Bundan başqa hesab edir ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi ona qarşı qərəzli mövqe tutmuşdur. Belə ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi 01 mart 2023-cü il tarixli qərardadında guya onun tələbkara heç bir ödəniş etmədiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, o, 140, 145 və 150 manat olmaqla tələbkara 3 dəfə ödəniş etmişdir. Lakin, buna baxmayaraq nədənsə işə baxan məhkəmə bu halları aydınlaşdırmamış, əsassız olaraq qərardadda onun heç bir ödəniş etmədiyini qeyd etmişdir. Halbu ki, onun tələbkara ödəniş etməyini təsdiq edən qəbzləri mövcuddur. Bundan başqa ərizəyə məhkəmədə baxılan zaman o, işə baxan hakimə etiraz vermişdir. Çünki, əmlak tələbimə dair işə də həmin hakim baxmış və ziyanına qətnamə qəbul etmişdir. Buna görə də etiraz ərizəsində həmin hakimin yenə də ziyanına qərar qəbul etmək ehtimalının olduğunu bildirmişdir. Lakin, nədənsə işə baxan məhkəmə əsassız olaraq etirazı təmin etməmişdir. Eyni zamanda da işə baxan Mingəçevir Şəhər Məhkəməsi ərizəyə baxarkən Mülki Prosessual Məcəlləsini 231-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə yalnız tələbkarın mənafelərini üstün tutmuş, onun isə qanunla qorunan hüquq və vəzifələrini kobud şəkildə pozmuşdur. Bir daha bildirir ki, o, Yevlax rayonun Əkşəm kəndində yaşayır. Heç bir yerdə işləmir. 58 yaşı var. Həmçinin 2 uşağın yetkinlik yaşına çata kimi saxlanılması üçün hər ay hər uşağa 136 manat olmaqla, cəmi 272 manat aliment ödəyir. Adına hər hansı əmlaklar olmadığından qətnamədə göstərilən məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Ona görə də Mingəçevir şəhər Məhkəməsinin 01 mart 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadını ləğv edib, qətnamənin hissə-hissə icra olunması barədə ərizənin təmin edilməsi haqqında qərardad qəbul etməyinizi xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 07 aprel 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 01 mart 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-39/2021 saylı qətnaməsindən görünür ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin olunmuş, birgə nikah müddətində əldə edilmiş, Bakı şəhəri N.Nərimanov rayonu, M.Məmmədov küçəsi 17 №-li evin X6 məxsus 143 №-li mənzilində yerləşdirilmiş 10 adda əşyalar - “Sarp” markalı paltaryuyan maşın, “Evrolux” markalı kondisioner, “Samsunq” markalı mikrodalğalı soba, “APL” markalı soba, yataq dəsti (çarpayı, döşəkcə, 2 ədəd tumba), tək nəfərlik çarpayının (döşəkli) M.Əliyevə qalması, lakin həmin əşyaların cəmi qiyməti olan 2290 manat pulun ikidə bir hissəsi olan 1455 manatın ondan alınıb Tələbkar verilməsi, Tələbkar olan, birgə nikah müddətində əldə edilmiş “Samsunq” markalı paltaryuyan maşın və “Samsunq” markalı kondisionerin Tələbkar qalması, lakin həmin əşyaların cəmi qiyməti olan 1420 manat pulun ikidə bir hissəsi olan 710 manatın Tələbkar alınıb M.Əliyevə verilməsi və birgə nikah müddətində əldə edilmiş “Mersedes Benz 220 CDİ” markalı avtomaşının satışından əldə etdiyi 9000 manat pulun ikidə bir hissəsi olan 4500 manat pulun X4 alınıb Tələbkar verilməsi qət edilmişdir. Malik Əliyev hər ayda 100-150 manat arası ödənilməklə qətnamənin hissə-hissə icra edilməsi barədə məhkəməyə ərizə vermiş, məhkəmə hissə-hissə icra edilməsi üçün nəzərdə tutulmuş məbləğin az olmasını nəzərə alaraq xx.xx.2023-cü il tarixli qərardadla ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, X2nun borcundan hal-hazıra kimi heç bir ödəniş etməməsini, cəmi 5645 manat borcdan ayda 100-150 manat arası ödəmək istəməsi, hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləğin az olmasını, tələbkarın da hüquqi mənafeyini nəzərə alaraq ərizə təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Borclunun 140, 145 və 150 manat olmaqla tələbkara 3 dəfə ödəniş etməsi və bunun birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlı bəyanına münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, ödənilmiş 435 manat məbləğ ümumilikdə tutulmalı olan məbləğin çox az az hissəsini təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 01 mart 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 01 mart 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-25/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-25/2023
15.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver