Məhkəmə qərarları › İş №8(107)-26/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-26/2021

14.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-26/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(014)-03/2021 nömrəli qərardadından tələbkar X4 tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Şəki Apellyasiya Məhkəməsinin 2(107)-405/2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X2 Ağdaş şəhəri, X9 küçəsinin 2 nömrəli, evində yerləşən 12 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y. Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı) mənzilindən çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyriqanuni istifadəsinə son qoyulması, X1 və onun ailə üzvülərinin həmin mənzilin istifadəsində onun tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-405/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi icra olunması üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Daha sonra borclu X5 məhkəməyə ərizə ilə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-405//2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin icrasına 6 ay müddətinə-xx xxxx 2021-ci il tarixədək möhlət verilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(014)-03/2021 nömrəli qərardadı ilə borclu X3 ərizəsi qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin 2(107)-405//2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin icrası üçün cavabdehə xx xxx 2021-ci il tarixədək möhlət verilmişdir. Qeyd olunan qərardad ilə razı olmayan tələbkar X4 qərardaddan şikayət verərək, Ağdaş Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(014)-03/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(014)-03/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Çünki, öyrənilən işdən aydın olur ki, birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, ərizədə qeyd edilən yaşayış sahəsi ərizəçinin yeganə yaşayış yeri olduğundan, o hal-hazırkı vaxta qədər həmin yaşayış sahəsində yaşadığından və digər yerdə yaşamağa imkanı olmadığından ərizə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu qənaətlə razılaşır. Belə ki, oxşar münasibətləri nizama salan MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Bu Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda iqtibas edilənlərdən bəlli olduğu kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verilməsinin mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Öz növbəsində birinci instansiya məhkəməsi də işin gerçək vəziyyətini nəzərə almaqla məlum qətnamənin icrasına xx xxx 2021-ci il tarixə qədər möhlət vermiş və bu möhlətin bitməsinə artıq on altı gün qalır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(014)-03/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Tələbkar X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(014)-03/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar