Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-26/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mingəçevir Şəhər Məhkəməsinin “qətnamənin icra edilməsinə möhlət verilməsindən imtina edilməsi” bаrədə 8(051)-32/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-634/2022 saylı, 27 may 2022-ci il tarixli icra sənədi üzrə X1 10 mart 2023-cü il tarixdə “qətnamənin icra edilməsinə möhlət verilməsi” barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051)-634/2022 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, X3 uşaqları Hüseyn və Yusif ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmişdir. Qətnamə icra olunacağı təqdirdə yetkinlik yaşına çatmamış övladlarının və onun yaşamağa heç bir yeri olmayacaq, çox böyük çətinliklərlə qarşılaşacaqlar. Övladlarını, ataları tərəfindən hər biri üçün ödənilən 140 manat, ümumilikdə 280 manat aliment məbləği ilə saxlayır. Bu məbləğ onların bütün maddi ehtiyaclarını qarşılamaqda kifayət etmir. Özü heç bir yerdə işləmir. ünvan 2 ünvanında yerləşən mənzildən başqa yaşamağa yerləri yoxdur. Kirayədə yaşamağa isə maddi vəziyyəti imkan vermir. Bu səbəbdən həmin qətnamənin icrasını möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, övladları 19 dekabr 2013 cü il ləvəllüdlü X8 və 24 noyabr 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana qədər Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051)- 634/2022 nömrəli qətnaməsinin icrasına möhlət verilməsini məhkəmədən xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin(bundan sonra- Şəhər Məhkəməsi)(hakim Ə.Hüseynov) 8(051)-32/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Nərgiz Rüstəmovanın ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan borclu Nərgiz Rüstəmova şikayət vermişdir. Şikayətə baxmış Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qətnamənin icra edilməsinə möhlət verilməsi barədə ərizəni təmin etməyən Şəhər Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Həmçinin, boclunun övladları 2013-cü il ləvəllüdlü X8 və 2014-cü ii təvəllüdlü X9 yetkinlik yaşlarına çatana qədər Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051 )-634/2022 nömrəli qətnaməsinin icrasına 8(səkkiz) il və ya 9(doqquz) il müddətinə möhlət verilməsini tələb etməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin süni şəkildə icrasını ləngitmək məqsədi daşıyır və hüquqdan sui-istifadə hallarına yol verilməsi ilə nəticələnir ki, bu da tələbkara münasibətdə onun hüquqlarının kobud şəkildə pozulması və qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşmayan borclu Nərgiz Rüstəmova şikayətində “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizədə göstərilən eyni dəlilləri göstərmişdir. Məhkəmə, borclunun dəlilləri ilə bağlı qeyd edir ki, hazırda borclu maddi imkansızlığını əsas gətirərək, məhkəmə qətnaməsinin 8-9 il müddətə təxirə salınmasını xahiş edir ki, bu hal hüquqdan sui-istifadə halları ilə nəticələnə bilər ki, bu da tələbkara münasibətdə onun hüquqlarının kobud şəkildə pozulması və qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələblərinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi borclunun “qətnamənin icrasına möhlət verilməsi barədə” ərizəsinin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur. Borclu icra sənədinin icrasına möhlət verilməsi üçün əsas ola biləcək hər hansı hallara dair məhkəmələrə sübut təqdim etməmişdir. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Odur ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-26/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-26/2023
16.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver