Məhkəmə qərarları › İş №8(107)-27/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-27/2023

16.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-27/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 08 iyul 2021-ci il tarixli, 8169 saylı icra sənədi üzrə icraata xitam verilməsinə dair 03 aprel 2023-cü il tarixli ərizəsi təmin edilməməsinə dair qərardaddan verilən şikayətə dair (Açar sözlər: İcra sənədi üzrə icraata xitam verilmə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X21 qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(075)-61/2023 nömrəli qərardadından X5 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: X14 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. X6 ərizəsində göstərmişdir ki, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra qeydinə əsasən ondan 3020 manat pul tutularaq X7 ödənilməsi qərara alınmışdır. İcra qeydi icra olunması üçün Şəki rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Sözügedən icra sənədi ürə borc məbləğinin 1800 manatını hər ay ödəniş terminalları vasitəsi ilə Zümrüdün bank kartına ödəmişdir. Qalan 1200 manat məbləği sonuncunun xahişi ilə bank kartına deyil, bir dəfəyə ödəmək şərti ilə əlbəəl verməyə razılaşmışlar. Bundan sonra Zümrüd, oğlu Rəsulu onun yanına göndərəcəyini və pulu ona verməyini xahiş etmişdir. 06 may 2022-ci il tarixdə Zümrüdün oğlu Rəsul ilə görüşərək Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində yerləşən "xxxx" ASC-nin bankomatdan ona məxsus bank kartından 1200 manat pul məbləğini nəğdləşdirərək Rəsula vermiş və o da qeyd etdiyi məbləği sayaraq qəbul etmişdir. Daha sonra onun telefonu ilə anasına, yəni Zümrüdə zəng edərək sözügedən məbləği ondan aldığı barədə məlumat vermişdir. Bütün bunlar həmin ərazidə olan təhlükəsiz şəhər kamerasının yanında baş vermişdir. X3 onun ona borclu olduğu 1200 manat məbləğin ona verilmədiyini, hələ də onun ona qeyd edilən qədər borclu olduğunu, onun yanına gələrək özünü Zümrüdün oğlu kimi təqdim edərək 1200 manatı ondan alan şəxsin onun oğlu olmadığını və həmin şəxsi tanımadığını bildirmişdir. Bu səbəbdən də, təhlükəsiz şəhər kamerasından həmin görüntülərin götürülərək ondan 1200 manat məbləğində pulu almış şəxsin müəyyən edilməsi məqsədi ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə şikayət ərizəsi vermişdir. Polis bölməsində şikayəti üzrə araşdırma aparılmış, kamera görüntüləri götürülmüş, X9, verdiyi izahatında oğlu Rəsula verdiyi 1200 manat məbləğində pulun ona təqdim edildiyini etiraf etmiş, buna görə də, şikayət üzrə 11 iyun 2022-ci il tarixdə cinayət işinin başlanılmasınm rədd edilməsi barədə qərar qəbul edilmişdir. ''İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələblərini əsas tutaraq Şəki rayon İcra və Probasiya Şöbəsindən 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, əsassız olaraq bundan imtina edilmiş və onun hüquqları pozularaq əmək haqqından yenidən əlavə 1200 manat pulun tutulması barədə qərar qəbul edilmişdir. Buna səbəb kimi icra şöbəsindən tələbkarın borcun tam ödənilməsi barədə ərizə verməməsi göstərilmişdir. Göründüyü kimi X9, şəxsi maraqları naminə əlavə qazanc əldə etmək məqsədi ilə icra şöbəsinə lazımi ərizə vermir və onun ona borcunun ödənildiyini etiraf etmir. Buna görə də, 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(075)-61/2023 nömrəli qərardadı ilə, X2 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 08 iyul 2021-ci il tarixli, 8169 saylı icra sənədi üzrə icraata xitam verilməsinə dair 03 aprel 2023-cü il tarixli ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X6 şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(075)-61/2023 saylı qərardadı ilə, Şəki Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(075)-61/2023 nömrəli qərardadından X2 verdiyi şikayətin işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-20.1.5-ci, 20.2, 20.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəmənin sözügedən qərardadından narazıdır. Belə ki, qərardadda X9 tərəfindən onun oğlu Rəsul vasitəsi ilə onun verdiyi 1200 manat pulun alınmadığı, həmçinin Rəsulun həmin pulu anası Zümrüd İmaməliyevaya verib verməməsinin müəyyən edilmədiyi qeyd edilmişdir. Halbuki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində şikayəti əsasında araşdırma aparılarkən ifadəsi alınmış X9, anasına çatdırması üçün verdiyi 1200 manat pulu Rəsulun gətirib ona verdiyini, lakin həmin pulun hazırkı icra işi ilə bağlı deyil, başqa işlə bağlı olduğunu qeyd etmişdir. Bu faktlar cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərarda da öz əksini tapmışdır. Göründüyü kimi onun X8 müqavilə üzrə borcu olduğuna görə o, notariat ofisinə müraciət etmiş və həmin borcun ondan tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsinə nail olmuşdur. Əgər onun Zümrüd İmaməliyevaya başqa işə görə borcu vardırsa, onun yenidən məhkəməyə və ya notariat ofisinə müraciət etməməsi, eyni zamanda hazırkı icra işi üzrə borcu olduğu halda heç bir razılıq olmadan verdiyi pulu guya başqa işə görə verilmiş pul kimi hesab etməsi ağlabatan deyil. Məhkəmə qeyd edilən halları araşdırmaq üçün müvafiq orqanlara (icra və probasiya şöbəsinə, notariat ofisinə) sorğular vermədən, X4 onun ona başqa işə görə borclu olmağına dair hər hansı sübut tələb etmədən, eyni zamanda Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində toplanmış materialı tələb edərək araşdırmadan, video görüntülərə baxış keçirmədən ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Odur ki, göstərilənlərə əsasən, Şəki Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(075)-61/2023 saylı qərardadının ləğv edərək ərizənin təmin edilməsi, əks təqdirdə hazırkı şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq «İcra haqqında» Azərbaycan Respublikası Qanunu; “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-20.1.5-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qərar: Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(075)-61/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(075)- 61/2023 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsaslı olmadığından təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(075)-61/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədinə əsasən X6ndan 3000 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar X8 verilməlidir. Daha sonra X5 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Lakin X5 ərizə ilə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etsə də, 1200 manat pulun tələbkara ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədinə əsasən X6ndan 3000 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar X8 verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin X6na ünvanladığı 01 fevral 2023-cü il tarixli, 682/20 nömrəli məktubundan görünür ki, X14 tərəfindən tələbkar X8 1200 manat məbləğində pulun verilməsi təsdiqini tapmadığından icra işi üzrə icraata xitam verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısının 11 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi“ haqqında qərarından görünür ki, X9 artıq qazanc əldə etməsi üçün T.Çərkəzovun onun yetkinlik yaşına çatmayan oğlu Rəsula sözügedən qalıq borcu olan 1200 manat pulun ödənilməsini etiraf etməmişdir. Buna görə də, qeyd edilən faktda cinayət hadisəsi müəyyən edilmədiyindən mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, X5 ərizə ilə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etsə də, 1200 manat pulun tələbkara ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(075)- 61/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(075)-61/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar