Məhkəmə qərarları › İş №8(107)-27/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-27/2024

13.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-27/2024 13.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 8(046)-62/2024 saylı qərardadından Tələbkar ASC-nin verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İcra sənədini icra edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(046)-1641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 8837.25 manat məbləğində pul vəsaiti və 108.37 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Göyçay rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göyçay Rayon Məhkəməsinin 8(046)-62/2024 saylı, 7 may 2024-cü il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin e-2(046)-1641/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı təmin edilməmişdir. Həmin qərardaddan Tələbkar ASC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-1641/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu Tələbkar ASC-nin xeyrinə ümumilikdə 8837,25 manat məbləğində kredit borcunun və 108,37 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş və icra sənədi icra olunması üçün Göyçay Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamə hazırda qüvvədədir, qətnamənin qəbul edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən könüllü qaydada hər hansı ödəniş edilməmiş, həyata keçirilən ödənişlər isə yalnız tələbkar bank tərəfindən borclunun pensiya kartına yönəldilməklə həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli 2024/104/3394 saylı məktubla Göyçay Rayon İcra və Probasiya Şöbəsinə müraciət edilərək qətnaməni icra etməkdən yayınan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə müvafiq təqdimatla məhkəməyə müraciət olunması xahiş edilmiş, Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülviyyə Sadıqova tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması bərədə Göyçay Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş və Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(046)-62/2024 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(046)- 62/2024 saylı qərardadı ilə icra məmurunun təqdimatının təmin edilməməsi icra sənədinin icra edilməsinə maneə olmuş, nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icrasız qalmış, gələcəkdə məhkəmə qərarının icrası çətinləşmişdir. Qətnamə ilə müəyyən edilmiş məbləğin uzun müddət ərzində tələbkara qaytarılmaması konstitusion prinsiplər baxımından da tələbkarın hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 8(046)-62/2024 saylı, 7 may 2024-cü il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 8(046)-62/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin şikayətə əsаsən işə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında bаxılаn zaman Tələbkar ASC məhkəməyə ərizə göndərərək qərardaddan verdikləri şikayətə baxılmadan geri qytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, Tələbkar ASC-nin ərizəsi şikayətdən imtina hesab olunmalı və qəbul edilməlidir. Həmin Məcəllənin 396.1-ci mаddəsinə əsаsən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci mаddəsinə əsаsən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, Tələbkar ASC-nin şikayətindən imtina etməsi iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də, hazırki iş üzrə Tələbkar ASC-nin şikayətdən imtina ərizəsi qəbul edilməli və Tələbkar ASC-yə münasibətdə işin apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar ASC-nin Göyçay Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 8(046)- 62/2024 saylı qərardadından verdiyi şikayətindən imtinası qəbul edilsin. Tələbkar ASC-yə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar