Məhkəmə qərarları › İş №8(107)-28/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-28/2021

19.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-28/2021 19.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(025)-16/2021 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(107)-2273/2018 nömrəli qətnaməsinə əsasən, cavabdeh X2 25.500 (iyirmi beş min beş yüz) manat məbləğində pul alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. X1 məhkəməyə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək qətnamənin hissəhissə icra edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(025)-16/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. X1 məhkəməyə dəftərxana vasitəsilə şikayət təqdim edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(025)-16/2021 nömrəli qərardadının ləğv edilməsini və borcun hissə icra olunması barədə ərizənin təmin edilməsini xahiş etmişdir. X1 şikayəti onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etdiyi ərizədə o, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsinin icra etməyə hazır olduğunu bildirmişdir. Lakin, 25500 manat məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Bundan başqa 2015-ci ildə baş verən devalvasiyadan sonra onun maddi vəziyyəti ağırlamşmışdır. Himayəsində 5 nəfərdən ibarət ailə üzvü vardır. O və ailə üzvləri heç yerdə işləmirlər. Ona görə də borcunu ödəməkdə çətinlik çəkir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(025)-16/2021 nömrəli qərardadının ləğv edilməsini və borcun hissə icra olunması barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(025)-16/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Borclu məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. MPM-in 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan başqa kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Hazırki vəziyyətdə isə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 2 ildən artıq vaxt keçmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayət təmin edilmədən, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(025)-16/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(025)-16/2021 nömrəli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(025)-16/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(025)-16/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar