Məhkəmə qərarları › İş №8(107)-28/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-28/2022

25.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-28/2022 25.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Borclu Xanməd oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair mülki iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlunndan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 8(033)-71/2017 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(033)-156/2022 nömrəli qərarından görünür ki, Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola həmin tarixə yaranmış 11517 manat aliment borcundan 4000 manat ödədiyinə görə xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(033)-266/2019 saylı icra sənədinə əsasən 22 iyun 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq Tələbkar ödənilməlidir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli 217981 nömrəli məktubunun surətindən görünür ki, Borclu barəsində tərtib edilmiş inzibati protokol məhkəməyə təqdim edildikdən sonra Tələbkar xeyrinə 4OQ0/(dörd min) manat ödəniş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(033)-156/2022 nömrəli qərarından görünür ki, Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola həmin tarixə yaranmış 11517 manat aliment borcundan 4000 manat ödədiyinə görə xitam verilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli 217981 nömrəli məktubunun surətindən görünür ki, borclu tələbkara ödəməli olduğu aliment borcundan 4000 manatı xx.xx.2022-ci il tarixdə ödəmişdir, həmin tarixə ödənilməmiş borc 7517 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru, üçüncü dərəcəli ədliyyə qulluqçusu Elmin Kərimov təqdimatla məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Borclu Xanməd oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, qeyd edilən icra vərəqəsinin icrasının təmin edilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin „görülməsinə baxmayaraq, Borclu Xanməd oğlu yaranmış 4750 manat aliment borcunu ödəməmiş, bununla da mütəmadi icra edilməli olan icra vərəqəsinin icrasını üzrsüz səbəbdən təmin etməmiş, onun ünvanına göndərilmiş yazılı bildirişə heç bir münasibət bildirməmiş, görülən tədbirlər isə heç bir nəticə verməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(033)-71/2017 saylı qərardadına əsasən təqdimat təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli icra vərəqəsinin icrası üzrə yaranmış 4750 (dörd min yeddi yüz əlli) manat aliment borcunun ödənilməsi tam təmin edilənədək, Borclu Xanməd oğlunun Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 8(033)-71/2017 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Borclu Xanməd oğlu yaranmış 4750 manat aliment borcunu ödəməmiş, bununla da mütəmadi icra edilməli olan icra vərəqəsinin icrasını üzrsüz səbəbdən icra etməmişdir. Ona görə də hesab edir ki, icra məmurunun təqdimatı qanuni və əsaslı olduğuna görə təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli icra vərəqəsi üzrə yaranmış 4750 manat aliment borcunun ödənilməsi tam təmin edilənədək Borclu Xanməd oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1 və 84-1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(033)-71/2017 saylı qərardadına əsasən 4750 (dörd min yeddi yüz əlli) manat aliment borcunun ödənilməsi tam təmin edilənədək ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Məhdudiyyət qoyulan zaman ölkədə olmamış və məhkəmə prosesində iştirak etməmişdir. Hazırda Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli 2(033)-441/2007 nömrəli icra vərəqəsinin icrası üzrə yaranmış 4750 (dörd min yeddi yüz əlli) manat aliment borcundan 4000 manat ödəmişdir. Hər ay müntəzəm olaraq aylıq aliment ödənişini edir. Hazırda həyat yoldaşı Kifayət Əlləzova, iki azyaşlı övladı Nahid Əlləzov və Nail Əlləzov ağır xəstədir və Şəki rayonu Mərkəzi Xəstəxanasında həkimlərin nəzarətindədir. Onların müalicəsi ölkə daxilində mümkün deyildir. Həkimin məsləhəti ilə müalicənin davam etdirilməsi üçün onların Türkiyə Cümhuriyyətinə aparılması məcburiyyəti yaranmışdır. Odur ki, ölkədən getmə hüququnun məhdudlaşdırılmasına dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(033)-71/2017 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44.1. maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 8(033)-71/2017 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 8(033)-71/2017 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək müəyyən edir ki, borcluya könüllü icra üçün verilmiş vaxt ərzində və ondan sonra edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasını təmin etməmiş, onun əmlak vəziyyəti tam olaraq yoxlanılmış və zəruri icra hərəkətləri edilmiş, lakin hər hansı bir nəticəyə nail olunmamışdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın verilməsi 3 əsasla şərtləndirilmişdir: 1) məhkəmə qərarları əsasında verilmiş icra sənədlərinin könüllü icra üçün müəyyən olunmuş vaxtda icra edilməməsi; 2) borclu tərəfindən həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; 3) icra məmurunun əsaslandırılmış təqdimatı. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən şikayət əsaslı ola və təmin edilə bilməz. Əvvəla, ona görə ki borclu şikayətində qeyd olunmuş dəlillərə dair təsdiq olunmuş qaydada hər hansı bir sənədi təqdim etməmişdir. İkincisi, borclu ölkədən getmək hüququnun olduğunu və bundan maneəsiz şəkildə istifadə etmək istədiyini bilsə də, nədənsə Dövlətin adından çıxarılmış icra sənədinin icra etmək vəzifəsinin də olduğunu unudur. Şikayətdə göstərdiyi dəlillər də, məhdudlaşdırılmanın ləğvi üçün yetərli deyildir. Lakin, kollegiya qeyd edir ki, icra sənədi icra edildikdə məhdudlaşdırmanın aradan qaldırılması üçün borclunun müraciət etmək hüququ mövcuddur. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Beləliklə, məhkəmə kоllegiyаsı qərаrdаddаn verilmiş şikаyətin təmin edilməsi üçün əsаs müəyyən etmədi və bu qərаrа gəldi ki, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı dəyişdirilmədən sаxlаnmаlı, şikаyət isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 269 357, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 8(033)-71/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar