Məhkəmə qərarları › İş №8(107)-30/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-30/2021

19.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-30/2021 19.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Borclu iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-18/2021 nömrəli qərardadından Borclu verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon İcra və Probasiya Şöbəsi Borclu barəsində “məcburi gətirmə tətbiq olunmasına dair” təqdimatla məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-18/2021 nömrəli qərardadına əsasən təqdimatın təmin edilməsi qərara alınmışdır. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-18/2021 nömrəli qərardadından Borclu şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Şikayəti onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-18/2021 nömrəli qərardadı tamamilə əsassızdır. Belə ki, o icra şöbəsindən rəsmi çağırış almamış və onun yayınmaq fikri olmamışdır. Əksinə o özü onu qəbul etməsi üçün icra şöbəsinin rəisi Emil Əhmədliyə teleqram göndərmişdir. Bundan başqa, onun müxtəlif tarixlərdə Ağsu rayon İcra və Probasiya şöbəsinə rəsmi müraciətləri olmuşdur. Onun həyat yoldaşı onkoloji və ürək-damar əməliyyatı keçirmişdir. Ona qulluq edən başqa şəxs olmadığından o 2014-cü ildən 2020-ci ilədək qeydiyyatda olduğu ünvanda yaşamamışdır. Bundan başqa, o Ağsu rayon İlxıçı Bələdiyyəsinin səlahiyyətli nümayəndəsidir. Onun məcburi qaydada gətirilməsinə zərurət yoxdur. O sərt karantin rejimi yumşaldıldıqdan sonra qəbul edilməsi üçün son dövrdə ona yaxın teleqramla müraciət etmişdir. Odur ki, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)- 18/2021 nömrəli qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında Ağsu rayonu üzrə İcra və Probasiya Şöbəsinə və borclunun nümayəndəsi Vəkil lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, Ağsu Rayon Məhkəməsi Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasif Əliyev tərəfindən verilmiş təqdimata əsasən xx.xx.2021-ci il tarixli 8(016)-18/2021 saylı qərardadla Ağsu rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardadın surətini xx.xx.2021-ci il tarixdə aldıqdan sonra o, Ağsu rayon Polis Şöbəsinə və Ağsu rayon İcra və Probasiya Şöbəsinin məktub göndərərk qərardaddan şikayət vermə hüququnun olduğunu bildirmişdir. O dəfələrlə müvafiq orqanlara müraciətlər etmişdir. Ağsu Rayon Məkhəməsi tərəfindən məcburi gətirilmə haqqında qərar qəbul ediləndən sonra o, Ağsu rayon İcra və Probasiya Şöbəsinə getmiş, barəsində protokol tərtib edilmiş və o,10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Odur ki, şikayətin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-18/2021 nömrəli qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-18/2021 nömrəli qərardadınqərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda icra məmuru müvafıq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfındən yoxlanılaraq təsdiq olunur. İşə yenidən baxan Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, iş materialları ilə təsdiq olunur ki, məhkəmələr tərəfindən verilmiş müxtəlif icra vərəqələrinə əsasən, borclu tərəfindən tələbkar şəxslərə borcunun ödənilməsinə dair qərarlar üzrə müvafiq icra tədbirləri aparılmış, borcluya rəsmi xəbərdarlıqlar edilmiş, ödəmənin könüllü olaraq təyinatı üzrə köçürülməsi və Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi ondan tələb edilmiş, o isə icra şöbəsinə gəlməmişdir. Nəticədə icra sənədi icra edilməmiş qalmışdır Öyrənilən işdən aydın olur ki, borclu icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən müxtəlif bəhanələrlə üzrsüz səbəbdən yayınır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətdədir ki, şikayət təmin edilmədən, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-18/2021 nömrəli qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-18/2021 nömrəli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-18/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-18/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar