Məhkəmə qərarları › İş №8(107)-31/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-31/2022

08.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-31/2022 08.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-878/2017 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın üzərinə həbsin qoyulması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-878/2017 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı üzrə Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadından iş üzrə Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)- 878/2017 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu və ailə üzvlərinin adlarına olan Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən 0,758 ha hissəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 8(107)- 14/2022 saylı qərarı ilə Tələbkar tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 8(014)- 78/2022 nömrəli qərardadının tam, xx.xx.2022-ci il tarixli qərardadının isə qismən ”şikayətin təmin edilməməsi” hissəsində ləğv edilməsi, təqdimat və ona əlavə olunmuş sənədlərin prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu və ailə üzvlərinin adlarına olan Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən 0,758 ha hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan narazı qalan Tələbkar şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-878/2017 saylı icra sənədinə əsasən Borclu xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu və ailə üzvlərinin adlarına olan Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən 0,758 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2, 45.1 və 50.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsində işə yenidən çox səthi baxılmış, 14 mart 2022-ci il tarixli qərqrdadının məzmununda qismən dəyişiklik edilərək “Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsinə etraz etmədi və bildirdi ki, əvvəllər həmin torpaq sahəsində kənd təsərrüfat ilə məşğul olsa da, hazırda Şamaxı rayonunda başqa qeyri-rəsmi əmək fəaliyyət ilə məşğul olur. Torpaq sahəsində isə hazırda onun ailə üzvləri kənd təsərrüfatı ilə məşğul olurlar. Məhkəmə iclasında Tələbkar Borclu və ailə üzvlərinin adlarına Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlükdə üzərinə həbs qoyulmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında marağına toxunan şəxs Maraqlı şəxs5 təqdimatın təmin edilməsinə etiraz etməyərək bildirdi ki, həmin torpaq sahəsi onun ailə üzvlərinə məxsusdur. Borclu aliment borcuna görə yalnız ona aid hissənin üzərinə həbs qoyulmasını xahiş etdi” cümlələrini aparmaqla köhnə qərardadını təkrar qəbul etmişdir. Bildirir ki, icra işi üzrə borclu hər dəfə məhkəmə iclaslarında verdiyi ifadəsində bildirmişdir ki, onun əsas məşğuliyyət kənd təsərrüfatı ilə yox, Bakı şəhərində və digər rayonlarda müxtəlif sahələrdə fərdi əməklə məşğul olmasıdır. İşə baxan Ağdaş rayon Məhkəməsi işə təkrar baxarkən borclunun əsas məşğuliyyətinin kənd təsərrüfatı olmasını qərardadından göründüyü kimi tam araşdırmamış, əgər borclunun həqiqətən də əsas məşğuliyyəti kənd təsərrüfatıdırsa və o və digər ailə üzvləri onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 4.55 hektar torpaq sahəsində çalışırlarsa və qazancları yalnız həmin torpaq sahəsindən gələn gəlirdirsə, bütün bunları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İşə baxan məhkəmə də işə baxarkən işin bütün bu hallarını tam və hərtərəfli araşdırmamışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin qərardadında göstərilmiş prosessual hərəkətləri yerinə yetirməmiş, bununla da, yuxarı instansiya məhkəməsinin qərardadında göstərilən nöqsanları aradan qaldırmamışdır. Ona görə də hesab edir ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Ağdaş Rayon Məhkəməsi Nazirlər Kabinetinin həmin qərarının göstərişlərinə uyğun olaraq yuxarıda göstərilən hərəkətləri etməyərək, yəni borclunun və onun ailə üzvlərinin əsas məşğuliyyətlərinin kənd təsərrüfatı olub-olmamasını, borclunun işləyib-işləməməsini, həmin 4.55 hektar torpaq sahəsinə görə sığorta uçet nömrəsinin (SUN nömrə) olub-olmamasını, torpaq sahəsində çalışdığına görə vergi orqanlarında vergi ödəyicisi kimi qeydə alınıb-alınmaması və s.kimi halları araşdırmamış və nəzərə almamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göründüyü kimi, işə yenidən baxan Ağdaş Rayon Məhkəməsi işə baxarkən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadında qeyd edilmiş “birinci instansiya məhkəməsi tərəfindən AR NKnin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərının göstərişlərinə tam əməl etməməsi, borclunun əsas məşğuliyyətinin kənd təsərrüfatı olub-olmaması, eləcə də digər əmlak vəziyyətini tam yoxlamaması, ona görə də işə baxan Mülki Kollegiya qanunvericiliyin həmin tələblərinə riayət edilməklə işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması” kimi göstərişlərinə əməl etməmişdir və bununla da MPM-nin 399-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənlərə əsasən Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-878/2017 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat üzrə Ağdaş Rayon Məhkəməsinin 8(014)-78/2022 saylı, 20 iyun 2022-ci qərardadının ləğv edilməsinə və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetrilməsini, əks təqdirdə şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 8(014)- 78/2022 saylı qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, Borclu və ailə üzvlərinin adlarına olan Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 4,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Məhkəmə kollegiyası tələbkarın şikayətinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Bundan əlavə, AR NK-in xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) və əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə yol verilmir. Göründüyü kimi birinci instansiya məhkəməsi sözügedən Qərarın göstərişlərinə əməl edərək, borclunun əsas məşğuliyyətinin kənd təsərrüfatı olub-olmamasını yoxlamış və müəyyən edilmişdir ki, sonuncu hazırki torpaq sahəsindən özü istifadə etməməklə, Şamaxı rayonunda qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olur. Buradan da belə qənaətə gəlinir ki, borclunun əsas məşğuliyyəti kənd təsərrüfatı olmamaqla, yeganə dolanışıq yeri deyildir. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edildi ki, birinci instansiya məhkəməsi iş üzrə borclu ilə yanaşı digər mülkiyyətçiləri də işə cəlb etmiş, sonda borclu da daxil olmaqla digər mülkiyyətçilər borcluya düşən payın üzərinə həbs qoyulmasına etirazlarının olmadığını bildirmişlər. Beləliklə məhkəmə, yuxarıda qeyd olunalara əsasən hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 8(014)-78/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar