Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-32/2021 21.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-35/2021 saylı, 09.02.2021-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir şəhər məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(051)-1214 saylı qətnaməsi ilə cəmi 1964,50 manat və 30 manat dövlət rüsumunun X2, X5 və X1 alınıb “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Borclu ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin hissə-hissə ödəməklə icra edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Borclu sonradan məhkəməyə ərizə təqdim edərək ərizəsində dəyişiklik etmiş, Mingəçevir şəhər məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(051)-1214 saylı qətnaməsi ilə “xxxx Banka” olan borcunu hissə-hissə, hər ay 150 manat olmaqla icra edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-35/2021 saylı, 09.02.2021-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(051)-1214 saylı qətnaməsinin borclu X4 tərəfindən hissə-hissə, yəni ayda cəmi 150 manat ödənilməklə icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə Tələbkar ASC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu borcun ödənilməsinə çətinlik çəkdiyini bildirsə də, əslində borcu ödəmək iqtidarındadırlar. Çünki təqaüd və əməkhaqqı alırlar. Ona görə də şikayətin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-35/2021 saylı, 09.02.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-35/2021 saylı, 18.03.2021-ci il tarixli qərardadı ilə tələbkarın şikayəti təmin edilməmiş və şikayət müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-35/2021 saylı, 09.02.2021-ci il tarixli qərаrdаdı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə аrаşdırmаsı zаmаnı müəyyən olunmuşdur ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1214/2020 saylı 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada 1933,76 manat məbləğində əsas kredit borcu, 30,74 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, cəmi 1964,50 manat, həmçinin 30 manat dövlət rüsumu qətnamə üzrə hesablanıb “xxxx Bank” ASC-ə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alıb icraya yönəldilmişdir. Borclu qətnamə üzrə yaranmış borcunu ödəməkdə çətinlik çəkir. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmuşdır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə aktının icra üsulunu və qaydasını dəyişdirmə barədə məsələ tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Аzərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanun normasının məzmununa görə işə baxmış hakim işdə iştirak şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər. Qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icrа edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-35/2021 saylı, 09.02.2021-ci il tarixli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, borclu X3 Mingəçevir şəhər məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(051)-1214 saylı qətnaməsinin hissə-hissə, yəni ayda cəmi 150 manat ödənilməklə icra edilməsi barədə ərizəsinin təmin edilməsi həmin qətnamə üzrə digər borcluların qətnaməni icra etmək öhdəliyindən azad etmir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar ASC tərəfindən verilmiş şikаyət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-35/2021 saylı, 09.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov
Məhkəmə qərarları › İş №8(107)-32/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-32/2021
21.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver