Məhkəmə qərarları › İş №8(107)-32/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-32/2023

25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-32/2023 25.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(037)-13/2023 saylı qərardadından Borclu verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-583/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 583/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən İsmayıllı şəhəri, Koroğlu küçəsi ilə Ruslan Bədəlov küçəsi arasında yerləşən, Tələbkar qanuni istifadəsində olmaqla qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 200 kv.metr torpaq sahəsinə bitişik olmaqla Borclu tərəfindən dəmir borulardan dirəklər basdırılmaqla və məftil tor çəkilməklə hasara alınmış, qanunsuz olaraq zəbt edilmiş təqribən 300 kv.metrlik ərazinin boşaldılması və həmin ərazini əhatə edən dəmir borulardan və məftil tordan çəkilmiş hasarın Borclu öz hesabına sökülməsi müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(037)-13/2023 saylı qərardadı ilə, İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin məhkəmənin 2(037)-583/2016 nömrəli,xx.xx.2016-cı il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsi 14 aprel 2023-ci il tarixdə, İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin 2(037)- 583/2016 nömrəli, xx.xx.2016-ci il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsinə baxaraq ərizənin təmin edilməməsi barədə 14 aprel 2023-cü il tarixli, 8(037)-13/2023 saylı qərardad qəbul etmişdir. Qeyd olunan qərardadı əsassız, ədalətsiz və qanunsuz hesab etmişdir. Belə ki, qərardadın özündən də göründüyü kimi, icra sənədinə izah verilməsini xahiş edən İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, 2016-cı ildə icra sənədi üzrə icraat başlanmaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədini könüllü icra müddətində icra etmiş və bu barədə həm özü, həmdə Tələbkar icra məmuruna tələbin artıq icra olunduğu, məftil torun sökülərək oradan götürüldüyü haqqında məlumat vermişlər, lakin şöbənin icraatında icra işlərinin çox olması və Tələbkar icra vərəqəsinin icra olunmaması ilə əlaqədar şöbəyə müraciət etməməsi səbəbi ilə icra vərəqəsinin icrası ilə bağlı akt tərtib edilməmişdir. 2022-ci ilin yanvar ayında Tələbkar Rayon İcra və Probasiya Şöbəsinə gedərək həmin ərazinin təkrar zəbt edildiyini bildirmişdir. Yəni iş materiallarından tam aydın olmuşdur ki, məhkəmənin 2(037)-583/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi 2016-cı il tarixdə icra olunmuş, icra məmurunun icraatında icra işlərinin çoxluğu səbəbi ilə həmin vaxt icra işinin icra olunması haqqında akt tərtib edilməmişdir. Bu isə onun günahı deyildir. 2022-ci il tarixdə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və həmin vaxt yazdığı izahatda da göstərmişdir ki, qeyd olunan ərazinin təkrarən hasarlanmasından onun xəbəri yoxdur, onun hasarlamadığı ərazi İsmayıllı şəhər Bələdiyyəsinin mülkiyyətindədir və həmin ərazinin zibilliyə çevrilməsinin qarşısının alınması və orada gələcəkdə park tikilməsi məqsədi ilə İsmayıllı şəhər Bələdiyyəsi tərəfindən hasara alınmış, orada ağaclar əkilmişdir. Həmin ərazinin nə ona nə də özünü şikayətçi kimi göstərən Tələbkar heç bir aidiyyatı yoxdur. Mülkiyyətçi tərəfindən ərazi hasara alınmış və onun həmin əraziyə girişinə, orada hər hansı bir işin, tikinti və ya söküntü aparmağa nə icazəsi, nə də səlahiyyəti yoxdur. X3 İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 15 sentyabr 2022-ci il tarixli, 459 nömrəli məktubu da təsdiq etmişdir. Göstərilən məktubda tam aydın izah olunmuşdur ki, qeyd olunan ərazi icra sənədi üzrə 2016cı il tarixdə onun tərəfindən həmin əraziyə çəkilmiş metal tor açılaraq götürülmüş və ərazi boşaldılmışdır. Lakin ətrafda olan vətəndaşlar tərəfindən həmin ərazi məişət tullantıları ilə zibillənməsi barədə edilən şikayətlər əsasında yenidən həmin yerə baxış keçirilmiş, ərazi İsmayıllı Bələdiyyəsi tərəfindən təmizlənərək abad vəziyyətə gətirilmişdir. Gələcəkdə həmin ərazinin zibilxana edilməsinin qarşısının alınması məqsədilə oranın abadlaşdırılaraq həmişəyaşıl ağaclar əkilməsi nəzərdə tutularaq İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Bələdiyyəsinin razılığı ilə ərazinin ətrafı həmin ərazidəki sakinlər tərəfindən iməcilik yolu ilə metal torla hasara alınmışdır. Qeyd olunan məktubda həmin ərazinin onun tərəfindən zəbt edilmədiyi və məftil torun onun tərəfindən çəkilmədiyi tam aydın olaraq yazılmışdır. Bütün bunlardan sonra məhkəmə heç bir araşdırma aparmadan, ancaq tələbkarın qərəzli izahatını əsas götürərək, həmin ərazidə olan indiki vəziyyəti, 2016-cı il qətnaməsi ilə həll eləmək istəmiş, nəticədə ədalətsiz və qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə iş üzrə araşdırma apararaq qeyd olunan ərazinin kimin mülkiyyətində olması, çəkilmiş hasarın tələbkara və ya ona hər hansı bir aidiyyatının olub-olmamasını aydınlaşdırdıqdan sonra qərardad qəbul etməli idi. Məhkəmənin şikayət etdiyi qərardadına əsasən başqasının, konkret halda İsmayıllı Bələdiyyəsinin və İcra Hakimiyyətinin elədiyi bir işə görə o məsuliyyət daşımalı olur. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(037)- 13/2023 saylı icra sənədinə izah verilməsindən imtina edilməsi barədə olan qərardadının ləğv edilməsi, ərizənin təmin olunması, qeyd olunan ərazidəki indiki vəziyyətin, qeyd olunan icra sənədinə, həmin icra işi üzrə borclu olan ona heç bir aidiyyatının olmaması izah olunmalıdır. İsmayıllı Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 8(037)-13/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Borclu tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(037)-13/2023 saylı icra sənədinə izah verilməsindən imtina edilməsi haqqında olan qərardadının ləğv edilməsi, ərizənin təmin olunması, qeyd olunan ərazidəki indiki vəziyyətin qeyd olunan icra sənədinə, həmin icra işi üzrə borclu olan şəxsə heç bir aidiyyatının olmaması izah olunmasını xahiş etmişdir. Hazırda icraatınızda olan 8(107)- 32/2023 saylı qərardaddan verilmiş şikayət üzrə bildirmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)-583/2016 saylı qətnaməsi üzrə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev icraatına qəbul etmiş, lakin ötən dövr ərzində vəzifə borcuna başdansoydu yanaşmış, icra sənədini uzun müddət süründürmüş, üzərinə düşən vəzifə borcunu yarıtmaz və xidməti vəzifələrinin icrasına məsuliyyətsiz münasibət göstərərək, öz səlahiyyətləri daxilində Borclu barəsində zəruri tədbirlər görməmiş və qətnamənin icra olunması ondan tələb edilməmiş, icra məmuru icra sənədinin lazımi qaydada yerinə yetirilməsi üçün heç bir səy göstərməmiş və icra sənədi tamamilə kənara atılmış, uzun müddət hərəkətsiz saxlamışdır. İcra xidmətinə çox saylı müraciətindən sonra Rahim Mustafayev Borclu ilə sövdələşərək, sonuncu tərəfindən hasara alınmış ərazidən məftil torun sökülərək götürüldüyü görüntüsünü yaratmış və güya icra sənədi icra olunduğunu bildirmişdir. Lakin şöbənin icraatında icra işlərinin cox olması və o, icra vərəqəsinin icra olunmaması ilə əlaqədar şöbəyə müraciət etməməsi səbəbi ilə icra vərəqəsinin icrası ilə bağlı akt tərtib edilmədiyini göstərmişdir. Bununla da Borclu subut etməyə çalışmışdır ki, güya məhkəmə qətnaməsini icra etdiyini, məhkəmə heç bir araşdırma aparmadığını, ancaq onun qərəzli izahatını əsas götürərək qərardad qəbul etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)-583/2016 saylı qətnaməsinin icra edilmədiyini, dəfələrlə ölkə Prezidentinə və Ədliyyə Naziri Fikrət Məmmədova müxtəlif məzmunlu teleqram vuraraq məhkəmə qətnaməsinin İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəsdən icra edilmədiyi və qətnamənin icra olunmasını onlardan xahiş etmişdir. Bundan başqa mütamadi olaraq İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gedərək həmin ərazinin Borclu tərəfindən zəbt edildiyini və həmin ərazidən çıxmadığını bildirmiş, İsmayıllı Bələdiyyəsi tərəfindən gələcəkdə həmin ərazinin zibilxana edilməsi üçün oranın bələdiyyə tərəfindən abadlaşdırıldığını, həmin ərazidə yaşıl ağaclar əkdiyini bildirmişdir. Məhkəmə tərəfində mübahisəli ərazi kimə məxsus olması barədə sorğu vermişdir. İsmayıllı Bələdiyyəsi məhkəmənin sorğusuna cavab verərək mübahisəli ərazinin bələdiyyə mülkiyyətinə aid olmadığını göstərmişdir. Lakin göründüyü kimi bələdiyyə mülkiyyətinə aid olmayan bir ərazidə abadlaq işlərinin aparılması həmin ərazidə işləri aparması nə dərəcədə məntiqə uyğundur. Hesab etmişdir ki, Borclu bu kimi hərəkətlərlə qətnamənin icrasından yayınır, icra xidməti isə onun barəsində tədbir görmək istəmir. Bu acınacaqlı durum, şübhəsiz ki, icra xidmətində qanunlara dəyər verilməməsi, şöbədə cəzasızlıq, məsuliyyətsizlik, vəzifə borcunu yarıtmaz yerinə yetirməsi, rüşvət və korrupsiya mühitinin olması ilə bağlıdır. Çox təəssüflər olsun ki, bu özbaşnalığa şərait yaradan məhz Rahim Mustafayevdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra məhdudiyyətlərin yaranmasına və manelərin törədilməsini qadağan edir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. "İcra haqqında" Qanunun 26cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Odur ki, Borclu tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2023-ci il tarixli, 2(037)-13/2023 saylı icra sənədinə izah verilməsindən imtina edilməsi haqqında olan qərardadının ləğv edilməsi, ərizənin təmin olunması, qeyd olunan ərazidəki indiki vəziyyətin, qeyd olunan icra sənədinə, həmin icra işi üzrə ona heç bir aidiyyətinin olmaması izah olunmasını xahiş edilməsi tələbinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(037)-13/2023 saylı qərardadın qüvvədə saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 8(025)-1/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir; “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda,icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın,habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən,işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə aydın və dəqiq olmadıqda və həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Bu halda məhkəmə qətnaməsində olan belə çatışmazlıqlar qətnamənin izah edilməsi yolu ilə aradan qaldırılır. Qanunvericilik bütövlükdə qətnamənin izah edilməsi imkanını nəzərdə tutduğu üçün qətnamənin həm əsaslandırıcı, həm də nəticə hissəsi məhkəmə tərəfindən izah oluna bilər. Əksər hallarda qətnamənin nəticə hissəsi qeyri-müəyyən olur ki, bu da qətnamənin icrasında ziddiyyət, qeyri-müəyyənlik və anlaşılmazlıq yaradır. Mülki prosessual qanunvericiliyin birbaşa göstərişinə əsasən, məhkəmə qətnaməni izah edərkən onun məzmununu dəyişdirə bilməz.Həmçinin qətnamənin izah olunması zamanı məhkəmə baxışının predmeti olmamış və məhkəmə iclasında tədqiq edilməmiş məsələlərə toxunulması yolverilməzdir. «Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir» (Plenumun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 17-ci bəndinin birinci abzası). Qanunvericiliyin tələblərindən də göründüyü kimi qətnamə icra edilməmişsə, izah edilməsinə yol verilir. İş materialları ilə müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-583/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi icra edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-583/2015 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, İsmayıllı şəhəri, Koroğlu küçəsi ilə Ruslan Bədəlov küçəsi arasında yerləşən, Tələbkar qanuni istifadəsində olmaqla qeyriyaşayış binasının tikintisi üçün ayrılmış 200 kv.metr torpaq sahəsinə bitişik olmaqla Borclu tərəfindən dəmir borulardan dirəklər basdırılmaqla və məftil tor çəkilməklə hasara alınmış, qanunsuz olaraq zəbt edilmiş təqribən 300 kv.metrlik ərazinin boşaldılması və həmin ərazini əhatə edən dəmir borulardan və məftil tordan çəkilmiş hasarın Borclu öz hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsində Borclu kompyuter vasitəsilə alınmış izahatdan görünür ki, Borclu izahatında məhkəmə qətnaməsinin icrasından yayınmadığını, 2016-cı ilin dekabrında qətnamədə qeyd olunan torpaq sahəsini boşaltdığını və hasarı sökərək qətnamənin icrasını təmin etdiyini, ərazini boşaltdıqdan sonra beş ilədək boş qalaraq zibilliyə çevrildiyini, həmin ərazi İsmayıllı Bələdiyyəsi tərəfindən hasarlandığını, hasarlanmış ərazi onun tərəfindən deyil, İsmayıllı Bələdiyyəsi tərəfindən hasarlandığını, ərazinin boşaldılması ondan deyil, İsmayıllı Bələdiyyəsindən tələb edilməli olduğunu qeyd etmişdir. İş materiallarında olan İsmayıllı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 459 nömrəli məktubundan görünür ki, X1 Rayon icra və Probasiya Şöbəsinin şifahi sorğusuna cavab məktubunda İsmayıllı şəhərinin, Koroğlu küçəsinin qərbində yerləşən bələdiyyəyə məxsus ərazinin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq üçün ətrafda yaşayan sakinlər tərəfindən dəfələrlə şikayət formasında İsmayıllı Bələdiyyəsinə müraciət edildiyi, 2015-ci ildə həmin ərazi Borclu tərəfindən hasara alındığı üçün qonşu mülkiyyətçi Tələbkar tərəfindən məhkəməyə müraciət olunduğu, məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(037)-583/2015 saylı qətnaməsi ilə həmin ərazinin açılıb buraxılması qərara alındığı, məhkəmə qərarından sonra həmin ərazinin qanunsuz tutulması işləri dayandırıldığı və həmin əraziyə çəkilmiş metal tor açılaraq ərazinin boşaldıldığı, ətrafda yaşayan sakinlərin şikayətləri əsasında həmin ərazi İsmayıllı Bələdiyyəsi tərəfindən məişət tullantılarından təmizlənərək abad vəziyyətə gətirildiyi, gələcəkdə həmin ərazinin zibilxana edilməsinin qarşısının alınması məqsədi ilə abadlaşdırılaraq həmişəyaşıl ağaclar əkilməsi nəzərdə tutularaq İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Bələdiyyəsinin şifahi razılığı ilə ərazinin ətrafı sakinlər tərəfindən iməcilik yolu ilə metal torla hasara alındığı və həmin ərazinin Borclu tərəfindən qanunsuz olaraq zəbt edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi rəsmi qurum olan İsmayıllı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 459 nömrəli məktubu ilə müəyyən edilir ki, 2015-ci ildə həmin ərazi Borclu tərəfindən hasara alındığı üçün qonşu mülkiyyətçi Tələbkar tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəmənin xx.xx.2015-ci il tarixli 2(037)-583/2015 saylı qətnaməsi ilə həmin ərazinin açılıb boşaldılması qərara alınmışdır. Məhkəmə qərarından sonra həmin ərazinin qanunsuz tutulması işləri dayandırılmış və həmin əraziyə çəkilmiş metal tor Borclu tərəfindən açılaraq ərazi boşaldılmışdır. Mübahisəli ərazinin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq üçün ətrafda yaşayan sakinlər tərəfindən dəfələrlə şikayət formasında İsmayıllı Bələdiyyəsinə müraciət edildiyi üçün ətrafda yaşayan sakinlərin şikayətləri əsasında həmin ərazi İsmayıllı Bələdiyyəsi tərəfindən məişət tullantılarından təmizlənərək abad vəziyyətə gətirilmiş, gələcəkdə həmin ərazinin zibilxana edilməsinin qarşısının alınması məqsədi ilə abadlaşdırılaraq həmişəyaşıl ağaclar əkilməsi nəzərdə tutularaq İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı bələdiyyəsinin şifahi razılığı ilə ərazinin ətrafı sakinlər tərəfindən iməcilik yolu ilə metal torla hasara alınmışdır. Yəni mübahisəli ərazi borclu tərəfindən boşaldıldıqdan sonra İsmayıllı Bələdiyyəsi tərəfindən tor hasarla hasarlanmışdır. Əgər həmin ərazi Borclu həmin ərazini boşaltmış olmasaydı tələbkar 2016-cı il tarixdə verilmiş icra vərəqəsinin icra edilməsini 2022-ci ilə kimi tələb edərdi. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilir ki, İsmayıllı Bələdiyyəsi tərəfindən tor hasarla hasarlanmış ərazini yenidən Borclu tərəfindən boşaldılmasını tələb etmək yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləcinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Kollegiya hazırkı mübahisə ilə bağlı qeyd etməyi lazım bilir ki, Tələbkar İsmayıllı bələdiyyəsi tərəfindən özünə məxsus torpaq sahəsinin tutulmasını etiraf etdiyindən həmin torpaq sahəsinin boşaldılmasını məhkəmə qaydasında tələb edə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(037)-13/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(037)-13/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Tələbkar özünə məxsus torpaq sahəsinin İsmayıllı Bələdiyyəsi tərəfindən boşaldılmasını məhkəmə qaydasında tələb etmək hüququ izah edilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar