Məhkəmə qərarları › İş №8(107)-33/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-33/2021

04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-33/2021 04.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və borclu X3 iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 8(037)-13/2021 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1722/2016 saylı, 17 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar QSC-nin cavabdeh cavabdehlər X3 və qeyrilərinə qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilmiş, 16736, 32 (on altı min yeddi yüz otuz altı dollar otuz iki sent) ABŞ dolları məbləğində pulun və 23 (iyirmi üç) manat ödənilmiş dövlət rüsumunun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş günü üçün müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə X3 və qeyrilərindən müştərək qaydada alınıb Tələbkar QSC-nə ödənilmədi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-478/2017 saylı, 14 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1722/2016 nömrəli, 17 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X1 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 1722/2016 saylı, 17 noyabr 2016-cı il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 8(037)-13/2021 saylı, 11.03.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan X1 şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 8(037)-13/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. X1 şikayəti onunla əsaslandırmışdır ki, İsmayıllı rayon İcra və Probasiya Şöbəsi pulun birdəfəlik ödənilməsini tələb edir. Lakin onun həmin məbləği birdəfəlik ödəmək imkanı yoxdur. O, heç yerdə işləmir, himayəsində üç məktəb yaşlı uşaqları, işləməyən evdar qadın olan həyat yoldaşı var və onlar da heç yerdə işləmirlər. Onun heç yerdən heç bir gəliri yoxdur. Mülkiyyətində satılası heç bir əmlakı da yoxdur. Özü də xəstədir, üçüncü qrup əlildir, ağ ciyərlərində problem var. O, müəyyən şəxslərin köməkliyi ilə icarəyə götürdüyü torpaq sahəsində dənli bitkilər əkmişdir. Həmin bitkilər 2021-ci ilin iyun ayında yığılacaq və avqust ayında satıb borcu ödəyə bilər. O, 8(037)-13/2021 saylı, 11 mart 2021ci il tarixli qərardad ilə qəti olaraq razılaşmır. Hesab edir ki, məhkəmə hazırkı maddi və ailə vəziyyətimi, habelə gözlənilən gəlirimi nəzərə alaraq ona qətnamənin icrası üçün möhlət verməli idi. İsmayıllı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 8(037)-13/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 şikayəti müdafiə edərək bildirmişdir ki, hazırda maddi imkanı yaxşı olmadığından ödəniş edə bilmir. Lakin oktyabr ayında borcunu tam olaraq ödəyəcəkdir. Ona görə də şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar tərəfin nümayəndəsi və digər borclular məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" 04.07.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan başqa kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Hazırki vəziyyətdə isə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1722/2016 saylı, 17.11.2016-cı il tarixli qətnaməsinin qəbul edilməsindən 4 ildən artıq vaxt keçmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 8(037)-13/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 8(037)-13/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar