Məhkəmə qərarları › İş №8(107)-34/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-34/2022

12.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-34/2022 12.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ 23 iyun 2020-ci il tarixli 2(033)-595/2020 nömrəli icra vərəqəsinin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən tələbkar X3 nümayəndəsi Nümayəndə verdiyi şikayətinə dair material üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərindən şikayət) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi ilə, 23 iyun 2020-ci il tarixli 2(033)-595/2020 nömrəli icra vərəqəsinin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən tələbkar X3 nümayəndəsi Nümayəndə verdiyi şikayətin təmin edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 8(033)-49/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İş üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)- 595/2020 nömrəli qətnaməsinin icrası ilə bağlı verilmiş icra vərəqəsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra edilməməsinə dair icra hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-595/2020 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından 05 oktyabr 2012-ci il tarixdə anadan olmuş X9 və 12 dekabr 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 may 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment Borclu tutularaq X3 xeyrinə verilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Lakin icra məmuru tərəfindən heç bir icra tədbirləri həyata keçirilməmiş, icra sənədi hərəkətsiz qalmışdır. Borclunun hal-hazırda 4000 manat aliment borcu yaranmışdır. Alimentin icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Müraciətinə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məktub ilə cavab verilərək tələbkar X3 xx.xx.2022-ci il tarixdə yazılı ərizə Şöbəyə müraciət edərək yığılmış aliment borcundan 1000 manat ödənildiyini və geri qalan aliment borcundan imtina etdiyini bildirilmişdir. Halbuki, tələbkarın tələbdən imtinasına dair iş üzrə icraata xitam verilməmiş, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməmiş, həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmamış və ya onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermis məhkəməyə və ya digər orqana göndərilməmişdir. Odur ki, icra məmuru tərəfindən tələbkara göndərilən məktubun heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa tələbkarın tələbdən imtinasının məhkəmə tərəfindən təsdiq edilməsi üçün məhkəməyə təqdimat verilməmiş və bununla bağlı hər hansı məhkəmə qərarı yoxdur. Buna görə də, icra məmurunun hərəkətləri qanunsuz hesab edilməli və alimentin tutulmasına dair icra sənədi icra olunmalıdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(033)-49/2022 saylı qərardadına əsasən təqdimat təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(033)-595/2020 nömrəli icra vərəqəsinin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən icra sənədi üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)- 595/2020 saylı icra vərəqəsinin icra olunmamasına dair Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-595/2020 saylı icra vərəqəsinin icrasının təmin edilməsi qərara alınmışdır. Borclu və onun nümayəndəsi vəkil X6 məhkəmənin sözügedən qərardadından şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 8(033)-49/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(033)- 49/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-595/2020 nömrəli icra vərəqəsindən görünür ki, Tərəflərin birgə nikahından 05 oktyabr 2012-ci il tarixdə anadan olmuş X9 və 12 dekabr 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 may 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment Borclu tutularaq X3 xeyrinə verilməlidir. Surəti şikayətə əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi X7 tərəfindən iş üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli 83663 nömrəli məktubdan görünür ki, tələbkarın şöbəyə ünvanladığı xx.xx.2022-ci il tarixli, Q83 nömrəli ərizəsinə cavab olaraq bildirilir ki, Borclu 4896 manat aliment borcu yığılmış, lakin tələbkar X5 xx.xx.2022-ci il tarixdə yazılı ərizə Şöbəyə müraciət edərək yığılmış aliment borcundan 1000 manat ödənildiyini və geri qalan aliment borcundan imtina etdiyini bildirilmişdir. Hazırda Borclu Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-595/2020 nömrəli icra vərəqəsi üzrə aliment borcu yoxdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, tələbkar X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)- 595/2020 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etməmiş və icraata xitam verilməsini xahiş etməmişdir. Eyni zamanda icra sənədi üzrə icraata xitam verilməsi üçün tələbkarın tələbdən imtinasının məhkəmə tərəfindən qəbul edilməsi tələb olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-595/2020-ci il nömrəli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 8(033)-49/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 8(033)-49/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 8(033)-49/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar