Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-35/2021 04.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Borclu1 və onun vəkili Vəkil2 iştirakı ilə Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 8(019)-13/2021 nömrəli qərardadından borclular Borclu2 və Borclu1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli 11.04.2019-cu il tarixli icra sənədində iddiaçılar Tələbkar və X1 paylarının 1-ci və ya 2-ci bölgü variantı əsasında ayrılmasının dəqiq təmin edilməsi ilə bağlı izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli, 11.04.2019-cu il tarixli icra sənədi 08.02.2021-ci il tarixində icraatına daxil olmuşdur. Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 nömrəli icra sənədinə görə Tələbkar və X1 X3, X2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Tələbkar və X1 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılmalı, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər Borclu2 və X8 çıxarılmalıdırlar. İcra sənədi 19.05.2020-ci il tarixdə icra edilmiş və Balakən rayon İcra və Probasiya şöbəsinin 19.05.2020-ci il tarixli qərarı ilə icra işinin icraatına xitam verilmişdir. Tələbkar Balakən rayon İcra və Probasiya Şöbəsinin 19.05.2020-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi və icra işinin yenidən icra edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)- 74/2020 nömrəli, 25.01.2021-ci il tarixli qərardadına əsasən Balakən rayon İcra və Probasiya şöbəsinin 19.05.2020-ci il tarixli qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin 2(019)-38/2019 nömrəli, 11.04.2019-cu il tarixli icra sənədində nəzərdə tutulmuş tələblər qeyri müəyyəndir. Belə ki, tərəflərin iştirakı ilə icra sənədinin icrası zamanı, icra işinin materiallarına əlavə edilmiş (2(019)-38/2019 nömrəli mülki iş üzrə verilmiş ekspert rəyinə istinadən torpaq sahəsinin ayrılması prosesində müəyyən olunmuşdur ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin l**********27 saylı, 19.02.2019-cu il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinə əsasən Balakən rayon, Meşəşambul kəndində yerləşən Tələbkar və X1, X3, X2 ümumi paylı mülkiyyətlərində olan Torpağa mülkiyyət hüququna dair 133 saylı Dövlət aktında 133A/0.49 ha cizgidə göstərilən torpaq sahələri naturada faktiki istifadə vəziyyəti ilə üstüstə düşmədiyi və 133 saylı Dövlət aktında 133A/0.49 cizgisində və 133F/0.48 ha cizgisində göstərilən torpaq sahələri cəmi 0.87 ha göstərilsədə həmin torpaq sahələri naturada 1.08 ha təşkil edir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən faktiki istifadə vəziyyəti nəzərə alınmaqla 133A/0.49 ha planşet nömrəsində 133F/0.48 ha planşet nömrəsində yerləşən torpaq sahələrindən (hər torpaq sahəsi üzrə ayrılıqda və tikililər nəzərə alınmadan) iddiaçıların 1/4 hissə paylarının birlikdə müəyyən edilməklə ayrılması mümkündür. Bölgü variantı ekspert tərəfindən işlənilib hazırlanmış plan-sxemdə göstərilmişdir. Ekspert rəyində iki bölgü sxemi göstərilmişdir. Lakin işə baxan məhkəmə qəbul etdiyi 11 aprel 2019-cu il tarixli2(019)-38/2019 nömrəli qətnaməsində iddiaçıların paylarının 1-ci və ya 2- ci bölgü variantı əsasında ayrılmasını qeyd etməmişdir. Bu da qətnamənin qeyri-müəyyən olmasına səbəb olmuşdur. Belə olan halda isə məhkəmənin qətnaməsini tam icra etmək qeyri mümkün olmuşdur. 19.05.22020-ci il tarixdə tərəfindən torpaq sahəsinin 2/4 hissəsinin bölünmə bağlı 1-ci bölgü variantı əsasında onlara düşən yeri göstərmiş, lakin borclu tərəf məhkəmə qətnaməsində ekspert rəyində göstərilən bölgü variantlarından hər hansı birinin qeyd edilmədiyini bəhanə gətirərək torpaq sahəsinin tələbkarlara təhvil verilməsinə maneçilik törədirlər. Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 8(019)-13/2021 nömrəli qərardadı ilə Balakən rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin edilərək, Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli 11 aprel 2019- cu il tarixli icra sənədi ekspertin təqdim etdiyi birinci bölgü variantı üzrə (evin yerləşdiyi hissə borclulara verilməklə) icra edilməsi izah edilmişdir. Borclular Borclu2 və Borclu1 Balakən Rayon Məhkəməsinin 8(019)-13/2021 nömrəli, 05.03.2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 8(019)-13/2021 saylı qərardadına əsasən Balakən rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 saylı 11 aprel 2019-cu il tarixli icra sənədinin ekspertin təqdim etdiyi İ bölgü variantı üzrə (evin yerləşdiyi hissə borclulara verilməklə) icra edilməsinə dair qərardad qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin 05.03.2021-cı il tarixli 8(019)-13/2021 nömrəli qərardadı aşağıda qeyd etdiyi əsaslara görə ləğv olunmalıdır. Belə ki, məhkəmə tərəfindən məhkəmədə tədqiq olunmamış ekspertin bölgü variantına dair qətnaməyə izah verilməsi qətnamənin məzmununun dəyişdirilməsi ilə nəticələnmişdir. Məhkəmə tərəfindən qətnamənin izah olunması ilə bağlı heç bir hüquqi əsas voxdur. Qeyd edir ki, nə Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 saylı 11 aprel 2019-cu il tarixli qərarında, nədə ki, yuxarı instansiya məhkəmələrinin qərarlarında ekspertin təqdim etdiyi bölgü variantlarına dair heç bir münasibət bildirilməmişdir. Balakən Rayon Məhkəməsi tərəfindən məhkəmə iclaslarında araşdırılmayan məlumatlara istinad edilərək qətnaməyə izah verilməsi maddi hüquq normalarının pozulması ilə nəticələnmişdir. Balakən Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 8(019)-13/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (borclu) Borclu1 şikayəti müdafiə edərək bildirmişdir ki, məhkəmə tərəfindən qətnaməyə izah verilməklə qətnamənin məzmunu dəyişdirilmişdir. Mövcud qətnamənin izah verilmiş qaydada icrası onun hüquqlarına toxunur. Ona görə də şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (borclu) Borclu1 vəkili Vəkil2 şikayəti müdafiə edərək bildirmişdir ki, məhkəmə hazırki vəziyyətdə qətnaməyə izah verməklə prosessual normanı pozmuşdur. Belə ki, mövcud qətnamənin nəinki qət etdi hissəsində, heç təsviri-əsaslandırıcı hissəsində də bu məsələyə toxunulmamışdır. Belə olan halda tərəflər başqa bir iddia ilə məhkəməyə müraciət etməli ya da kompensasiya ilə payın bölünməsi məsələsini qaldırmalıdırlar. Hesab edir ki, şikayət tam əsaslıdır, ona görə də şikayətin təmin olunması barədə qərardad çıxarılmasını kollegiyadan xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlməmişdir. Tələbkar Telman qızı məhkəməyə ərizə ünvanlayaraq şikayətə etiraz etdiyini və ailə vəziyyəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini işdə iştirak edən şəxslərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 8(019)-13/2021 nömrəli qərardadı tam, 01 aprel 2021-ci il tarixli 8(019)-13/2021 nömrəli qərardadı isə qismən “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 14.1-14.2-ci maddələrinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MPM-in 15.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinin tələbinə görə qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Qanunvericiliyin tələbindən müəyyən edildiyi kimi qətnamənin məzmunu aydın, eyni mənalı konkret və səlis ifadə edilməlidir. Yəni qətnamə elə ifadə edilməlidir ki, onda tərəflərin hüquq və vəzifələri ilə əlaqədar məhkəmənin gəldiyi nəticədə müəyyənlik olsun. Deməli, qətnamədə əks olunmamış hər hansı məsələ, o cümlədən məhkəmə baxışının predmeti olmayan məsələlər izah edilə bilməz. Kollegiya qeyd edir ki, qətnamənin giriş, təsviri və əsaslandırıcı hissəsinin nəticə hissəsinə uyğun olmaması hallarında həmin qüsuru (nöqsanı) qətnaməni izah etmək yolu ilə aradan qaldırmaq olmaz. İş materiallarından müəyyən edilir ki, Balakən Rayon Məhkəməsinin 11 aprel 2019cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsinin qət etdi hissəsində, o cümlədən icra sənədində Tələbkar və X1 X3, X2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Tələbkar və X1 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər Borclu2 və X4 çıxarılmaları müəyyən edilmişdir. Göründüyü kimi mövcud qətnamənin nəticə hissəsində “ekspert rəyinə uyğun naturada ayrılması” qeyd edilsə də, nə nəticə, nə də ki, təsviri-əsaslandırıcı hissələrdə hansı bölgü varinatı (1-ci və ya 2-ci bölgü variantı) əsasında bölünməsi (ayrılması) barədə heç bir məlumat qeyd edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, qətnaməyə bu şəkildə izah vermək məhkəmənin gəldiyi nəticə ilə müəyyənlik təşkil etmədiyindən və qətnamənin giriş, təsviri və əsaslandırıcı hissəsinin nəticə hissəsinə uyğun olmaması səbəbindən həmin qüsuru (nöqsanı) qətnaməyə bu qaydada izah etmək yolu ilə aradan qaldırmaq olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 398.0.1, 400, 402-405-ci cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Borclular Borclu2 və Borclu1 qız tərəfindən verilmiş şikаyət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 8(019)-13/2021 nömrəli qərаrdаdı tam, 01 aprel 2021-ci il tarixli 8(019)-13/2021 nömrəli qərardadı isə qismən “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə “Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli 11.04.2019-cu il tarixli icra sənədində iddiaçılar Tələbkar və X1 paylarının 1-ci və ya 2-ci bölgü variantı əsasında ayrılmasının dəqiq təmin edilməsi barədə” ərizəsi təmin edlməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-35/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-35/2021
04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver