Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-36/2021 28.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, Borclu iştirakı ilə, Qax Rayon Məhkəməsinin 8(024)-23/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qax Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(024)-304/2019 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 1400 manat pul vəsaiti alınaraq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Qax rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Qax Rayon Məhkəməsinin 22 iyul 2019cu il tarixli, 2(024)-304/2019 saylı qətnamənin icrasını dəyişdirərək borcundan 40 (qırx) manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 8(024)-23/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadına əsasən borclu Rəvan Nizaməddinimin ərizəsi təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək edərək Qax Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(024)-304/2019 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair onun ərizəsinin təmin edilməməsi barədə 25 fevral 2021-ci il tarixli 8(024)-23-2021 saylı qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o Qax rayon Məhkəməsinin qanuni qətnaməsinin icrasından boyun qaçırmır. Lakin, hazırki şəraitdə onun bu məbləği ödəməyə maddi imkanı yoxdur. 2020-ci ilin avqustunda o Zaqatala rayon X2 ümumi vena daxili narkozla sol xaya venalarının genəlməsindən varikoselektomiya cərrahi əməliyyatı keçirmişdir. Həkimlər ən azından 1 il ağır fiziki işlə məşğul olmağı qadağan etmişlər. Fəhləlikdən başqa onun digər hər hansı bir ixtisası da yoxdur. Hazırda koronovirus pandemiyası şəraitində o da 13 may 2020ci il tarixindən Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. Valideyinlərinin himayəsində yaşayır. Ailəsinin yalnız atasının aldığı pensiyadan savayı gəlir yeri yoxdur. Atası da ürək xəstəsi kimi mütəmadi müalicə alır. Göründüyü kimi ailənin maddi məişət şəraiti qeyri-qənaətbəxşdir. Qax Rayon Məhkəməsinin 8(024)-23/2021 saylı, 29 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar və Qax rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin 8(024)-23/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki borcun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə əsaslı şəkildə mənfi təsir etdiyindən məqsədəmüvafiq deyildir. Bundan başqa Borclu borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Borclu, qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə tərəfindən verilmiş icra sənədinin icra müddətinin 2 ay olmasına baxmayaraq, borclunun tələbkarlara olan borcunun hər ay 40 manat olmaqla 3 ilə yaxın müddət ərzində ödənilməsi öz əksini tapır ki, bu da tələbkarın mənafeyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcək hallardan biridir. Bundan başqa, işdə tələbkarın icra sənədinin hissə-hissə icra edilməsinə razılıq verməsi barədə hər hansı sübut olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin 8(024)-23/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 8(024)-23/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-36/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-36/2021
28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver