Məhkəmə qərarları › İş №8(107)-36/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-36/2023

09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-36/2023 09.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdovа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı “Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi barədə” qərаrdаdındаn Borclu Abdurahman oğlunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Naziriyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarın ləğv edilməsi, icra tədbirləri davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsində bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 saylı qətnaməsinə əsasən, ilk iddia qismən təmin edilərək iddiaçı X7 və ailə üzvlərinin iddiaçı Borclu və digərlərinə məxsus Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən 110 m2 torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin sonunculara təhvil verilməsi, o cümlədən, qarşılıqlı iddianın təmin edilərək, Borclu və digərləri tərəfindən iddiaçı X7 və ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən torpaq sahəsində icazəsiz inşa edilmiş mağaza binasının sökülməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)- 192/2018 saylı qətnaməsi icra edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli "Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" qərarına əsasən, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədi Zaqatala Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o və ailə üzvləri mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarını daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirmişdir, (çıxarışlar və texniki sənədlərə şikayətə əlavə olunur). Hesab edir ki, hazırkı vəziyyətdə Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)192/2018 saylı qətnaməsinin icra edilməsi üçün qarşılarında heç bir maneə yoxdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Borclu çıxış edərək bildirmişdir ki, həqiqətən də Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(033)-192/2018 saylı qətnaməsi icra olunmamışdır. X7 ona və ailə üzvlərinə məxsus Yeni Syvagil kəndində yerləşən 110 kv.m torpaq sahəsindən çıxarılmamışdır. Ona məxsus mağazanın da sökülməsi qeyd olunsa da icra vaxtı mağazanın Şıxamir Əhmədova məxsus torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur və bu səbəbdən məhkəmə qətnaməsi icra olunmamışdır. O da əslində qətnamənin icra olunaraq ona təhvil verilməli olan torpaq sahəsini tələb edir. Çünki qətnamə ilə ona verilməli olan torpaq sahəsi ona təhvil verilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X25 çıxış edərək bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-192/2018 saylı icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə tərəflərə göndərilmiş və icra sənədinin könüllü icra edilməsi üçün 10 gün könüllü icra müddətinin verilməsi barədə tərəflərə məlumat verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-192/2018 saylı icra vərəqəsinə izah verilməsi icra sənədini vermiş məhkəməyə ərizə ilə müraciət edilmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(033)-70/2019 saylı qərardadına əsasən Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-192/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı iş üzrə tərəflərin torpaq sahələri arasındakı sərhəddin başlanğıc nöqtəsindən başlanılmaqla, həmin sərhəddin son nöqtəsinə qədər olan məsafə sərhəd kimi göstərilməklə, həmin sərhəddən ölçülərək hesablanaraq, 110 kv metr torpaq sahəsi digər tərəfə verilərək rəsmiləşdirilməli və bundan sonra icazəsiz tikilmiş mağaza binası sökülməli olduğu qeyd edilmişdir. Müvafiq qərardadda rəsmiləşdirmənin hansı qaydada aparılması qeyd olunmadığından icraat çərçivəsində tərəflərindən həyata keçiriləsi mümkün olmamışdır. Eyni zamanda mübahisəli tikilinin sökülməsi və 110.kv.metr torpaq sahəsinin digər tərəfə verilməsi ilə bərabər həm də rəsmiləşdirildikdən sonra icra edilməli olduğu qeyd edildiyindən iş üzrə icra tədbirlərinin həyata keçirilməsi mümkün olmamışdır. Yəni mübahisəli 110 k.v metr torpaq sahəsi X8 adına rəsmiləşdirildikdən sonra icra sənədində qeyd olunan icazəsiz tikilinin sökülməsi mümkün olduğundan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)- 192/2018 saylı icra sənədinin geri qaytarılması qərara alınmış və həmin icra sənədi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərara əsasən Zaqatala Rayon Məhkəməsinə geri qaytarılmışdır. İcra vərəqəsi təkrar icra şöbəsinə geri qaytarılarsa onlar icra hərəkətlərini davam etdirəcəklər. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 27 aprel 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadı ilə X1nun ərizəsi təmin edilmiş, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı ləğv edilməsi, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(033)-192/2018 saylı icra vərəqəsi yenidən icraya yönəldilsməsi, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-cı il tarixli 2(033)- 192/2018 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Borclu Abdurahman oğlunun nümayəndəsi Nəbiyev X16 Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar 2018-ci il 19 mart tarixli məhkəmə iclasında ümumi sahəsi 0,2591 ha olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışını təqdim edir. Lakin həmin çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi **********2210301 olan çıxarışdakı imzalarla, eyni möhürlə təsdiq olunmuş daşınmaz əmlakın texniki pasportunu məhkəmədən gizlədir və göstərmir. Çünki bu sənəd tələbkarın atasının həyətyanı torpaq sahəsinin JN-402F KOD 40200038 olan torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə eyni olmalıdır və orada aydın görünür ki, mənə məxsus mağaza binas onun mülkiyyətində deyildir. Tələbkar yenə də məhkəməni aldatmaq üçün hiyləyə əl atır. Azərbaycan Resublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin heç bir imzası, möhürü, dövlət təsdiqi olmayan guya tələbkar tərəfindən övladlarına bağışlanacaq torpaq sahələrini əks etdirən bölgü planını təqdim edir. Həmin bölgü planında kobud ağlasığmaz saxtakarlıq edərək həyətyanı torpaq sahəsinin sol tərəfindən zəbt etdiyi, oğurladığı 110 kv.m torpaq sahəsini həyətin sağ və cənub tərəflərinə köçürülmüş sxem çəkərək guya mağaza binasını bu qayda ilə öz həyətyanı torpaq sahəsinə daxil edir. Zaqatala rayon məhkəməsinin İcra və Probasiya şöbəsi məhkəmə qərarını icra etmək mümkün olmadığına görə geri qaytarmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, icra sənədinin icrasını mümkünsüz edən hal ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli, 8(033)-70/2019 saylı qərardadda torpaq sahəsinin hansı qaydada verilməsi və verilərək rəsmiləşdirmənin hansı qaydada aparılması qeyd olunmadığından icra məmuru icranı həyata keçirə bilməmişdir. Məhkəmə isə hazırki qərardadında bu hala heç bir hüquqi qiymət verməmişdir. Belə olan halda icra məmuru qarşı tərəfə məxsus 110 kv.m torpaq sahəsini mənə hansı qaydada verməlidir, necə icra etməlidir? Ona görə də hesab edir ki, məhkəmə yuxarı instansiya məhkəməsi tərəfindən verilmiş göstərişlərin bir hissəsini, yəni məni məhkəməyə dəvət edərək icra etmiş, digər hissəsini isə, yəni icranı mümkünsüz edən hallara hüquqi qiymət vermə hissəsində icra etməmişdir. Bununla da apellyasiya məhkəməsinin qərardadı Zaqatala Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamış, MPM-nin 399-cu maddəsini tələbləri pozulmuşdur. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, işə baxan məhkəmə tələbkar X3 İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərardadından şikayəti 2 il keçdikdən sonra, yəni şikayət vermə müddətini ötürdükdən sonra verdiyinə görə, ötürülmüş müddətin bərpasına dair hər hansı bir vəsatət verilmədiyinə görə icraata qəbul etməməli idi. Əgər qərardaddan şikayət vermə müddəti məhkəmə tərəfindən bərpa edilmişdirsə, müddətin bərpasına dair məhkəmə iclasında mən iştirak etməmişəm, mənim iştirakım təmin olunmamış müddət bərpasına dair qərardadın surəti mənə təqdim edilməmiş, belə bir qərardad vardırsa şikayət vermə hüququm pozulmuşdur. Qeyd olunan bu məsələ nə birinci instansiya məhkəməsi tərəfindən birinci icraat zamanı, nə ikinci icraat zamanı, nə də ki, apellyasiya məhkəməsində olan icraat zamanı aydınlaşdırılmamış müzakirə olunmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, məhkəmə icra sənədini icra etmək üçün ilk növbədə icra məmurunun qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında qəbul etdiyi qərarında göstərdiyi halları aradan qaldırmaq üçün düzgün mövqe seçməli və mübahisənin həlli üçün maddi hüquq normalarına istinad edərək mübahisəyə düzgün hüquqi qiymət verməlidir. Məhkəmənin icra sənədinə əsasən həmin 110 kv.m torpaq sahəsi mənə təhvil verilərək rəsmiləşdirildikdən sonra mağaza binası sökülə bilər. Lakin məhkəmə isə hazırki qərardadında qeyd etmişdir ki, mübahisəli 110 kv.m torpaq sahəsi Şixamir Əhmədovun və Roman Əhmədovun adına rəsmiləşdirilmişdir. Digər tərəfdən isə yazır ki, tikilmiş mağaza binası sökülməlidir. Hər iki icra hərəkəti eyni vaxtda həyata keçirilməlidir. Mənə hər hansı bir 110 kv.m torpaq sahəsi verilməmiş və rəsmiləşdirilməmişdir. Mənə cavabdehdə olan torpaq sahəsi verilmədən və rəsmiləşdirilmədən mağaza binası sökülə bilməz. Göstərilənləri nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadı ləğv edilərək ərizənin rədd edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 saylı qətnaməsinə əsasən ilk iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçı X6 və ailəsinin ilk iddia üzrə iddiaçılar Borclu, X9, X13, X14, X10 və X15 məxsus Zaqatala rayonunun Yeni Suvagil kəndində yerləşən 110 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçı-cavabdehlərə təhvil verilməsi, qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə iddiaçılar Borclu, X9, X13, X14, X10 və X26 tərəfindən qanusuz olaraq cavabdeh-iddiaçı X4 mülkiyyətində olan Zaqatala rayonunun Yeni Suvagil kəndində yerləşən torpaq sahəsində icazəsiz inşa edilmiş mağaza binasının sökülməsi qət edilmişdir. Həmin qətnamədə sübut qismində qeyd edilən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın və texniki pasportun surətindən görünür ki, Zaqatala rayonu Yen Suvagil kəndində yerləşən 0,2591 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabın 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa Zaqatala Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 8(033)- 70/2019 saylı qərardadı ilə müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-192/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı iş üzrə tərəflərin torpaq sahələri arasındakı sərhəddin başlanğıc nöqtəsindən başlanılmaqla, həmin sərhəddin son nöqtəsinə qədər olan məsafə sərhəd kimi göstərilməklə, həmin sərhəddən ölçülərək hesablanaraq, 110 kv metr torpaq sahəsi digər tərəfə verilərək rəsmiləşdirilməli və bundan sonra icazəsiz tikilmiş mağaza binası sökülməlidir. İş materialında olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Yeni Suvagil kəndində yerləşən 0,1365 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X11 adına Daşınmaz əmlakın Dövlət reyestrində 56 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021ci il tarixdə aparılmış ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Yeni Suvagil kəndində yerləşən 0,12266 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X12 adına Daşınmaz əmlakın Dövlət reyestrində 203 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bununla da Zaqatala Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 8(033)- 70/2019 saylı qərardadının icrası ilə əlaqədar 110 kv. metr torpaq sahəsi də daxil olmaqla ümumilikdə 0,2591 ha həyətyanı torpaq sahəsi (0,1365 ha+0,12266 ha) torpaq sahəsi X5 ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azəbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi biləvasitə müvafiq qərar çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Hazırkı vəziyyətdə Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(033)- 192/2018 saylı icra sənədinin icrasını mümkünsüz edən hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Borclu Abdurahman oğlunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu Abdurahman oğlunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tаrixli, 8(051)-22/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar