Məhkəmə qərarları › İş №8(107)-4/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-4/2021

25.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-4/2021 25.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və Tələbkar iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(037)-101/2020 nömrəli qərardadından borclu (cavabdeh) Borclu2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 8(037)-101/2015 nömrəli xx xxxx 2015-ci il tarixli qərardadına əsasən Borclu2 mülkiyyətində olan İsmayıllı rayon Mican kəndində 0,18 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərarddan şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Qərardaddan Borclu2 xx xxxxxx 2020-ci il tarixdə şikayət və şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Məhkəməsi tərəfindən ona məxsus əmlakların üzərinə həbs qoyulmasına dair təqdimata baxılarkən ona heç bir məlumat verilməmişdir. Qəbul olunmuş qərardadı almamışdır. Tələbkar ona qarşı yeni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə maraqlandıqda ona məlum olmuşdur ki, onun əmlaklarının üzərinə məhkəmə qərardadı əsasında həbs qoyulmuşdur. Müraciət edərək məhkəmənin xx xxxx 2015-ci il tarixli qərardadını xx xxxxxxx 2020-ci il tarixdə almışdır. Qərardaddan narazıdır. Ona görə də məhkəmənin qeyd olunan qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Məhkəmənin 8(037)-101/15 nömrəli xx xxxxxx 2020-ci il nömrəli qərardadından cavabdeh Borclu2 tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə baxılmış, şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar şikayətə etiraz bildirmişdir ki, borclunun maddi imkanının yaxşı olmasına baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina edir. Ona görə də şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu (cavabdeh) Borclu2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Borclu (cavabdeh) Borclu2 həmçinin istifadəsində olan 070 564 42 55 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərardadı rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki prosessual müddətlərin müəyyən edilməsi proses iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması, çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. X2 Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İş materialından görünür ki, qətnamənin icrasını təmin etmək məqsədi ilə Borclu2 əmlaklarının üzərinə məhkəmə qərardadı əsasında həbs qoyulmuşdur. Təqdimata baxılmasına dair bildiriş və məhkəmənin xx xxxx 2015-ci il tarixli 8(037)-101/15 nömrəli qərardadının surəti cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Məhkəmə qərardadı qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün verilmiş və beş ilə yaxın müddət ərzində icra orqanı tərəfindən müvafiq icra tədbirləri aparılmışdır. Borclu qeydiyyatda olduğu ünvanda yaşamamışdır. İcra məmuru tərəfindən icra tədbirlərinin aparılması məqsədi ilə onun yaşadığı evə və torpaq sahəsinə baxış keçirilmişdir. Bu faktı məhkəmə iclasında iştirak edən tələbkar və icra məmuru təsdiq etmişlər. Borclu2 5 (beş) il 04 (dörd) ay müddət keçəndən sonra qərardaddan şikayət vermişdir. Borclu həmin qərarddadn vaxtında şikayət verə bilmədiyinin səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən və qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərdən baş verdiyini əsaslandıra bilmədiyindən məhkəmə hesab edir ki, qeyd olunan qərarddadan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddətin borclu tərəfindən buraxılması üçün üzürlü səbəb yoxdur. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-101/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar