Məhkəmə qərarları › İş №8(107)-41/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-41/2020

18.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-41/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X3 nümayəndəsi X2 və Borclu nümayəndəsi X1 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 8(025)-40/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X5 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qəbələ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyev borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət edərək, Borclu ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətində olan Qəbələ rayon, Zarağan kəndində yerləşən 0.4 ha torpaq sahəsinin ( qeydiyyat nömrəsi – **********) Borclu payına düşən 1/5 hissəsinin-0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(025)-146/2019 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X5 tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, **********260700 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətində olan Qəbələ rayon, Zarağan kəndində yerləşən 0.4 ha torpaq sahəsinin (qeydiyyat nömrəsi – **********) Borclu payına düşən (1 / 5 hissəsinin-0,08 ha) hissəsinin üzərinə həbs qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə Borclu məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(025)-146/2019 saylı qərardadının ləğv edilməsi və torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-146/2019 saylı qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 8(107)13/2020 saylı qərardadı ilə Borclu tərəfindən verilən şikayət qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(025)-146/2019 saylı qərardadı tam, xx xxxxxx 2020-ci il tarixli, 8(025)- 146/2019 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməyən hissəsində ləğv edilmiş, təqdimat və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 8(025)-40/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Borclu 5 nəfər ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0,4 ha torpaq sahəsinin onun payına düşən 1 / 5 hissəsinin – 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Qəbələ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyevin təqdimatı təmin edilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X5 xx.xx.2020-ci il tarixdə şikayət təqdim etmiş və eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 8(025)- 40/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardaddan apelyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X5 şikayət ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 8(025)40/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini, şikayət təminolunmadığı halda bu məsələnin həlli məqsədi ilə şikayətin baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 8(025)-40/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X3 nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu nümayəndəsi X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Qəbələ rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 8(025)-40/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən təqdim olunmuş şikayət iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdırılakən müəyyən edilmişdir ki, təqdimata əlavə olunmuş sənədlər, o cümlədən sübut kimi istinad edilmiş sənədlər (AR VN-nin 10 saylı Əİ-nin xx xxx 2019-cu il tarixli, **********260700 nömrəli məktub və xx.xx.2012-ci il tarixli çıxarış və digər sənədlər) əsli və ya lazımi qaydada təsdiq olunmadan iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi təqdimat verən orqan, eyni zamanda tələbkar tərəfindən hazırki təqdimata baxılarkən qərardadda istinad edilmiş sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdimata əlavə edilməməklə, həmçinin icra işi təqdimata əlavə edilməməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Mülki Prsessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinin ikinci yarımbəndinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 8(025)-40/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 8(025)-40/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Tələbkar Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X5 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 8(025)-40/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar