Məhkəmə qərarları › İş №8(107)-45/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-45/2022

25.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-45/2022 25.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2017–ci il tarixli 2(051)-21/2017 saylı qanuni qüvvədə olan qətnaməsinin icrasına möhlət verilməsinə dair mülki iş üzrə (Açar sözlər: qətnamənin icra edilməsinə möhlət verilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 8(051)-122/2022 nömrəli qərardadından borclu X8 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat X8 ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2017–ci il tarixli 2(051)-21/2017 saylı qətnaməsinin icrasına möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2017–ci il tarixli 2(051)-21/2017 saylı qətnaməsi ilə cavabdeh X8 və ailə üzvləri X11, X7, X9, X13, X12 və X1 şəhərinin H.Z.Tağıyev küçəsindəki 0,0668 ha torpaq sahəsi və onun üzərində yerləşən 33 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda icra şöbəsi tərəfindən onun və ailə üzvlərinin evdən çıxarılması tələb olunur. Buna görə də ailə üzvləri ilə birlikdə yaşamağa görə başqa ev tapmaq üçün onlara 1 il möhlət verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (E.Cəbrayılzadə) 05 sentyabr 2022-ci il tarixli, 8(051)-122/2022 qərardadı ilə ərizə təmin edilməmiş və X3 Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2017–ci il tarixli 2(051)-21/2017 saylı qanuni qüvvədə olan qətnaməsinin icrasına möhlət verilməsindən imtina edilmişdir. Qəbul edilmiş qərardaddan X8 şikayət verərək, Mingəçevir şəhər Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 8(051)-122/2022 saylı qərardadını ləğv edib, işə mahiyyəti üzrə yenidən baxmağı, əks təqdirdə isə işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 8(051)-122/2022 qərardadı ilə Mingəçevir şəhər Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 8(051)- 122/2022 saylı qərardadının ləğv edilməsinə dair X8 tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, qətnamənin icrasına 1 il müddətə möhlət verilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə 19 aprel 2017–ci il tarixdə çıxarılmış, hazırki vaxtadək 5 ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də icra edilməmişdir. Bundan sonra həmin qətnamənin icrasına əlavə möhlət verilməsi əsaslı sayıla bilməz. Bu hal tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X3 qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 231.1 və 231.2–ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 21/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi haqda ərizəsi Mingəçevir şəhər məhkəməsinin 8(051)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Hesab edir ki, qərardad maddi və prosessual hüquq normaların pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməli, işə mahiyyəti üzrə baxıb yeni qərar qəbul edilməlidir. Beləki, qərardad da qeyd olunduğu kimi, məhkəmə qətmaməsi ilə Mingəçevir şəhər, Z.Tağıyev küçəsi 33 saylı evdən onun və ailə üzvlərinin çıxarılması qət edilmiş, lakin hal-hazırda həmin ev yeganə yaşayış evləri olduğundan onların başqa yerdə yaşamaq imkanları yoxdur. Ərizəsinin məqsədi də ondan ibarət idi ki, məhkəmə qətnaməsinin icrasına bir müddət möhlət verilsin ki o maddi imkanlarını toparlayıb həmin evi bankdan geri alsın. Bununla yanşı məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.2.-cu maddəsini tətbiq etməli olduğu halda tədbiq etməmişdir. Həmin normada deyilir ki, yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayəmü qaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Hal-hazırda evin mülkiyyətçisi bankdır, lakin o, evi kirayəyə verməkdən imtina etmir. Bu səbəbdən məhkəmə bankın nümayəndəsini məhkəmə baxışına cəlb etmədiyindən iş üzrə tam araşdırma aparmamış və bununla da prosessual pozuntuya yol vermişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 59.2-cu maddəsi imperativ xarakter daşıyır və birmənalı ərizəsinin həllində tətbiq oluna bilərdi. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 8(051)-122/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 8(051)-122/2022 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi ərizəni təmin etməməkdə hаqlı оlmuşdur. Belə ki, kollegiya hesab edir ki, tərəflər arasında məhkəmə qətnaməsinin 1 il möhlət verilməsinə dair razılıq olmadığından, Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2017–ci il tarixli, 2(051)-21/2017 saylı qətnaməsi artıq 5 il müddətdir ki, icra edilməməsi və 1 il möhlət verilməsi sonda tələbkarın məhkəmə aktının icrasını daha da uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəkdir. Kollegiyanın qənaətinə görə X5 ərizəsində qeyd etdiyi qaydada qətnamənin icrasına bir il müddətinə möhlət verilməsi onsuz da uzun müddət icrası təmin olunmayan icra sənədinin icra olunmasını ləngidər. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına hazırki vəziyyətdə möhlətin verilməsi yolverilməzdir. Eyni zamanda X3 möhlətin verilməsi barədə tələbi heç bir konkretliyi əks etdirmir. Yəni borclunun tələbkar qarşısında olan öhdəliyinin nə vaxt ödəyib tamamlayacağı bəlli deyildir. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin möhlət verilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxаrıdа qeyd оlunаnlаrа əsаsən, məhkəmə kоllegiyаsı qərаrааldı: X3 şikаyəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 8(051)- 122/2022 nömrəli qərаrdаdı dəyişdirilmədən sаxlаnsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar