Məhkəmə qərarları › İş №8(107)-45/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-45/2024

10.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-45/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-123/2024 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə dair (Açar sözlər: icra sənədinin izah olunması ) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-123/2024 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar hər həftənin şənbə günü saat 14:00-dan 18:00- dək, bazar günü saat 10:00-dan 14:00-dək, bayram və ad günlərində saat 10:00-dan 14:00-dək uşaqları 06 sentyabr 2016-cı il təvəllüdlü X2 və 17 avqust 2019-cu il təvəllüdlü X4 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. Hazırda ərizəçi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ ədliyyə qulluqçusu Orxan Babayev ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin izah edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı icra sənədinə əsasən Tələbkar hər həftənin şənbə günü saat 14:00- dan 18:00-dək, bazar günü saat 10:00-dan 14:00-dək, bayram və ad günlərində saat 10:00-dan 14:00-dək uşaqları xx.xx.2019-cı təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilmişdir. İcra vərəqəsi şöbənin icraatına daxil olduqdan sonra, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir, həmçinin borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə bir necə dəfə tələbkarın uşaqları ilə ünsiyyətdə olmaq üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsində görüşlər keçirilmiş, bu barədə müvafiq aktlar tərtib olunmuşdur. Görüş zamanı tələbkar dəfələrlə Banu və Zahid adlı uşaqları ilə İcra Şöbəsinin inzibati binasından kənar və ananın iştirakı olmadan görüşlərin keçirilməsini xahiş etmişdir. Lakin borcu qəti olaraq tələbkarın uşaqlarla görüşü icra məmurunun iştirakı ilə və ancaq Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin inzibati binasında keçirilməsinə razılıq vermişdir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək, bazar günü saat 10:00-dan 14:00-dək, bayram və ad günlərində saat 10:00-dan 14:00-dək Zahid və Banu adlı uşaqları ilə görüş vaxtı müəyyən edilmişdir. Həmin icra vərəqəsində tələbkarın uşaqlarla görüş üçün yer və yaxud məkan, görüş ananın iştiraki ilə keçirilib keçirilməməsi göstərilməmişdir. Bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023-cü il tarixli icra sənədinə izah verilməsi zərurəti yaranmışdır. Odur ki, ərizənin təmin edilməsi xahiş olunur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-123/2024 saylı qərardadı ilə, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X5 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı qətnaməsinin izah edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-123/2024 saylı qərardadından Tələbkar şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-123/2024 saylı qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.2, 230.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, hesab edir ki, qərardad çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Borclu uşağları ilə görüşü Mingəçevir İcra və probasiya şöbəsindən kənara çıxarılmasına etiraz edir. Mən Ağdam rayon məhkəməsinə müraciət edərək Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X5 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı qətnaməsində görüş yeri və yaxud məkanı haqda ananın iştirakı olub-olmaması qeyd etmədiyini səbəb gətirdiyini bildirmiş və uşağlarla görüşün qaydasının üəyyən edilməsini xahiş etmişdir. Lakin Ağdam rayon məhkəməsi bu tələb üzrə işə xitam vermişdir. (qətnaməni hələdə almamışdır.) Bundan sonra icra məmuru qətnamə ilə bağlı izah istəmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı qətnaməsində "uşaqla sərbəst ünsiyyət hüququ" dedikdə qətnamə ilə təyin edilmiş vaxt daxilində iddiaçının (tələbkarın) uşağı digər valideundən (və ya uşağı təqdim edən digər şəxsdən) təhvil alıqdan sonra iddiaçının (tələbkarın) özünün seçdiyi qanunla qadağan edilməyən yerdə və qanunla qadağan edilməyən qaydada ünsiyyət nəzərdə tutulur; bu zamna iddiaçı (tələbkarın) həmin ünsiyyətdə digər valideynin və sair şəxsin iştirakına icazə verməyə bilər". Odur ki, Mingəçevir şəhər Məhkəməsinin 8(051)-123/2024 saylı qərardadı Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ Ədliyyə qulluqçusu X5 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı qətnaməsinin izah edilməsinə dair ərizənin təmin edilməməsi qərarı hissəsində ləğv edilməsi və yeni qərardad çıxarılmasını xahiş edir. b) Şikayətə qarşı etirazın dəlilləri Borclu şikayətə qarşı yazılı etirazında Tələbkar Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-123/2024 saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 230.1-ci maddəsinə əsasən şə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 8.2.-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-123/2024 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də, kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-123/2024 saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Tələbkar tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci tarixli, 4 nömrəli Qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, qanunvericiliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi, hüquqi terminlərdən yerində istifadə edilməməsi, qrammatik cəhətdən fikrin aydın çatdırılmaması və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Hazırki işdə isə belə hallar yoxdur. Kollegiya qeyd edir ki, qətnamə məntiqi cəhətdən tamamlanmış müdafiə aktıdır və ona izah verilərkən müdafiənin mahiyyəti (müdafiə edilən subyektiv hüquq, həmin hüquqa qəsd edən davranış və belə davranışa yol verən subyekt) dəyişdirilə bilməz; əks təqdirdə belə dəyişiklik yeni müdafiə hesab olunar. Hansı ki, icra sənədi də qətnamənin nəticə hissəsinin əks olunduğu bir sənəddir. Məhkəmə kоllegiyаsı iş materiallarını araşdıraraq hesаb edir ki, icra sənədinin izаh оlunmаsınа zərurət yоxdur. Belə ki, qətnamə əsasında verilmiş icra sənədindən göründüyü kimi, оnun məzmunu və nəticəsindəki fikirlər tаm аydındır və оrаdа аnlаşılmаyаn ifаdələr yоxdur. Tələbkar şikayətlə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etsə də icra sənədindəki anlaşılmayan fikrin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Kollegiya qeyd edir ki, tələbkarın uşaqlarla görüş üçün yer və yaxud məkan, görüşün ananın iştiraki ilə keçirilib keçirilməməsi məhkəmə qətnaməsində müzakirə edilmədiklərindən, qeyd edilən məsələlər üzrə icra sənədinə izah verilməsi, beləliklə icra sənədinin məzmununun qətnamədə əksini tapmayan fikirlər hesabına genişləndirilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-123/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(051)-123/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(051)-123/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar