Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-47/2025 05.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)-1284/2024 saylı qətnaməsinin hissə-hissə icrası barədə ərizənin təmin edilməməsinə dair qərardaddan verilən şikayətə dair (Açar sözlər: Qətnamənin hissə-hissə icrası) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Borclu Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)-1284/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 8(014)- 185/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)- 1284/2024 saylı qətnaməsi ilə Ağdaş rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(014)-113/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu Rusiya istehsalı, gül formasında olan çəkisi 0,45 qr olan 583 əyarlı,qızıl koplekti (sırğa, üzük, sep, qolbaq və sep klonu) özü, qətnamə icra olunan vaxt mövcud olmasa dəyəri 3200 manat, 585 əyarılı Türkiyə istehsalı, 0,6 qr olan tək briliyant qaşlı üzüyün özü, qətnamə icra olunan vaxt mövcud olmasa dəyəri 900 manat və xalası tərəfindən iddiaçıya hədiyyə edilmiş 0,9 qr olan paxlava formasında 583 əyyarlı Rusiya istehsalı üzüyün özü, qətnamə icra olunan vaxt mövcud olmadıqda dəyəri 765 manat pul alınaraq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının dəyəri 50 (əlli) manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabna ödənilməsi qət edilmişdir. Borclu ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)-1284/2024 saylı qətnaməsi əsasında borclu olduğu məbləğin hər ay 50 (əlli) manat müəyyən edilməklə hissə-hissə ödəməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 8(014)-185/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)-1284/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icra olunmasından imtina edilmişdir. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 8(014)-185/2025 saylı qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 8(014)-185/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası MPM–in 231.1-ci maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12 və 13-cü bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, İşə baxan məhkəmə məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gəlsə də, qərardadını düzgün əsaslandırmamışdır. Belə ki, o, məcburi köçkündür, özünün şəxsi təsərrüfatı və yaşayış evi olmadığına görə valideynlərinə məxsus yaşayış evində yaşayır. Xüsusi mülkiyyəti-daşınar və daşınmaz əmlakları yoxdur. Müəyyən xəstəliklərdən əziyyət çəkdiyindən ancaq yüngül işlərlə məşğul ola bilir. Daimi iş yeri və əmək haqqı olmadığına görə günəmuzud işlər axtarmaqla fərdi qaydada əməklə məşğul olur. İş üzrə tələbkarla birgə nikahından anadan olmuş bir nəfər uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə hər ay 180 manat aliment də ödəyir. Cüzi də olsa gəliri olan kimi aylıq alimenti ödəyir və elə həmin gün yerdə qalan gəlirinin böyük hissəsini isə əmlak tələbinə dair iş üzrə tələbkara ödəməkdədir. Ona görə də məhkəmə qətnaməsi ilə qət edilmiş borcu birdəfəyə ödəmək üçün yetərli gəliri yoxdur. Qeyd edir ki, onun aylıq gəliri qətnamə ilə qət edilmiş ümumi borcu bir dəfəyə ödəməyə imkan vermir. Ailə və əmlak vəziyyətinə görə o həmin borcu hər ay 50 manat olmaqla hissə-hissə icra edə bilər. Məcburi köçkün olmağını, heç bir yerdə işləmədiyini, işsiz kimi qeydiyyatda olmağını, qətnamənin icrasını hərəkətsiz saxlamamağı barədə kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir. Həmin sənədlərlə tərəfindən həmin qətnamənin hər ay 50 manat ödəmə imkanının olması da tam sübut olunur. Lakin hesab edir ki, işə baxan məhkəmə həmin sübutları ərizəyə baxarkən araşdırmamış, düzgün hüquqi qiymət verməmiş, sübut kimi qəbul etməmiş, həmin sübutların üzərindən sükutla keçmiş, onun ailə və əmlak vəziyyətimi nəzərə almamış, ona münasibətdə qərəzli mövqedə olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulacağı kimi əsaslandırmaqla dolayısı ilə yalnız tələbkarın maraqlarını müdafiə etmişdir. Əlavə edir ki, işə baxan məhkəmə qərardadında yuxarıda qeyd etdiyi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, yalnız qətnamənin bu günədək hərəkətsiz saxlamağını əsas göstərməklə ərizənin təmin edilməməsi barədə qərardad qəbul etməklə səhv nəticəyə gəlmişdir. Bununla da işə baxan məhkəmə borclu kimi onun hüquqlarını-maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də həmin qərardaddan narazıdır. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 8(014)-185/2025 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Tələbkar şikayətə qarşı göndərdiyi yazılı etirazında şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 8(014)-185/2025 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də, kollegiya Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 8(014)- 185/2025 saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)- 1284/2024 saylı qətnaməsi ilə cavabdeh Borclu Rusiya istehsalı, gül formasında olan çəkisi 0,45 qr olan 583 əyarlı,qızıl koplekti (sırğa, üzük, sep, qolbaq və sep klonu) özü, qətnamə icra olunan vaxt mövcud olmasa dəyəri 3200 manat, 585 əyarılı Türkiyə istehsalı, 0,6 qr olan tək briliyant qaşlı üzüyün özü, qətnamə icra olunan vaxt mövcud olmasa dəyəri 900 manat və xalası tərəfindən iddiaçıya hədiyyə edilmiş 0,9 qr olan paxlava formasında 583 əyyarlı Rusiya istehsalı üzüyün özü, qətnamə icra olunan vaxt mövcud olmadıqda dəyəri 765 manat pul alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayarq qeyd edir ki, Borclu borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)- 1284/2024 saylı qətnaməsi qanuni qüvvəsini almasına baxmayaraq borclu tərəfindən tələbkara olan borcundan hər hansı bir ödənişin edilməsinə dair heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MPM-in 15.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Göründüyü kimi, qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə qərarların icrasının ciddiliyini və məcburiliyini kifayət qədər aydın şəkildə təsbit etmişdir. Eyni zamanda, qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının hissə-hissə icra edilməsi imkanını da nəzərdə tutmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi bunu tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirmişdir. Lakin borclu əmlak vəziyyətinin borcun tam və yaxud da qismən ödənilməsinə yetərli olmamasına dair birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman, həm də, tələbkarın əmlak mənafelərini nəzərdən qaçırmamalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, qətnamənin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə imkanın verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının hissə-hissə icra edilməsi müstəsna hal olaraq yalnız əlverişsiz hallarda tətbiq oluna bilər və bu halda da tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırki halda icra sənədinin borclunun təklif etdiyi şəkildə icra olunması açıq-aşkar tələbkarın mənafeyinə zidd olduğundan təmin oluna bilməz. Şikayətin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 8(014)-185/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-47/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-47/2025
05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver