Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-49/2021 30.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, X1nun iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(075)-1748/2018 nömrəli icra sənədi üzrə borcunun hissə-hissə hər ay 80 manat olmaqla ödənilməsinə dair 21 yanvar 2021-ci il tarixli ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(075)-53/2021 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar Adışirin oğluna olan borcunun tərəfindən ayda 80 manat olmaqla hissə-hissə ödəməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X1 ərizəni onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(075)-1748/2018 saylı icra sənədinə əsasən ondan 37000 manat borc və 22 manat dövlət rüsumu alınaraq Tələbkar Adışirin oğluna ödənilməlidir. Keçən müddət ərzində borcundan 600 manat ödəniş etmişdir. Maddi imkanı yaxşı olmadığından borcunu birdəfəyə ödəyə bilmir. Adına avtomobil, hər hansı bir daşınmaz əmlak, banklarda pul vəsati və digər qiymətli əşyaları yoxdur. Heç bir yerdə işləmədiyini nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. 18 fevral 2021-ci il tarixdə ərizəyə baxılaraq X1nun Şəki Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(075)-1748/2018 saylı icra sənədi üzrə borcunun hissə-hissə hər ay 80 manat olmaqla ödənilməsinə dair 21 yanvar 2021-ci il tarixli ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmışdır. Həmin qərardaddan X1nun şikayəti 09 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizəyə 23 aprel 2021-ci il tarixdə baxılaraq X1nun Şəki Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(075)-1748/2018 saylı icra sənədi üzrə borcunun hissə-hissə hər ay 80 manat olmaqla ödənilməsinə dair 21 yanvar 2021-ci il tarixli ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X1nun şikayəti 17 may 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuş, lakin şikayət ərizəsi X1 tərəfindən imzalanmadığından həmin tarixdə Şəki Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 8(075)-53/2021 saylı qərardadından X1nun verdiyi şikayətin geri qaytarılması haqqında qərardad qəbul edilmiş, qərardadının surəti borcluya göndərilmişdir. 03 iyun 2021-ci il tarixdə X1nun Şəki Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 8(075)-53/2021 saylı qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Şikayətə 03 iyun 2021-ci il tarixdə baxılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X1 ərizə ilə məhkəməyə müraciət edərək onun Tələbkar Adışirin oğluna olan 37000 manat borc və 22 manat dövlət rüsumunun qalıq hissəsinin tərəfindən ayda 80 manat olmaqla hissə-hissə ödəmələrinə dair qərar çıxarılmasını xahiş etsə də, mövcud borclarla müqayisədə təklif edilən həmin ödəniş məbləği ağlabatan deyildir. Həmçinin məhkəmə tərəfindən verilmiş icra sənədinin icra müddətinin 2 ay olmasına baxmayaraq, borclunun Tələbkar Adışirin oğluna olan borcunun hər ay 80 manat olmaqla 38 ildən artıq bir müddət ərzində ödənilməsi öz əksini tapır ki, məhkəmə bunu da əsaslı hesab etmir. Bundan başqa X2 borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə, eləcə də icra sənədinin icrası üzrə icra tədbirlərinin yekunlaşdırılıb-yekunlaşdırılmaması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(075)-53/2021 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 8(075)-53/2021 saylı şikayətin geri qaytarılması barədə qərardadının ləğv edilməsi və Şəki Rayon Məhkəməsinin 23 aprel 2021ci il tarixli, 8(075)-53/2021 nömrəli qərardadından X1nun verdiyi şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Tələbkar Adışirin oğlu məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(075)-53/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(075)-53/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(075)-53/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-49/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-49/2021
30.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver