Məhkəmə qərarları › İş №8(107)-5/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-5/2022

14.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-5/2022 14.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 8(035)-50/2021 saylı qərardadından ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İlkin İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın onun himayəsinə verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 20.08.2016-cı il tarixli nikahın onlara vaxt verilmədən pozulması və azyaşlı övladları - 08.06.2017-ci il təvəllüdlü X1 özünün himayəsində qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh nümayəndəsi - vəkil X4 vasitəsi ilə məhkəməyə nikahın ləğvi və uşağın himayəsinin müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim etmiş və qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh həmçinin məhkəməyə vəsatət təqdim edərək Azərbaycan Respublikası MPM-nin 157-158-ci maddələrini rəhbər tutaraq, məhkəmə işi yekunlaşıb, məhkəmə qərarı qanuni qüvvə alana kimi 08.06.2017-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri anası Xəlilli (Faxrəddinli) Aybəniz Elçin qızının iştirakı olmadan ünsiyyət hüququnun müəyyən edilməsinə dair qərardad qəbul edib dərhal icra olunması üçün aidiyyatı üzrə Zərdab Rayon İcra Şöbəsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 8(035)-50/2021 saylı qərardadına əsasən mülki işə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılana qədər qarşılıqlı iddiaçı Cavabdeh azyaşlı övladı – 08.06.2017-ci il təvəllüdlü X2 ilə (ananın iştirakı olmadan) hər ayın 1-ci və 3-cü şənbə günü saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olması barədə qərardad qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 8(035)-50/2021 saylı qərardadından ilkin iddia üzrə İddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından anadan olmuş X3 08 iyul 2017-ci il təvəllüdlü olmaqla çox kiçik olduğundan atası ilə ünsiyyətinin müəyyən edildiyi 8 saat ərzində ananın iştirakı olmadan görüşə bilməz. Uşaq üçün bu müddətdə yemək hazırlanmalı, bir-neçə dəfə qidalandırılmalı, paltarları dəyişdirilməli, günün adət etdiyi saatlarında yatırılmalıdır. Birgə nikah dövründə yaşadıqları zaman atanın bu işləri bacarmadığının şahidi olmuş, uşağın səhhəti üçün təhlükə yaranacağına onda əminlik vardır. Uşaq ona daha çox bağlıdır. Məhkəmə ünsiyyət barədə hazırki qərardadı çıxararkən göstərdiyi mühüm halları nəzərə almamışdır. Bundan başqa onda olan məlumatlara görə ata onun iddiasına məhkəmədə baxılması başa çatanadək uşağı onun iştirakı olmadan ünsiyyət hüququndan istifadə edərək aparıb qaytarmamaq niyyətindədir. O, bu yolla sonradan uşağın onun himayəsində saxlanması barədə məhkəmə qətnaməsi olarsa icrasına mane olmaq məqsədini güdür. Ona görə də o, məhkəmə kollegiyasından Zərdab Rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri barədə 28 dekabr 2021-ci il tarixli 8(035)-50/2021 saylı qərardadını ləğv edərək atanın uşaqla hər ayın 1-ci və 3-cü şənbə günləri saat 10-dan 12-dək ananın iştirakı ilə görüşüb ünsiyyətdə olmasının təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərardadına əsasən iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 8(035)- 50/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunun mənasına görə iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarının 2-ci bəndində məhkəmələrə nəzərə аlmаq tövsiyə edilmişdir ki, qаnunvericilik uşаqlаrlа ünsiyyət hüququnun birbаşа məhkəmə müdаfiəsi qаydаsı yаlnız аyrı yаşаyаn vаlideynlərə аid etmişdir. Məhkəmələr uşаqlа ünsiyyətdə olmа vаxtını müəyyən edərkən işin bütün hаllаrını, o cümlədən аilədə neçə uşаğın olmаsını, onlаrın yаşını, bаğçаyа, yаxud məktəbə gedib-getməməsini, səhhətini, hаnsı vаlideynə dаhа çox bаğlılığını, onun mənəvi, psixi və fiziki inkişаfınа təsir edən аmilləri nəzərə аlmаlıdır. Tərəflərin qаrşılıqlı münаsibətləri, işin fаktiki hаllаrı nəzərə аlınmаqlа məhkəmənin qətnаməsində uşаqlа görüşün (ünsiyyətin) yeri, vаxtı, hаnsı şərаitdə keçirilməsi, eyni zаmаndа görüşdə iştirаk edən şəxslərin dаirəsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.5.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək barədə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsaən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Həmin Məcəllənin 160.2-ci-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında qərardad icra edilməsi üçün aidiyyəti orqanlara göndərilir və ya həmin qərardad əsasında icra vərəqəsi verilir. Qərardad və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqana təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Birgə nikahdan anadan olmuş 08 iyun 2017-ci il təvəllüdlü X2 azyaşlıdır. Mülki işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək və qətnamə qanuni qüvvəsini alanadək qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh uşaqla ünsiyyətdə ola bilməməsi, uşağın gələcəkdə atasının ünsiyyətinə və mənəvi bağlarına zərər vura bilər. Odur ki, kollegiya şikayətin dəlillərinin formal mülahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mülki iş üzrə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 8(035)-50/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 8(035)-50/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar