Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-50/2021 05.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(016)-23/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Borclu şikayət ilə məhkəməyə müraciət edərək Ağsu Rayon İcra və Probasiya şöbəsinin 05.02.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 8(016)-23/2021 nömrəli qərardadı ilə Ağsu Rayon İcra və Probasiya Şöbəsinin 05.02.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından Borclu tərəfindən verilmiş şikayətin rədd edilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək qərardadın və Ədliyyə Nazirliyi Ağsu Rayon İcra və Probasiya Şöbəsinin 05 fevral 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X3 cavabdehlər Borclu, X1 və Məmmədova (Xəlilova) Gülnar Məmmədağa qızına qarşı 23.650 manat məbləğində pulun, 3.000 manat maddi zərərin, 7.000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavadehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini xahiş edilmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)- 743/2019 nömrəli, 27.11.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Borclu 23.650 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumunun tutularaq X2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra, borclu həmin qətnamədən kassasiya şikayəti vermişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5196/2020 nömrəli, 03 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Hal-hazırda onun tərəfindən Ali Məhkəmənin qərarından əlavə kassasiya şikayəti verilmişdir. Bu səbəbdən, işə əlavə kassasiya qaydasında baxılanadək icra hərəkətləri dayandırılmalıdır. Odur ki, o, Ağsu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(016)-23/2021 saylı qərardadının ləğv edilməsini və Ədliyyə Nazirliyi Ağsu rayon İcra və Probasiya Şöbəsinin 05 fevral 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş edir. Ağsu Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 8(016)-23/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı X3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Borclu heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(016)-23/2021 saylı qərardadı ləğv edilməli, Borclu Ağsu Rayon İcra və Probasiya şöbəsinin 05.02.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından vermiş olduğu şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayət qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi “İcra haqqında” Qanunun icraatın dayandırılması barədə 17-19 və 21-ci maddələrini tətbiq etməli olsa da, həmin Qanunun 20-ci maddəsində olan icraata xitam verilməsi haqqında maddi hüquq normalarını tətbiq edərək mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. “İcra haqqında” Qanunun 17-ci maddəsinə əsasən; 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Məhkəmə kollegiyası şikayətin digər dəlillərinə qiymət verərək hesab edir ki, şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslı olsa da, Ədliyyə Nazirliyi Ağsu rayon İcra və Probasiya Şöbəsinin 05 fevral 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə məhkəmə aktı qəbul edilməsi hissəsində əsaslı deyildir. Belə ki, borclu tərəfindən əlavə kassasiya şikayətinin verilməsi icraatın dayandırılması üçün əsas deyildir. Belə ki, “İcra haqqında” Qanunun 17-ci maddəsində icraatın dayandırıldığı hallarda icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş əlavə kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduğu halda icraatın dayandırmağı ilə bağlı bənd yoxdur. Bundan əlavə borclu əlavə kassasiya şikayəti verdiyini bildirsə də, əlavə kassasiya şikayətini iş materiallarına əlavə etməmiş, bu barədə sübut təqdim etməmişdir. Bu səbəblə də, şikayətin dəlilləri Ədliyyə Nazirliyi Ağsu rayon İcra və Probasiya Şöbəsinin 05 fevral 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə məhkəmə aktı qəbul edilməsi hissəsində əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinəəsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(016)-23/2021 saylı qərardadı ləğv edilməlidir. Yeni qərardad qəbul edilməklə şikayət rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayət qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(016)-23/2021 saylı qərardadı ləğv edilməlidir. Borclu Ağsu Rayon İcra və Probasiya şöbəsinin 05.02.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından vermiş olduğu şikayət təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(016)-23/2021 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Borclu Ağsu Rayon İcra və Probasiya şöbəsinin 05.02.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından vermiş olduğu şikayət təmin edilməsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-50/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-50/2021
05.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver