Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-50/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə dair iş üzrə (Açar sözlər: Qərarın ləğv edilməsi, icra tədbirlərinin davam etdirilməsi) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 8(046)-85/2024 nömrəli qərardadından X2 verdiyi şikayətə, Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat X4 Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-780/2023 saylı qətnaməsi ilə ona qaytarılmalı olan cehiz əşyalarının əvəzində həmin əşyaların dəyərini, ümumi məbləği 4310 manat pulun cavabdeh (borclu) Borclu tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-780/2023 saylı qətnaməsi ilə onun cavabdeh Borclu qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilmiş və həmin işdən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edir ki, iş üzrə məhkəmə prosesi zamanı cavabdeh ilkin olaraq israrla bildirmişdir ki, guya onun cehiz əşyaları cavabdehin evində yoxdur və həmin əşyaları avtomaşınla ondan ayrılandan bir neçə il sonra cehiz əşyaları ona göndərilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün icra vərəqəsi verilmiş və icra işi Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə, borclu və icra şöbəsinin icra məmurlarının iştirakı ilə ona məxsus bəzi cehiz əşyaları siyahı üzrə ona təhvil verilmişdir. O, həmin əşyaları siyahı ilə qəbul etmişdir. Həmin vaxtı onun əşyalarının bəziləri borclunun evindən çıxmışdır. Digər əşyaları, yəni - 2000 manat məbləğində Stenka mebel, 2 ədəd şifoner 2 ədəd servant, 800 manat dəyərində 1 ədəd bazalı divan, 600 manat dəyərində 1 ədəd 2 nəfərlik taxt, 500 manat dəyərində paltaryuyan maşın, 200 manat dəyərində 1 ədəd güzgü termo, 150 manat dəyərində 1 ədəd iki nəfərlik taxt üçün yorğan, 60 manat dəyərində 3 ədəd 20x3 ölçüdə yastıq, 200 manat dəyərində 1 ədəd lüstr (çilçıraq) cavabdeh (borclu) onun əşyalarını ona təqdim etməmişdir. İcra zamanı borclu onun əşyalarının əvəzi olaraq və onun əşyaları kimi əşyaları ona təqdim etmiş, lakin ona təqdim edilən əşyalar onun cehiz əşyaları deyildir. Borclunun təqdim etdiyi əşyalar tamamilə istismara yararsız və bərpa edilməsi mümkün olmayan əşyalar olduğundan, o həmin əşyaları qəbul etməkdən imtina etmiş və bildirmişdir ki, ya onun əşyalarını təqdim edilməli, ya da onun əşyalarının dəyəri ödənilməlidir. İcra işindən sonra akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, ona məxsus bəzi əşyalar onun tərəfindən qəbul edilsə də, lakin yuxarıda adları göstərilən əşyalar ona məxsus olmadığı üçün qəbul edilməmişdir. Buna baxmayaraq , Göyçay rayon İcra və Probasiya Şöbəsi xx.xx.2024-cü il tarixli, 1/37-189619/23-61-10 saylı məktubla ona müraciət edərək ona məxsus olmayan və istismara tamamilə yararsız əşyaları qəbul edilməsi ondan tələb edilmişdir. Həmçinin icra şöbəsi ona hədə-qorxu gələrək bildirir ki, guya onu icra işinə maneçilik törətməməyi və müdaxilə etməməyi tələb edilmiş, əks təqdirdə onu Azərbaycan Respublikası Qanunvericiliyi ilə məsuliyyətə cəlb edəcəklərini və icra işini məcburi icra edəcəklərini bildirmişlər. Eyni zamanda qeyd edir ki, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2023cü il tarixli, 2(046)-780/2023 nömrəli icra sənədini Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. Göyçay Rayon Məhkəmənin qətnaməsində göstərilən və ona məxsus cehiz əşyalarını istədiyi hal da, icra şöbəsinin rəisi İlqar Abdurahmanov ona hədə qorxu gəlmişdir. Ona təqdim edilən cehiz əşyaları əvvəla ona məxsus deyil, ona təqdim edilmiş əşyalar istismara tam yararsızdır. Həmçinin o öz əşyalarını tanıyır. Ona görə hesab edir ki, cavabdeh ona məxsus əşyalarını naturada ona qaytarmadığı üçün, həmin əşyaların müəyyən edilmiş dəyəri ona qaytarılmalıdır. Buna görə də şikayətinin təmin edilməsini və Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Göyçay Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 8(046)-85/2024 nömrəli qərardadı ilə, şikayətçi (tələbkar) X6 Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməsi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən 21 iyun 2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qəbul edilmiş qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 8(046)-85/2024 nömrəli qərardadının ləğv edilməsi, Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli Qərarının ləğv edilməsi və icra işinin davam etdirilməsi, onun cehiz əşyalarının və ya məhkəmə qətnaməsi ilə müəyyən edilmiş dəyərinin alınıb qaytarılması vəzifəsinin İcra Şöbəsinə həvalə edilməsi barədə Qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 8(046)-85/2024 nömrəli qərardadı ilə, şikayətçi X9 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1, 23.1.4, 23.1.5, 23.2, 70.1, 70.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayətin dəlilləri icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarından verilən şikayətin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, icra işi ilə əlaqədar onun şikayətinə baxan məhkəmə işə obyektiv baxmamış və İcra və Probasiya Şöbəsinin təqdimatını təmin etməklə səhfə yol vermişdir. Məhkəmə onun mülkiyyət hüquqlarını kobud pozmuşdur. İş üzrə Məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, “Cehiz əşyalarının tələbi üzrə iş 2(046)-780/2023 saylı xx.xx.2023-ci il tarixdə Göyçay rayon Məhkəməsində baxılarkan, cavabdeh Borclu məhkəmədə bildirmişdir ki, onunla Rəşad arasında nikah münasibətləri pozulduqdan sonra güya o, Cehiz əşyalarını gəlib aparmışdır və Rəşadın yaşadığı evdə heç bir cehiz əşyaları yoxdur.” Sonradan məhkəmə Qətnaməsi xx.xx.2023-cü ildə İcraya verilmiş və uzun müddət Rəşad onun cehiz əşyalarını ona qaytaramaqdan imtina etmiş və bu barədə İcra Məmuru bir neçə dəfə icra işi üzrə vaxt təyin etmiş, lakin borclu hər dəfə icra işinə mane olmuş və onun cehiz əçşyalarını könüllü qaytaramaqdan imtina etmişdir. İcra işi xx.xx.2024-cü ilə kimi İcra Məmuru bir neçə dəfə işin icrası üçün vaxt təyin etmiş və hər dəfə borclu işra işinin icrasına maneə olmuş və müxtəlif bəhanələr gətirərək cehiz əşyalarının qaytaraılmasından dolayı imtina etmişdir. Lakin sonuncu dəfə 2024-cü ilin may ayında məhkəmə qətnaməsinin icrası ilə əlaqədar borclu Rəşad onun bəzi cehiz əşyalarını bir yerə toplayaraq qayatrmışdır. O zaman o, özünə məxsus əşyaları görüb tanımış və qəbul edərək apsa da, digər əşyalar ona məxsus olmadığı üçün qəbul etməmişdir. Borclu onun bəzi qiymətli əşyalarının bir hissəsinin əvəzinə ordan-burdan köhnə-külə əşyalar gətirərək ona təklif etmiş, lakin o, öz əşyalarını tanıdığı üçün onları qəbul etməkdən imtina emişdir. Eyni zamanda qeyd edir ki, onunla borclu (cavabdeh) arasında nikah pozulanda onun cehiz əşyaları təzə olmuş və demək olar ki, istifadə edilməmişdir. Sonradan eşitdiyinə görə borclu həmi əşyalarının bir hissəsin satmış və Banka olan borcunu ödəmişdir. “Cehiz əşyalarının tələbi üzrə iş 2 (046)-780/2023 saylı xx.xx.2023-ci il tarixdə Göyçay rayon Məhkəməsində baxılarkan, cavabdeh Borclu məhkəmədə bildirmişdir ki, onunla Rəşad arasında nikah münasibətləri pozulduqdan sonra güya o, Cehiz əşyalarını gəlib aparmışdır və Rəşadın yaşadığı evdə heç bir cehiz əşyaları yoxdur.” Məhkəmə iş üzrə Qərardad qəbul edərkən göstərilən halı nəzərə almamışdır. Onun cehiz əşyalarının bəzilərinin borclunun evində olmadığı halda, sonradan həmin əşyalar haradan tapılmış və qeyd olunduğu kimi yararasız hala düşmüşdür. Əgər onun cehiz əşyaları həmin evdə yerləşmişdirsə, o zaman borclu hansı əsasla, məhkəmə prosesində “cehiz əşyaları evdə yoxdur demişdir.” Məhkəmə bu halları aydınlaşdırmamışdır. O, yalnız öz cehiz əşyalarını istəmişdir. Lakin ona məxsus əşyalar olmadığı üçün o, məcburiyyət üzündən çatışmayan əşyalarının əvəzini pul ilə ödənilməsini tələb etmişdir. Məhkəmə Qərardadda göstərmişdir ki, güya borclu tərəfindən ona təqdim etdiyi cehiz əşyaların ona aid olub olmamasını sübut etməmişdir. Bu tamamilə əsasızdır. Belə ki, mülki iş üzrə məhkəmə qətnaməsi qəbul edilərkən, o, birgə yaşadıqları müddətdə evdə çəkilmiş fotoşəkili məhkəməyə təqdim etmişdir. Həmin foto şəkildə ona məxsus mebelin əksi göstərilmişdir. Eyni zamanda məhkəmə qərardadda göstərir ki, güya o, cehiz əşyalarının qaytarılması marağında deyildir, borcludan həmin əşyaların dəyərini almaq niyətindədir. Bu da tamamilə əsassızdır. Belə ki, o, öz çehiz əşyalarını az müddətdə, yəni təxminən altı ay müddətində istifadə etmiş və o zaman göstərilən mebellərini onun valideynləri tərəfindən çox baha alınmış mebellər olmuşdur. Həmin mübellər nə qədər köhnəlsə də, yenə də öz görnüşünü və keyfiyyətini saxlamışdır. Lakin borclu onun mebellərini ya gizlətmiş, ya da başqa şəxslrə satmışdır. Onda olan məlumata əsasən borclu onun mebellərini başqa şəxslərə satmış və əldə etdiyi vəsait əsasında sınıq-salxaq mebelləri alıb bir yerə toplamışdır ki, İcra Şöbəsinin əməkdaşı gələndə formal olaraq həmin əşyaları göstərsin. İcra Məmuru da borclu ilə həmrəy olmuşdur. Eyni zamanda bildirir ki, onda olan məlumata əsasən borclu məhkəmə prosesində iştirak etməmişdir. Lakin məhkəmənin qərardadında, güya onu iştirak etdiyi göstərilmişdir. Bu qanunun kobud pozuntusu hesab edilir. İcra işi üzrə məhkəmənin qəbul etdiyi qərardad mülki iş üzrə məhkəmənin qətnaməsinə və İcra Vərəqəsinə uyğun deyildir. Belə ki, borclunun təqdim etdiyi cehiz əşyaların yararlılıq səviyyəsini müəyyən etmək üçün ekspertiza keçirməmişdir. Halbu ki, onun cehiz əşyalarının hamısı təzə olmuşdur. Bəzi əşyaları yeşiklərdə qalmışdır. Çünki o zaman onlar həmin evdə Bakı şəhərinə köçməyi planlaşdırırdılar. (işlə əlaqədar). Odur ki, Göyçay rayon Məhkəməsinin 8 (046)-85/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadının ləğv edilməsi, Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli Qərarının ləğv edilməsi və icra işinin davam etdirilməsi, onun cehiz əşyalarının və ya məhkəmə qətnaməsi ilə müəyyən edilmiş dəyərinin alınıb qaytarılması vəzifəsinin İcra Şöbəsinə həvalə edilməsi barədə Qərardad qəbul edilməsini xahiş edir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası; Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarı: Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Homşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarı: Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 8(046)-85/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını zəruri hesab edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi ilə bağlı qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsinə dair gəldiyi nəticəni X9 tərəfindən ərizəsində göstərdiyi əşyaların ona aid olan əşyalar olmaması, haradansa əldə edilmiş əşyalar olmasına dair icra məmuruna heç bir mötəbər sübut təqdim etməməsi, öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına maneçilik yaratması, tələbkarın hərəkətlərinin icra sənədi üzrə müəyyən edilmiş cehiz əşyalarının qaytarılması marağında olmaması, borcludan həmin əşyaların dəyərinin alınması niyyətində olduğuna dəlalət etməsi, əşyanın 22 il ərzində yararsız hala düşməsi, yundan olan yataq əşyalarından qoxunun gəlməsinin ağlabatan olması, əşyaların işlək vəziyyətdə qalması üçün mütəmadi baxımın borclunun vəzifəsi olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əşyanın 22 il ərzində yarasız hala düşməsi, yundan olan yataq əşyalarından qoxunun gəlməsinin ağlabatan olması, əşyaların işlək vəziyyətdə qalması üçün mütəmadi baxımın borclunun vəzifəsi olmamasına dair mövqeyi ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsinə dair gəldiyi nəticə və həmin nəticəyə gəlməsi üçün X9 tərəfindən ərizəsində göstərdiyi əşyaların ona aid olan əşyalar olmaması, haradansa əldə edilmiş əşyalar olmasına dair icra məmuruna heç bir mötəbər sübut təqdim etməməsi, öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına maneçilik yaratması, tələbkarın hərəkətlərinin icra sənədi üzrə müəyyən edilmiş cehiz əşyalarının qaytarılması marağında olmaması, borcludan həmin əşyaların dəyərinin alınması niyyətində olduğuna dəlalət etməsi kimi apardığı əsaslandırma MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, cehiz, qızıl-zinət əşyalarına dair iddia tələblərinə baxılarkən məhkəmələrin mübahisə tərəflərindən həmin əşyaların mövcudluğuna dair sənədləri, fotoşəkilləri, videoçəkilişləri tələb etmələri, yaxud da həmin sənədlərin, fotoşəkillərin, videoçəkilişlərin iddia edən şəxs tərəfindən iddia ərizələrinə əlavə edilməsi işin mübahisəsiz halıdır. Hansı ki, şikayətçi (tələbkar) X9 şikayət ərizəsinə müəyyən fotoşəkillər əlavə etmişdir. O, həmçinin şikayətində iş üzrə məhkəmə qətnaməsi qəbul edilərkən buna dair fotoşəkilləri birinci instansiya məhkəməsinə təqdim etdiyini göstərmişdir. İşə baxan birinci instansiya məhkəməsinin də icra sənədinin verilməsinə əsas olmuş və həmin məhkəmədə olan 2(046)-780/2023 nömrəli mülki işdən mübahisəli əmlaka dair həmin işə nə kimi fotoşəkillərin, videoçəkilişin əlavə edilib-edilməməsini dəqiqləşdirmək, icra məmurunun tələbkara təhvil vermək niyyətində olduğu əşyalara dair videoçəkişi və yaxud fotoşəkilləri icra məmurundan tələb etməklə onların mübahisəli əmlaka dair mülki işdəki görüntülərlə eynilik təşkil edib-etməməsini aydınlaşdırmaq imkanı olduğu halda buna əməl etməyərək, tələbkardan icra sənədində göstərilən əmlakın ona məxsus olmamasına dair sübutlar tələb etmişdir. Halbuki şikayətçi (tələbkar) X9 ona məxsus əyaların cavabdehin qanunsuz sahibliyində qalmasını mübahisəyə mahiyyəti üzrə baxılarkən sübuta yetirmişdir. İcra məmurunun və icra məmurunun qəbul etdiyi qərar üzrə hazırkı mübahisəyə baxan məhkəmənin isə vəzifəsi olmuşdur ki, iddiaçının özünə aid olmasını sübuta yetirdiyi əşyalarla hazırda borclunun tələbkara təklif etdiyi əşyaların eyniləşdirməsini həyata keçirtsin. Şərh edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 8(046)-85/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 8(046)-85/2024 nömrəli qərardadı ləğv edilməli, X2 Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair ərizəsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi (tələbkar) X9 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 8(046)-85/2024 qərardadı ləğv edilsin. X2 Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair ərizəsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-50/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-50/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver