Məhkəmə qərarları › İş №8(107)-51/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-51/2021

12.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-51/2021 12.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, X3nun iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-250/2013 nömrəli icra sənədi üzrə borcunun hissə-hissə, hər ay 300 manat olmaqla ödənilməsinə dair 23 aprel 2021-ci il tarixli ərizəsinin təmin edilməməsinə dair Göyçay Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 8(046)-14/2021 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X1 məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(046)-250/2013 saylı 29.04.2013-cü il tarixli qətnaməsi üzrə ödənilməmiş 10200 manat borcun hər ay hissə-hissə, yəni 300 manat məbləğində icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsində tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 250/2013 saylı 13.03.2019-ci il tarixli qətnaməsinə əsasən ümumilikdə 21000 manat məbləğində pul X2nun xeyrinə ödəməsi qət edilmişdir. Qətnaməyə əsasən tutulmalı olan məbləğin birdəfəlik tam icra etməsi mümkün deyil. Borclu olduğu puldan 10800 manat iddiaçının xeyrinə ödəniş etmişdir. Maddi vəziyyəti əlverişsiz olduğu nəzərə alınaraq qətnamə üzrə X2na ödəməli olduğu pulun hissə-hissə, yəni hər ay 300 manat məbləğində ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 8(046)-14/2021 saylı 03 may 2021-ci il tarixli qərardadı ilə X3nun borcun hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan X3nun şikayəti 31 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göyçay Rayon Məhkəməsinin 8(046)-14/2021 saylı 2 iyun 2021-ci il tarixli qərardadı ilə X4 Göyçay Rayon Məhkəməsinin 8(046)-14/2021 saylı 03 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməmış və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. X2 məhkəmə kollegiyasına ərizə göndərərək X3nun ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Onun ərizəsinə əlavə etdiyi X3nun 08.06.2021-ci il tarixli izahatında sonuncunun borclu olduğu 9702 manat pulu 30.06.2021-ci il tarixə kimi X2na ödəyəcəyinə söz verməsi göstərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 8(046)-14/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 8(046)-14/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X3 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 8(046)-14/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Əsədli Mahir Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar